Prezident İlham Əliyevin 15 sentyabr 2026-cı ildə keçirilən beynəlxalq tədbirin rəhbər heyəti ilə görüşündə Avropa Parlamentinin fəaliyyətini kəskin tənqid etməsi və qurumu “korrupsiya yuvası” adlandırması ölkə başçısının siyasi manifesti adlandırıla bilər.
Belə sərt və açıq ittihamın tarixi əsasları var. 1990-cı illərdən sonra soyuq müharibənin qalibi olan Qərbin Sovetlər birliyinə qarşı sənədlərdə demokratiya və hüquqi idealları reallıqda işğala məruz qalan bir Qafqaz ölkəsinin siyasi xəritədən silinməsinə yönələn deklarasiyalara çevrilmişdi.
O dövrün tarixini bir daha vərəqlədikdə, nəinki Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyi, o cümlədən, ABŞ dövlət katibi Ceyms Beyker və Avropa dövlətlərinin hökumət-parlament rəhbərləri açıq şəkildə azərbaycanlıları ermənilərə qarşı təcavüzdə ittiham edirdilər. Ona görə də İlham Əliyev müsahibələrinin birində regiona gələn beynəlxalq missiyaların ölkəmizin zəngin resurslarını ələ keçirmək üçün apardıqları çirkin kampaniyaları öz adı ilə çağırmışdı. Donald Trampın ikinci hakimiyyətinin başlanğıcında ləğv etdiyi USAİD-in ifşa olunan əməlləri uzun on illər rəsmi Bakının dilindən səslənən ittihamları təsdiqlədi.
Əliyev “bir vaxtlar sadəlövhcəsinə onlara inanmışıq” demişdi. Ona görə də Qarabağ Qələbəsini əleyhimizə çıxarılan yüzlərlə qərar, qətnamə və aktların, on minlərlə debat, dinləmə və çıxışların, yüz minlərlə məqalə, şərh, intervyuların da məğlubiyyətə uğraması kimi dəyərləndirmək olar. İşğalı legitimləşdirmək üçün silahlı qüvvələrin təcavüzünə dəstək verən bütün qüvvələrin qurduqları Ohanyan xətləri siyasətdə, diplomatiyada və informasiya məkanında da iflasa uğradı.
Prezidentin çıxışında Türk dünyasının, Qafqazın və İslam aləminin xarici təzyiqlər qarşısında daha sıx siyasi və mənəvi həmrəyliyə ehtiyacı olduğunu vurğulaması imperiya maraqlarından çıxış edən mərkəzlərə qarşı çağırışdır.
Azərbaycan liderinin Avropa Parlamentinə - 27 üzv dövlətdən formalaşan 720 deputatdan ibarət təşkilata qarşı sərt çıxışı təkcə sabiq vitse-prezident Eva Kaylinin ifşa olunduğu Qatargate-lə əməliyyatına görə deyil. Qarabağın 30 ilə yaxın işğalda qaldığı dövrdə Avropa institutlarının Ermənistana qarşı eyni siyasi təzyiq və sanksiya mexanizmlərini tətbiq etmədiyi, 2023-cü ilin sentyabrında bütün ərazilərimiz üzərində suverenliyimiz bərpa edildikdən bir neçə ay sonra AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatının bloklanması və ardıcıl qərarlar Qələbəmizə qarşı əks-hücum aktları idi. Prezidentin 2026-cı ilin mayında Avropa Siyasi Birliyinin Zirvə toplantısındakı ittihamı- Parlamentin 2021-ci ilin mayından 30 aprel 2026-cı ilədək Azərbaycanla bağlı 14 qətnamə qəbul etməsi sistemli təzyiq siyasətinin sübutudur.
Son beş ildə demokratiyanın və təhlükəsizliyin keşiyində dayandıqlarını Ukraynaya misilsiz yardım göstərməklə nümayiş etdirən dövlətlər və Avropa Parlamenti Rusiyanın hərbi müdaxiləsinə qarşı qlobal səfərbərlik aparır. Moskvaya qarşı 21 sanksiya paketinin üst-üstə 30 min dövlət orqanları, hökumət təmsilçiləri və şirkətlərə qarşı embarqonun tətbiqi, dondurulmuş Rusiya aktivlərindən istifadə, müharibə cinayətlərinə görə məsuliyyət tədbirləri və Kiyevin Avropaya inteqrasiyasını dəstəkləyən 25-dən artıq qətnaməsi var. Əlbəttə, ukraynalılara haqlı mübarizələrində humanitar dəstək verən dövlətlər sırasında Azərbaycan da ön yeri tutur. Lakin ikili siyasət qoca qitənin siyasi institutlarının prinsip və dəyərlərini siyasi maraqlara qurban verdiyini açıq şəkildə nümayiş etdirir. Ayrı-seçkiliyin və qanunların selektiv tətbiqinin səbəbi ötən on illərdə dəyişən hakimiyyətlərin bir təməl prinsipinə sadiq qaldığını göstərir: Avropa institutlarında korrupsiya, gizli maliyyə əlaqələri və deputatların siyasi mövqelərinə təsir əməliyyatları siyasətin gerçək üzüdür.
1999-cu il böhranı: korrupsiya problemi Avropa Parlamentindən əvvəl Avropa Komissiyasını silkələmişdi
Sovetlər üzərində triumfal qələbəni qeyd edən və son illər ölkəmizə hücum edən kiçik Lüksemburq dövlətinin sabiq baş naziri Jak Santerin rəhbərlik etdiyi Avropa Komissiyası 1999-cu ildə korrupsiya qalmaqalına görə tam tərkibdə istefaya getməyə məcbur olmuşdu. Yaranan siyasi böhran xüsusilə də yeni müstəqillik qazanan ölkələrin cəmiyyətlərində və mediasında kəskin əks-səda doğurmuşdu. Çünki sovet məkanında hüquqi dəyərlər və məsuliyyətli hakimiyyətlər haqqında dərs keçən, yeni dövlətlərdən davamlı islahatlar tələb edən qüvvələrin özü cinayətə yuvarlanmışdı. Araşdırma Komissiyasının yekun aktında göstərilirdi ki, qanunsuz maliyyə idarəçiliyi, qəyyumçuluq və geosiyasi maraqlara söykənən birtərəfli idarəçilik problemləri qurumun tərəfsiz və şəffaf fəaliyyətinə zərbə vurur. Bütöv idarəetmə sisteminin hesabatlılıq böhranı sonrakı illərdə də davam etmişdi.
Deputat mandatının pula çevrildiyi iş 2011-ci ildə Britaniyanın “Sunday Times” qəzetinin jurnalistləri lobbiçilik adı ilə Avropa Parlamenti deputatlarının pul müqabilində qanunvericiliyə dəyişiklik hazırlığını yoxladılar. Avstriyalı Ernst Strasser, sloveniyalı Zoran Thaler və rumıniyalı Adrian Severin media araşdırmasının hədəfinə düşdülər. Strasser və Taler istefa verdi, Severin isə məsuliyyətdən yayınmağa nail oldu. Sonrakı məhkəmə prosesləri cinayəti sübut etdi, Strasser-Severin korrupsiya və təsir alveri ilə bağlı məhkum olundular.
Qatargate: nağd pul, xarici dövlət maraqları və parlamentin ən yüksək rəhbərliyi
2022-ci ilin dekabrında Belçika hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat Avropa Parlamentinin tarixində ən böyük korrupsiya araşdırmalarından biridir. İstintaq zamanı təxminən 1,5 milyon avro nağd pul aşkarlandı. Kriminal vəsaitin bir hissəsi o vaxt Avropa Parlamentinin vitse-prezidenti Eva Kayli ilə əlaqəli ünvanlarda, digər hissəsi isə keçmiş italiyalı deputat Pier Antonio Panzerinin evində tapılmışdı. İstintaqın yekununa görə, xarici dövlətin maraqlarını parlament daxilində legitimləşdirmək üçün gizli yolla külli miqdarda pul və müxtəlif imtiyazlardan istifadə olunmuşdu.
Eva Kayli ilə bağlı məhkəmə hökmünün hələ də verilməməsi korrupsiyanın ədliyyə-hüquq orqanlarına qədər uzandığını göstərir. Beləliklə, parlament köməkçiləri, keçmiş və fəaliyyətdə olan deputatlar, QHT-lər və xarici dövlət maraqlarının bir-biri ilə necə çulğaşdığı, sprut mahiyyəti daşıdığı üzə çıxır.
Huawei işi: kommersiya lobbiçiliyinin altında siyasi təsir şübhəsi
Qatargate bitməmiş Avropa Parlamenti 2025-ci ildə yeni korrupsiya araşdırması ilə üzləşdi. Belçika prokurorluğu Huawei şirkəti ilə bağlı beş nəfərə çirkli pulların yuyulması ittihamını irəli sürdü. İstintaqa görə, 2021-ci ildən etibarən siyasi mövqelərə təsir üçün pul ödənişləri, şübhəli səfərlər, bahalı yeməklər “kommersiya lobbiçiliyi” adı ilə təqdim olunub. Ənənəvi olaraq, dünyada nüfuzlu Çin kompaniyası məsuliyyətini etiraf etmir, lakin ərəb dünyasından uzaq Asiyaya qədər bir çox qərbli çinovnik və parlamentarilərin hansı meyarlarla çalışdıqlarını hamı yaxşı bilir. Demokratiya bəyannamələri iqtisadi-siyasi və əksər hallarda geosiyasi mənafelər uğrunda mübarizənin üzərinə çəkilən çox bahalı kağız zirehdir.
Russiagate: Avropa Parlamentində xarici dövlət təsirinin daha təhlükəli forması
2024-cü ilin fevralında avrodeputatlar Rusiyanın Qərb siyasətinə müdaxilə cəhdləri barədə ayrıca qətnamə qəbul etdilər. Millət vəkillərinin “təsir agentləri” kimi gizli əməliyyatlara cəlb olunması, siyasi partiyalar və media platformaları üzərində maliyyə və informasiya təsirinin yaradılması rəsmən etiraf olundu. Kremlin təbliğatını aparmaq üçün külli miqdarda pul verməsi barədə “etibarlı iddialar” Moskvanın keçmiş sovet məkanından çox Brüsseldə geniş yayılan təsir şəbəkəsini göstərirdi.
Latviyalı deputat Tatyana Jdanoka ilə bağlı araşdırmalar onun uzun illər Rusiya təhlükəsizlik strukturları ilə əlaqə saxladığı, məlumat ötürdüyünə görə aldığı xidmət xərclərini cinayət əməli kimi tövsif etdi.
Başqa bir fakt “Voice of Europe” işi oldu. Çexiya və Belçika təhlükəsizlik orqanlarının məlumatlarına görə, uzun illər SSRİ-yə qarşı media istehkamı olan platforma son dövrlər Rusiyanın Avropa siyasətinə təsir şəbəkəsidir. Almaniyanın millətçi AfD-dən deputat Maximilian Krahın rus agentlərindən pul alması ilə bağlı ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən sorğu-sual edildi. Lakin nəticə yenə də məlum prinsipdə olduğu kimidir: əsas böyük korrupsiya dəhlizlərini ört-basdır etməkdir.
Transparency International-in araşdırmasına görə, yeni çağırış deputatların 74 faizi mandatdan kənar ən azı bir fəaliyyəti rəsmən bəyan edib, təxminən üçdə biri gəlir gətirən əlavə işlər görüb. Deklarasiyalarda təsdiqlənən belə fəaliyyətdən əldə edilən illik gəlir təxminən 6,3 milyon avro qiymətləndirilib. Lakin Avropanın dövlət və hökumət binalarında dövr edən korrupsiyanın miqdarı deputatların gəlir bəyannamələri ilə müqayisə oluna bilməyəcək dərəcədə böyükdür.
Növbəti cinayət işi 31 mart 2025-ci ildə Paris məhkəməsi Marin Le Pen və daha səkkiz keçmiş Avropa Parlamenti üzvünü Birliyin vəsaitlərinin mənimsənilməsi ilə bağlı təqsirli bilib. Ümumi məbləğ təxminən 4,1 milyon avro təşkil edib. Cinayət materiallarında bildirilir ki, xarici dövlətlərdən alınan rüşvətlə yanaşı, Parlamentin öz büdcəsinin siyasi məqsədlərlə istifadəsi də vəsaitlərin təyinatdan kənara çıxarılmasıdır. Doğrudur, Makronun öz siyasi rəqiblərini namizədlik marafonundan çıxarmaq üçün belə əməliyyatı təşkil etdiyi də inkaredilməzdir.
Bir neçə gün öncə Yunanıstan parlamenti keçmiş Avropa komissarı Dimitris Avramopoulosun toxunulmazlığını ortadan qaldırdı. Belçika istintaqı onu cinayətkar təşkilatda iştirak, korrupsiya və çirkli pulların yuyulmasında ittiham edib, haqqında həbs orderi çıxarıb.
