Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan ölkənin yeni Konstitusiya layihəsi ilə bağlı sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, deputat sosial şəbəkələrdə yayımladığı videomüraciətdə yeni Konstitusiya layihəsinin yalnız Azərbaycanın tələblərini yerinə yetirmədiyini, eyni zamanda Ermənistanda “superbaş nazir” idarəetmə sistemini daha da gücləndirdiyini bildirib.
Qriqoryanın sözlərinə görə, Bakı Ermənistanın yeni Konstitusiyasını bir növ tövbə aktı kimi qəbul edir. Lakin o, erməni xalqının üzr istəməsi üçün heç bir səbəb olmadığını bildirib.
“Bizimlə qonşu olan ölkənin xoşuna gəlmir ki, Konstitusiyamız müstəqillik haqqında Bəyannaməyə əsaslanır. O deyir ki, elə Konstitusiya qəbul edin ki, orada müəyyən ifadələrə, ərazi iddialarına yer olmasın”, – deputat bildirib.
Qriqoryan Ermənistan Konstitusiya Məhkəməsinin ərazi iddialarının mövcud olmadığı barədə qərar qəbul etdiyini xatırladıb.
O, həmçinin Azərbaycanın da parafladığı sülh sazişi mətninin ikinci maddəsində tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmadığının göstərildiyini vurğulayıb.
Deputatın fikrincə, bu müddəalar Azərbaycanın mümkün narahatlıqlarını tamamilə aradan qaldırır.
Anna Qriqoryan Bakının əsl məqsədinin gələcək üçün təminat əldə etmək deyil, Ermənistanın daxili işlərinə müdaxilə etmək və erməni xalqını alçaltmaq olduğunu bildirib.
Bir daha xatırladırıq ki, revanşistlər Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamaqla özlərini artıq alçaldıblar. Azərbaycanın 2020-ci ildəki Vətən müharibəsində qazandığı Qələbədən və 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyini bütün ərazisində bərpa etməsindən sonra onlar alçalmağın nə olduğunu dəfələrlə görüblər. Çünki özgə torpaqlarına göz dikiblər. Hətta onların qurduğu dövlətin yerləşdiyi ərazilər də tarixi Azərbaycan torpaqlarıdır.
Ona görə də Ermənistan Konstitusiyasından həmin qondarma ərazi iddialarını nə qədər tez çıxarsalar, bir o qədər yaxşıdır. Əks halda, revanşistlər özləri də çox gözəl bilirlər ki, həmin müddəalar Konstitusiyada qaldıqca Ermənistan dövlətinin mövcudluğu belə şübhə altına düşəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.