Cənubi Qafqaz iki yüz ildən artıq müddətdə inkişaf regionu deyil, yad güclərin oyun meydanı olub. Burada imperiyalar savaş aparıb, sərhədləri yenidən cızıb, xalqların başı üzərindən müqavilələr imzalayıb, cəmiyyətləri bir-birinə qarşı qoyub və arxalarında gecikdirilmiş partlayış təsiri olan minalar buraxıblar. Rusiya imperiyası, İran (Persiya), daha sonra sovet mərkəzi - hər biri regionu öz böyük strategiyasının aləti kimi istifadə edib. Münaqişə sərfəli idi, qeyri-sabitlik idarəolunan idi, parçalanmış qonşular isə əlverişli sayılırdı.
Məhz buna görə də bu gün Azərbaycan və Ermənistan arasında baş verənlər sadəcə sülh prosesi deyil. Bu, imperiya irsinin sökülməsidir.
2020-ci ildə Azərbaycan tarixin gedişatını dəyişdi. Bəyanatlarla, qətnamələrlə, rəğbət çağırışları ilə deyil, real güclə. Azərbaycanın bütün əraziləri üzərində nəzarəti bərpa etməsi onilliklər boyu “alternativsiz” kimi təqdim edilən Cənubi Qafqazın əvvəlki status-kvosunu tamamilə dağıtdı. “Güc vasitəsilə sülh” konsepsiyası nəzəriyyə olmaqdan çıxdı, fakt oldu. Döyüş meydanındakı qələbə diplomatiyanın dilini dəyişdi. Onsuz heç bir danışıqlar mümkün olmazdı. Bu, bütün postsovet məkanı üçün əsas dərsdir.
Zəiflik hörmət doğurmur. Zəiflik müdaxiləni təşviq edir. Zəiflik münaqişəni dondurur.
Ukrayna, Gürcüstan, Moldova - hamısı dondurulmuş böhranların məhz nəzarət məqsədilə yaradıldığı reallıqda yaşayır. Yalnız güclü dövlət, konsolidə olunmuş cəmiyyət və döyüş qabiliyyətli ordu sülh üçün şərait yaradır. Qalan hər şey illüziyadır. Azərbaycanın uğuru bunun əyani sübutudur.
Bu səbəbdən bu gün Bakı ilə İrəvan arasında əldə olunan sülh onilliklər boyu münaqişəni idarə edənlərə zərbədir. Rusiya öz təsirini böhranlarda daimi vasitəçilik üzərindən qurmuşdu. İran regionu gərginliyin saxlanılması ilə balanslaşdırırdı. ABŞ-ın aktiv rolu ilə əldə olunan sülh isə köhnə imperiya modelinin manevr sahəsini birbaşa daraldır. Qonşular birbaşa razılaşanda “böyük qardaş”a ehtiyac aradan qalxır.
Bu prosesə xüsusi tarixi dərinlik verən məqamlardan biri Azərbaycan parlamentinin Naxçıvan Konstitusiyasına dəyişikliklər edərək Moskva və Qars müqavilələrinin denonsasiyasını nəzərdə tutmasıdır. Yüz il əvvəl region ölkələrinin və xalqlarının taleyi imperiya bölgüsü məntiqi ilə müəyyən edilirdi. Bu gün Azərbaycan həmin müqavilələr dövrünün başa çatdığını nümayiş etdirir. Bu, regionun obyekt deyil, subyekt kimi mövcud olmadığı koordinatlar sistemindən həm simvolik, həm də siyasi qopuşdur. Yüz ildən sonra tarixi hesab bağlanır.
Lakin güc təkcə köhnə razılaşmalardan imtina ilə göstərilmir. O, həm də sülh təklif etmək bacarığında təzahür edir. Qalib tərəf — rəsmi Bakı — əl uzatdı. İrəvan bu əli qəbul etdi. Bu zəiflik deyil. Bu, strateji hesablamadır. Çünki həqiqi sülhü məğlub olan və ya alçaldılmış tərəflər deyil, gələcək qarşıdurmanın qiymətini anlayan dövlətlər bağlayır.
Məhz burada münaqişə kapitalını itirməyə hazır olmayanların isteriyası başlayır. İllərlə sərt ritorika üzərində karyera quran siyasətçilər qəfil “dəyərlər”dən danışmağa başladılar. Amma dəyərlər seçici ola bilməz. Yüz minlərlə azərbaycanlı öz torpaqlarından qovulanda bu səslər harada idi? Niyə bir faciə onilliklər boyu beynəlxalq kampaniyaların mövzusu oldu, digəri isə susduruldu? Əgər insan hüquqları universaldırsa, mərhəmət də universal olmalıdır. Əks halda bu, mənəviyyat deyil, təzyiq alətidir.
Eyni yanaşma separatizm məsələsinə də aiddir. Madrid Kataloniya liderlərini ərazi bütövlüyünü pozmağa cəhdə görə təqib edəndə, Avropa hüququn aliliyindən danışırdı. Həbs orderləri, məhkəmə prosesləri, real cəzalar - bütün bunlar norma sayılırdı. Lakin Azərbaycan konstitusiya quruluşunu qorumaq hüququnu həyata keçirəndə qəfil başqa standartlar meydana çıxır. Niyə? Ərazi bütövlüyü geosiyasi zövq mövzusu ola bilməz. O ya prinsipdir, ya da boş bəyanat.
Daha bir məqam da diqqətəlayiqdir. Əgər Ermənistanın baş naziri açıq şəkildə bildirirsə ki, xarici siyasət prioritetləri Ermənistanın təhlükəsizlik və suverenlik maraqları ilə müəyyənləşdirilməlidir, onda üçüncü ölkələrin siyasətçiləri hansı hüquqla ona başqa gündəm sırımağa çalışırlar? Suverenlik — xarici “tərəfdaşların” gözləntiləri ilə üst-üstə düşməsə belə, müstəqil qərar vermək hüququdur. Hədiyyə gətirən “danaylar” anlamalıdır ki, Roma Papasından artıq katolik olmaq mümkün olmadığı kimi, Ermənistan dövlətindən daha “erməni” olmaq da mümkün deyil.
Bakı ilə İrəvan arasında sülh avtomatik olaraq erməni-türk münasibətlərinin normallaşmasına aparır. Bu isə regionun əbədi turbulentlik rejimindən qəti çıxışı deməkdir. Bu, cəbhə xətləri əvəzinə nəqliyyat dəhlizləri deməkdir. Bu, səngərlər əvəzinə iqtisadi qarşılıqlı asılılıq deməkdir. Və bu, imperiya manipulyasiyaları üçün məkanın sürətlə daralması deməkdir.
Məhz buna görə müqavimət bu qədər sərtdir. Çünki sülh vərdiş edilmiş sxemləri dağıdır. O, daimi münaqişə şəraitində mövcud olmağa alışmışları mənasızlaşdırır. Qorxu və tarixi ağrı üzərində spekulyativ şəkildə qurulmuş siyasi rolları lazımsız edir.
Cənubi Qafqaz bu gün sadə bir həqiqəti nümayiş etdirir: özünü müdafiə edə bilən dövlət sülh də bağlaya bilər. Buna qadir olmayan dövlət isə yad maraqların meydanına çevrilir. Regionda imperiya dövrü bəyanatlarla deyil, real qərarlarla başa çatır. Bu gün regionda güc var, deməli, həqiqi sülh üçün də şans var. Regionu keçmişə qaytarmağa çalışanlar isə Şarl de Qollun sözlərini xatırlamalıdırlar: “Gücsüz siyasət yalnız xoş niyyətlərdən ibarətdir”.Ramiz Yunus,
siyasi elmlər professoru
“Xəzər” Beynəlxalq Universiteti
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.