sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər

Bu gün, 09:08 3 dəfə baxılıb

Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər


Toy mövsümünün başlamasına artıq sayılı günlər qalıb. Məhərrəm ayının başa çatmasının ardından hazırda davam edən Səfər ayı da avqustun 13-14-də yekunlaşacaq. Bununla da ənənəvi olaraq toy və digər şənliklərin keçirilməsi üçün münasib hesab olunan dövr başlayacaq. Hər il olduğu kimi, bu il də avqustun ikinci yarısından etibarən şadlıq saraylarında hərəkətliliyin artacağı, rezervasiyaların sürətlənəcəyi gözlənilir. Toy hazırlıqlarının əsas xərc maddələrindən biri olan şadlıq saraylarının menyu qiymətləri isə bu il də vətəndaşların diqqətindədir.
Bəs yeni toy mövsümü üçün sifarişlər hansı səviyyədədir? Şadlıq saraylarında qiymətlər ötən illə müqayisədə dəyişibmi? Menyuların qiymətində artım və ya azalma gözlənilirmi? Toy keçirənlər bu il hansı xərclərlə qarşılaşacaq?

Məsələ ilə bağlı Bakıda fəaliyyət göstərən şadlıq evlərinin adambaşına düşən menyu qiymətləri ilə maraqlandıq. Araşdırma zamanı məlum oldu ki, ötən illə müqayisədə bəzi şadlıq saraylarında menyu qiymətləri artırılıb, bəzilərində isə qiymətlər əvvəlki səviyyədə saxlanılıb. Məsələn, məşhur “Bağçalı Saray” şadlıq evində ötən il menyu qiymətləri 200 manatdan başlayırdısa, bu il qiymətlər 230 manatdan başlayır və 300 manatadək davam edir.
“Böyük Saray” şadlıq evində qiymətlər ötən illə müqayisədə dəyişməyib və 250-400 manat arasında təklif olunur. “Elit Events Hall”da menyu qiymətləri 220-300 manat, “Ay işığı” şadlıq evində 100-200 manat arasında dəyişir.

“Altun Saray”da isə ötən il olduğu kimi, qiymətlər 70-100 manat arasında saxlanılıb. "Simfoniya Hall”da isə adambaşına menyu qiymətləri 45-60 manat təşkil edir.
Tanınmış iş adamı, “Xəmsə” holdinqin sahibi Mürvət Həsənli Musavat.com-a açıqlamasında hələlik menyu qiymətlərində stabillik hökm sürdüyünü deyib: "Ötən illərlə müqayisədə ümumiyyətlə toy sifarişləri azalıb, bu, təbiidir. Qiymətlər bazarlarda qalxmağına baxmayaraq, şadlıq evlərində qiymətlərdə heç bir fərqlənmə yoxdur, yəni qiymətlər qalxmayıb. Ümumiyyətlə, bazarda daha çox görünən budur ki, adətən toy ayları payız ayları olur. Oktyabr və noyabr əsas aylardır. Bu aylarda toyların bolluğu müşahidə olunur. Sentyabrda da toylar çox olur. Avqust ayının sonlarında isə toyların sayı nisbətən artır, amma avqust ayında ümumilikdə o qədər də toy bolluğu yoxdur. Bir sözlə qiymətlər stabildir, heç bir dəyişiklik yoxdur. “Xəmsə”də hazırda qiymətlər 60 manatdan 120 manata qədərdir".

İqtisadçı Natiq Cəfərli bildirib ki, toy menyularının qiymətində artma gözləniləndir:

"Əlbəttə ki, əgər ölkədə ərzaq inflyasiyası 7 faizdirsə və ərzaq qiymətlərinin artımı müşahidə olunursa, toy menyularının qiyməti də artacaq. Yəni məntiqli olan tərəfi budur. Çünki ola bilməz ki, ərzaq qiymətləri yüksəlsin, inflyasiya artsın, amma menyu qiymətləri artmasın. Ona görə də çox güman ki, bu sahədə də müəyyən qiymət artımını təəssüf ki, müşahidə edə bilərik. Amma məsələnin digər tərəfi də ondan ibarətdir ki, bizdə toyların sayı kəskin azalıb, evlənənlərin sayı azalıb, statistika bunu göstərir. Yəni bu o deməkdir ki, toy edənlərin sayı azalanda şadlıq sarayları da bundan əziyyət çəkirlər".
Onun sözlərinə görə, həm toy edənlərin sayı azalırsa və onlar da toyun qiymətlərini kəskin artıracaqlarsa, o zaman özləri də ziyan görəcəklər: "Ona görə də burada tələb və təklif qaydaları bir az fərqli işləməyə başlayacaq. Düşünürəm ki, qiymətlərin artması qaçılmazdır, qiymətlər artacaq. Amma toy edənlərin sayının azalması, bu sahədə rəqabətin olması, yəni ölkədə, Bakıda yüzlərlə şadlıq sarayının olması qiymətlərin həddindən artıq artmasının qarşısını alacaq. Amma menyularda dəyişiklik oluna bilər, menyularda verilən yeməklərin sayı azala bilər, keyfiyyəti azala bilər. Nəticə etibarilə də bununla qiymət artımının qarşısını ala bilərlər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO