sonnoqte.az
Xəbər başlıqları
  • 12:19 – Prezident sammitdə çıxış edir - Canlı 
  • 13:38 – “Onlara pis xəbərim var...” - İlham Əliyev 
  • 13:13 – Prezident İlham Əliyev COP29 Liderlər Sammitində çıxış etdi: dövlət başçısından mühüm mesajlar 
  • 08:44 – Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib 

ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: Ağ Evə Ermənistan daha lazım olmayacaq

1-10-2024, 09:00 16 dəfə baxılıb

ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: Ağ Evə Ermənistan daha lazım olmayacaq


Vitse-prezident Kamala Harrisin seçkilərdə qalib gələcəyi təqdirdə, ABŞ-ın yararsız “geopolitik alət” olan Ermənistandan imtina edərək, Cənubi Qafqazda realist siyasi kursa qayıdacağı, Azərbaycan və Türkiyə ilə regional ortaqlığa üstünlük verə biləcəyi ehtimal olunur... Donald Trampın qələbəsi isə ABŞ-ın Ermənistanı ümumiyyətlə, unuda biləcəyi ilə bağlı təhlükəni daha da aktuallaşdırcaq, çünki Bayden adminitrasiyasından fərqli olaraq, Ağ Evin keçmiş sahibi Ermənistana və erməni diasporuna elə bir ciddi əhəmiyyət vermədiyini hələ ötən hakimiyyəti dönəmində sübuta yetirib...
Ermənistan cəmiyyətində ciddi narahatlığın hökm sürməyə başladığı artıq açıq-aşkar müşahidə olunmağa başlayıb. Belə ki, erməni siyasi-ictimai dairələri rəsmi İrəvanın Ermənistanı Qərbə yaxınlaşdırmaq siyasi kursunun təhlükəli istiqamətlər ala biləcəyini ehtimal edirlər. Onların fikrincə, Paşinyan hakimiyyətinin bu xarici siyasət kursunun uğur qazanma şansı demək olar ki, yoxdur. Və rəsmi İrəvanın Rusiyadan uzaqlaşma istiqamətində apardığı geopolitik hesablamaların iflasa məhkum olmasına əmindirlər.

Onu da qeyd etmək lazımdır ki, artıq bəzi erməni politoloqlar Ermənistanın Qərbə inteqrasiya cəhdlərinin müəyyən nəticələrinin tədricən ortaya çıxmaqda olduğunu düşünürlər. Xüsusilə də, ABŞ və Qərbin Ermənistana “geopolitik alət” və ya müvəqqəti “istifadə materialı” kimi yanaşmasından narahatdırlar. Onların fikrincə, Ermənistan böyük sürətlə geriyə dönüşü olmayan yola çıxaraq, irəliləməkdə davam edir. Və bu yolun sonu Ermənistan üçün geopolitik fəlakətə çevrilə bilər.

Məsələ ondadır ki, Ermənistan hələlik ABŞ və Qərbdən çoxsaylı vədlərdən başqa heç nə qopara bilməyib. Çünki Qərbdən alınan hərbi-siyasi dəstək Ermənistana təhlükəsizlik təminatı verilməsi səviyyəsindən çox-çox uzaqdır. Hər halda, Qərbin Ermənistanı silahlandırması da konkret planlar çərçivəsində reallaşdırılır. Üstəlik, bu planlarda Ermənistanın gələcək taleyi qətiyyən nəzərə alınmır. Və daha çox Qərbin maraqları çərçivəsində Ermənistanın Cənubi Qafqazda hərbi-siyasi qarşıdurmalara girə bilməsinə hesablanıb.

Ona görə də, bəzi erməni politoloqlar hətta hesab edirlər ki, Ermənistanın bir dövlət kimi mövcudluğunu davam etdirməsi ABŞ və Qərb üçün qətiyyən sərfəli deyil. Erməni politoloq Yervand Bozoyan isə əmindir ki, hazırda Ermənistanın sərhədyanı əraziləri yox, ümumiyyətlə, Ermənistan dövlətinin mövcudluğu ciddi sual altında qalıb. Onun fikrincə, indi erməni toplumunu inandırmağa çalışırlar ki, guya sərhədlər dəqiqləşdiriləndən sonra Ermənistanın hesabına və Azərbaycanın xeyrinə də olsa, hər halda, bölgəyə sülh və sabitlik gələcək.

Ancaq erməni politoliq əminliklə iddia edir ki, bu, qətiyyən baş verməyəcək: “Çünki əslində, bu proses sərhədlərin dəqiqləşdirilməsi deyil, daha çox Ermənistanın mövcudluğuna son qoyulması ilə birbaşa bağlıdır. ABŞ və Qərb siyasi dairələri hesab edirlər ki, Ermənistanın Türk dünyası ilə mövcud problemləri səbəbindən bu ölkə regionda əsas geopolitik planların reallaşdırılmasına əngəl törədir. Qərbdə belə düşüncə də mövcuddur ki, əgər, Azərbaycan və Türkiyə bir-biri ilə fasiləsiz ünsiyyət qursalar, onlar obyektiv olaraq, Cənubi Qafqazda kifayət qədər ciddi anti-Rusiya və anti-İran faktoruna çevrilə bilərlər”.