Daha bir diqqətəlayiq proses hazırda keçmiş avrodeputat və illərlə korrupsiya, siyasi himayadarlıq sahəsində media qalmaqallarında adı keçən Fransanın sabiq ədliyyə naziri Rəşidə Dati 2026-cı ilin sentyabrında Parisdə məhkəmə qarşısındadır. Prokurorluq onun Avropa Parlamentinin üzvü olduğu dövrdə Renault-Nissan üçün qadağan edilmiş lobbiçilik fəaliyyətini “hüquqi xidmət” kimi göstərərək 900 min avro aldığını iddia edir.
Avropa Parlamentində üzə çıxan korrupsiya qalmaqalları əslində daha böyük və təhlükəli mənzərənin yalnız görünən hissəsidir. Avropa Prokurorluğunun 2025-ci il hesabatına əsasən, AB büdcəsinə qarşı cinayətlərlə bağlı 3 602 aktiv istintaq üzrə hesablanan ümumi zərər 67,27 milyard avroya çatıb. Mənimsəmə və rüşvət mexanizmləri içərisində 45,01 milyard avrosu ƏDV, gömrük və digər gəlir cinayətləri, 18,67 milyard avrosu isə vəsaitlərin xərclənməsi ilə bağlı dələduzluq hallarının payına düşür.
Korrupsiya və qanunsuz maliyyələşdirmə iddiaları Avropanın siyasi hakimiyyətlərinin daimi mövzusudur. Fransanın sabiq prezidenti Nikola Sarkozi 2007-ci il seçki kampaniyası üçün Müəmmər Qəddafi rejimindən qanunsuz maliyyə dəstəyinə görə beş il həbs cəzası aldı. İstintaq materiallarında 50 milyon avroya qədər vəsaitdən söhbət gedirdi. Böyük Britaniyada isə hökumətin ümumi dəyəri 15,3 milyard funt olan 135 COVID müqaviləsində azı üç korrupsiya indikatoru müəyyən edildi, 4,1 milyard funtluq müqavilələrin siyasi əlaqələri olan şirkətlərə verildiyi bildirildi. Göründüyü kimi, Avropada korrupsiyanın izləri prezident saraylarından hökumət kabinetlərinə, hakim partiyaların kassalarından milyardlarla avroluq dövlət müqavilələrinə qədər uzanır.
Natali Luazo: 44 günlük müharibənin nəticələrinə qarşı açıq mübarizə şəbəkələri
Azərbaycanla bağlı Avropa Parlamentində təkcə son illər-Qarabağ Qələbəsindən sonra Natali Luazo adlı deputatın fəaliyyətinə diqqət yetirmək kifayətdir. Fransa mətbuatında daim qalmaqallarla tanınan xanım millət vəkilinin terror mediası - Azad Söz və Made in Azerbaijan şəbəkəsinə maliyyə-siyasi himayadarlığı gizli deyil. Onun 2023-cü ilin iyununda İrəvana səfəri, Gorus və Laçın istiqamətində AB missiyası ilə birgə hərəkəti və ölkəmizlə bağlı sərt tələblər səsləndirməsi Yeliseyin məxfi əməliyyatlarının tərkib hissəsi idi. Luazo sərhədə və Laçın sərhəd buraxılış məntəqəsinə beynəlxalq qüvvələrin yerləşdirilməsini, Avropa Parlamentinin Laçın dəhlizinə beynəlxalq faktaraşdırma missiyasının göndərilməsini, BMT-də təcili qətnamə qəbulunu tələb edirdi.
22 iyunda AŞPA Laçın yolunda “blokada”nın götürülməsi ilə bağlı sənədə səs verdi. Sinxron idarə olunan sanksiyalar Brüssel-Strasburqdan birgə siyasətini göstərirdi. Səfərdən iki gün sonra, 24 iyunda Parisdə “erməni xalqı ilə həmrəylik” tədbiri korrupsiya və lobbi şəbəkəsinin anti-Azərbaycan tədbiri kimi keçirilirdi.
Parlamentin üzvü olmasa da, Avropa siyasi dairələrinin xarici təsir və ödənişli lobbiçilik üzrə daha bir təmsilçisi NATO-nun sabiq Baş katibi Anders Foq Rasmussenlə bağlıdır. 2023-cü ilin martında Ermənistan hökumətinin rəsmiləri ilə görüşən diplomat Həkəri çayına qədər gəlib ölkəmiz əleyhinə sərt bəyanatlar səsləndirmişdi. Uzun illər qlobal hərbi təşkilatın rəhbəri kimi əldə etdiyi açıq-gizli sərvətlər yetərli olmadığı üçün Qarabağın qızıl yataqları daha böyük qazanc vəd edirdi. İşğal dövründə Dəmirli və digər mədənlər Parisin ən yüksək əyarlı birjalarında satılan əlvan metalların nəzarətsiz ünvanına çevrilmişdi.
Vətən müharibəsindən sonra Ermənistanın bütün sərhəd boyu keşik çəkən və regionun hərbi xəritəsini hazırlayan peşəkar kəşfiyyat Müşahidə Missiyası əslində regiona hərbi qüvvələr yerləşdirmək planının tərkib hissəsi idi. Lakin Bakı planları pozdu və sərhəddə xarici hərbi qüvvələri gətirmək mümkün olmadı.
Halbuki separatizm səhifəsinin qapadılması və regiona sülhün gətirilməsi Şimali Atlantik İttifaqının keçmiş təmsilçisinin bir nömrəli işi olmalı idi. Sonradan məlum oldu ki, adına təsis etdiyi Rasmussen Global şirkəti İrəvana xidmətlərdən 500 min avroya yaxın rəsmi gəlir əldə edib. LobbyFacts məlumatlarına istinad edən CivilNet nəşrinin yaydığı məlumatlar inkaredilməz mənbələrə əsaslanır.
Zəfərə qarşı səfərbər olunan qərbli parlamentari-diplomat və media qruplarına Ermənistan hökumətindən ayrılan vəsaitlərin konkret qəbzləri var. Halbuki illərlə ölkəmiz əleyhinə Landromat və ofşor ödənişlər adı ilə aparılan qlobal kampaniyanın məqsədi bir vaxtlar işğalı qorumaq, daha sonra Qələbəmizi əlimizdən almaq, yaxud onu ləkələmək cəhdi təşkil edirdi. Beynəlxalq aləmdə Azərbaycanın və ədalətin tərəfdarı kimi çıxış edən qüvvələri, dövlət və siyasət adamlarını ölkəmizlə əməkdaşlıqdan çəkindirmək, onlarda qorxu hissi yaratmaq və gələcəkdə xüsusi sanksiyalar, mandatlarının qüvvəsinin dayandırılması yolu ilə rəsmi Bakıya şərtlərini diktə etmək Avropa Parlamenti də daxil qərbli mərkəzlərin dəyişməz siyasətidir.
Çıxış yolu
Ölkəmizin beyin mərkəzləri və siyasi institutları son 30 ildə Azərbaycanın əleyhinə qəbul edilən əsas sənədlər üzrə xüsusi lobbi və siyasi əlaqələrin xəritəsini hazırlaya bilər. Hər bir qətnamənin təşəbbüsçüləri, müəllifləri və kölgə məruzəçiləri müəyyən edilə, aktiv deputatların Ermənistan hökuməti, erməni diaspor təşkilatları, QHT-lər və fəallarla görüşləri yoxlanıla, fəaliyyətin parlamentin şəffaflıq qaydalarına uyğun bəyan edilib-edilmədiyi araşdırıla bilər. Üçüncü tərəflərin maliyyələşdirdiyi səfərlər, əlavə gəlirlər və qeyri-parlament tədbirlərinin də ayrıca təhlil olunmasına ehtiyac var.
Avropa Parlamentinin təcrübəsi göstərir ki, xarici təsir yalnız rüşvət və nağd pul formasında baş vermir. Əsas məqsəd qərarların necə formalaşdığını və hansı deputatların erməni şəbəkələrilə işbirliyində olduğunu müəyyənləşdirməkdir.
Azərbaycan dövləti döyüş meydanında düşmənin ordusunu yenməklə bərabər, təcavüzü siyasi qərarlar, qərəzli qətnamələr və ödənişli lobbiçiliklə qoruyan işğalçı deputat və siyasətçilər üzərində də Qələbə qazandı!
Şübhə yoxdur ki, sülh müqaviləsi imzalanacaq, İrəvan–Bakı əlaqələri zaman keçdikcə tarixi bağların tam bərpası ilə nəticələnəcək. Lakin Qarabağ erası bağlansa da yeni ərazi iddiaları, etnik-milli məsələlər, eləcə də siyasi məqsədlərə uyğunlaşdırılmış demokratiya və insan hüquqları standartları üzərindən ölkəmizə qarşı gündəlik hücum və təzyiq siyasəti heç vaxt sona çatmayacaq.
Vətəni, sərhədlərimizi və Zəfərimizi qorumaq 44 müqəddəs gündə olduğu kimi, hər bir azərbaycanlının əbədi mübarizəsidir!
Zahid Oruc,
Millət vəkili,
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.