Apple-ın ilk qatlanan smartfonu iPhone Duo güclü qızma problemi ilə gündəmə gəlib.
Çinli bloqer Pan Tianhun iPhone Duo ilə 4K formatında, saniyədə 60 kadr sürətlə video çəkib. Cəmi üç dəqiqədən sonra cihazın bir tərəfi o qədər qızıb ki, telefonu əldə saxlamaq demək olar mümkün olmayıb.
Bloqer iPhone Duo-nu indiyədək sınaqdan keçirdiyi ən çox qızan smartfonlardan biri adlandırıb və onun temperaturunu qızmış tava ilə müqayisə edib.
Onun fikrincə, problem cihazın konstruksiyası ilə bağlı ola bilər. Hesablama və rabitə komponentlərinin kamera hissəsinin altında cəmlənməsi uzunmüddətli yüksək yük zamanı istiliyin artmasına səbəb olur. Bildirilir ki, belə şəraitdə buxar kameralı soyutma sistemi də istiliyin qarşısını tam ala bilmir.
Apple-ın Çindəki dəstək xidməti isə yalnız bir cihazın sınağı əsasında bütün iPhone Duo modelləri barədə nəticə çıxarmağın düzgün olmadığını bildirib. Şirkət qeyd edib ki, yeni smartfonlar ilkin sazlamadan sonrakı 3–5 gün ərzində arxa fonda gedən proseslər səbəbindən daha çox qıza bilər.
Apple həmçinin aparat nasazlığından şübhələnən istifadəçilərə cihazı texniki dəstək xidmətində və ya mağazada yoxlatdırmağı tövsiyə edib.
Bloqer ehtimal edir ki, qızma problemi geniş yayılarsa, Apple temperaturu azaltmaq üçün proqram təminatı vasitəsilə cihazın performansını məhdudlaşdıra bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.