Göründüyü kimi, ABŞ və Qərbə böyük ümidlər bəsləyən erməni siyasi dairələri artıq tədricən məyusluq əhval-ruhiyyəsinə qapılmağa başlayıblar. Onlar artıq anlayırlar ki, Qərb Ermənistanı düşdüyü “geopolitik çuxur”dan dartıb, çıxartmaq niyyəti yoxdur. Elə bir önəmli hərbi-siyasi və maliyyə-iqtisadi resursları olmayan, yalnız beynəlxalq himayədarlarının hesabına ayaqda qalmağa can atan Ermənistandan müvəqqəti istifadə edərək, sonra lazımsız “geopolitik alət” kimi bir kənara atacaqlar. Və həmin andan etibarən də Ermənistanın fəlakətli “qara günləri” başlamış olacaq.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti də Ermənistan ətrafında yaranmış vəziyyətdən məmnun deyil. Hətta ABŞ və Qərbin ermənilərə daha çox aid olan “sürüşkən mövqe”ni təkrarlaması rəsmi İrəvanı ciddi şəkildə əndişələndirir. Yəni, Paşinyan hakimiyyəti ABŞ-da keçiriləcək növbəti prezident seçkilərindən sonra Ağ Evin Ermənistana indiki hərbi-siyasi dəstəyini eynilə davam etdirəcəyinə də artıq şübhə ilə yanaşmağa başlayıb. Və bu səbəbdən də, rəsmi İrəvanın ABŞ-la müəyyən məsələlərdə məsafə saxlamağa cəhd göstərdiyi də bildirilir.

Məsələ ondadır ki, BMT Baş Assambleyasının son toplantısına qatılan baş nazir Nikol Paşinyan ABŞ prezidenti Co Baydenin dövlət liderləri üçün təşkil etdiyi vida mərasimində iştirak etməyib. Yəni, erməni baş nazir müəyyən mənada, Ağ Ev sahibinə qarşı dolayısı ilə hörmətsizlik edib. Çünki həmin vaxtlarda baş nazir Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkdakı Türk Evində görüşməyə üstünlük verib. Və bununla da siyasi karyerası sona çatan ABŞ liderindənsə, Ermənistana qonşu olan Türkiyənin hələ bir neçə il də hakimiyyətdə olacaq prezidenti ilə birbaşa təmas şansını daha vacib hesab edib.

Bəzi məlumatlara görə, Paşinyan hakimiyyəti ABŞ-da keçiriləcək prezident seçkilərindən Ermənistan üçün hər hansı sərfəli nəticə gözləmir. Belə ehtimal edilir ki, Ağ Evə hansı prezidentliyə namizədin sahiblənməsi elə bir ciddi dəyişiklik yaratmayacaq. Yəni, indiki vitse-prezident Kamala Harrisin qalib gələcəyi təqdirdə belə, ABŞ-ın Ermənistan siyasətinin rəsmi İrəvan üçün arzuolunmaz məzmun daşıyacağı iddia edilir. Və Bayden administrasiyasının seçki maraqları təmin olunduqdan sonra Cənubi Qafqazda artıq yararsız hesab olunan erməni faktoruna ehtiyacı qalmayacaq.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Ağ Evin Cənubi Qafqazda daha realist siyasi hədəflərə yönələ biləcəyini ehtimal edir. Hazırda heç kimdə şübnə doğurmur ki, ABŞ üçün ən realist siyasət Cənubi Qafqazda Ermənistan ucbatından rəsmi Bakı ilə münasibətləri korlamaq deyil, məhz Azərbaycan və Türkiyə yaxınlaşaraq, ortaq fəaliyyət göstərmək olardı. Və bu, yaxın aylarda Ağ Evin Ermənistana münasibətini dəyişə bilər.

Digər tərəfdən, Donald Trampın qalib gələcəyi təqdirdə, ABŞ-ın Ermənistanı ümumiyyətlə, unuda biləcəyi də qətiyyən istisna olunmur. Bayden adminitrasiyasından fərqli olaraq, Donald Tramp Ermənistana və erməni diasporuna elə bir ciddi əhəmiyyət vermir. Ağ Evin keçmiş sahibinin əvvəlki prezidentliyi dönəmində ABŞ-ın Cənubi Qafqazdakı regional savaşa münasibətdə seyirçi qalması da bu ehtimalı gücləndirir. Və bu baxımdan, ABŞ-da baş tutacaq noyabr seçkilərinin Ermənistanın gələcək taleyində neqativ dönüş nöqtəsinə çevrilə biləcəyi qətiyyən istisna deyil.(Yeni Müsavat)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO