sonnoqte.az
Xəbər başlıqları
  • 12:19 – Prezident sammitdə çıxış edir - Canlı 
  • 13:38 – “Onlara pis xəbərim var...” - İlham Əliyev 
  • 13:13 – Prezident İlham Əliyev COP29 Liderlər Sammitində çıxış etdi: dövlət başçısından mühüm mesajlar 
  • 08:44 – Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib 

Asif Həziyev: Azərbaycanın zəfərə doğru uzanan qürurlu yolu

7-11-2024, 10:31 117 dəfə baxılıb

Asif Həziyev: Azərbaycanın zəfərə doğru uzanan qürurlu yolu


Azərbaycanın Milli Qəhrəmanı Asif Həziyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Azərbaycanın Milli Qəhrəmanı Asif Həziyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Asif Həziyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Asif Həziyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycanın Milli Qəhrəmanı Asif Həziyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Azərbaycanın Milli Qəhrəmanı Asif Həziyev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Asif Həziyev - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi. 

Azərbaycanın Milli Qəhrəmanı Asif Həziyev - Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan  Silahlı Qüvvələrinin qəhrəman hərbiçilərinin, Azərbaycanın Mədəniyyət beşiyi, Qarabağın rəmzi Şuşanı düşmən işğalından azad etməsi ilə, 2020 – ci ilin 8 noyabr tarixi dövlətimizin və millətimizin təqviminə Zəfər Günü kimi həkk olundu. Hər biri xalqımız üçün şanlı tarix olan 44 günlük Vətən Müharibəsinin 8 noyabr 2020 – ci il tarixində məhz Şuşanın işğaldan azad olunmasından sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə hər zaman ölkəmizin  tarix və mədəniyyət simvolu olan Şuşa şəhəri həm də şanlı qələbəmizin, hərbi gücümüzün simvoluna çevrildi.      

Azərbaycanın torpaqlarının işğaldan azad edilərək ölkəmizin ərazi müstəqilliyinin, suverenliyinin tam şəkildə  bərpa edilməsi hər zaman həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin dövlət siyasətinin əsas prioritetlərindən biri olumuşdur. Cənab Prezident işğal dövründə dəfələrlə xalqa müraciətində bildirmişdir ki, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq. Bu gün dövlətimizin yaşadığı şanlı qələbələr sübut etdi ki, xalqın bu inam və sadəqəti özünü tam doğruldub. Bütün bu işğal dövründə nə dövlət başçımız, nə də Azərbaycan xalqı bu məğlubiyyətlə barışmamış, nəticədə böyük əzm və inamla tarixi ədaləti bərpa etmişdir.     


Tarixə qısa bir nəzər saldıqda, Azərbaycan xalqının uzun illər boyu xarici təzyiq və düşmənçilik siyasəti ilə üzləşdiyini görərik. Rusiya imperiyası dövründə Qarabağın erməniləşdirilməsi siyasəti aparılmış, azərbaycanlılar öz doğma yurdlarından uzaqlaşdırılaraq, müxtəlif bölgələrə sürgün edilmişdir. Azərbaycanlılara qarşı müxtəlif illərdə dəhşətli soyqırım hadisələri həyata keçirilmişdir. 1905-1907 və 1918 – 1920 – ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış,erməni quldur dəstələri azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmiş, onların yurdlarını viran etmişdir.

Azərbaycan xalqının öz torpaqlarından deportasiya edilməsi siyasəti, xüsusilə sovet hakimiyyəti dövründə həyata keçirilmişdir. 1948-1950-ci illərdə minlərlə azərbaycanlı  deportasiyaya məruz qalmış, bu  proses 1956-cı ilə qədər davam etdirilmiş, nəticədə 150 mindən çox azərbaycanlı ata-baba yurdundan zorla köçürülmüşdür.   1987-1988-ci illərdə deportasiya olunmuş azərbaycanlı əhalinin sayı 250 min nəfərə (49928 ailə) çatmışdır. Bakıda və SSRİ-nin başqa şəhərlərində təhsil alanlar, təhsil alıb təyinatla işləməyə göndərilənlər, SSRİ-nin müxtəlif şəhərlərində hərbi xidmətdə olanlar da nəzərə alınarsa, deportasiya olunanların sayı 300 min nəfərə yaxın olmuşdur. Bütün bu işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı 30 il müddətində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşlar.

Azərbaycanın tarix boyunca üzləşdiyi bütün bu ədalətsizliklər bizim ümidimizi itirməyimizə səbəb olmamış, əksinə  xalqımızın müstəqillik uğrunda apardığı mübarizəsinə ciddi təsir etmiş, bizi Zəfərimizə daha da yaxınlaşdırmışdır.

Azərbaycanın ordu quruculuğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə möhkəmləndirildi, məqsədyönlü siyasət nəticəsində ordumuz daha güclü və müasir texnologiyalara sahib oldu, milli maraqların müdafiəsi üçün kifayət qədər potensial yaradıldı. Ölkəmizin iqtisadi inkişafı və bu inkişaf nəticəsində  mükəmməl ordu quruculuğu siyasətinin reallığa çevrilməsi qələbənin ilk şərtlərindəndir. Azərbaycan Ordusunun yaradıcısı, onu dövlətin dayağı, xalqın güvənc yeri, qürur mənbəyi adlandıran Ulu Öndər ordumuzu dövlət müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirmişdir.

Bu gün ölkəmizdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Dost və qardaş ölkələrlə hərbi sahədə əməkdaşlıq, birgə təlimlərin keçirilməsi davam etdirilir. Vətən Müharibəsindəki tarixi Zəfərimizdən sonra da cənab Prezident hər fürsətdə bildirirdi ki,  Ordumuzun peşəkarlığı, dövlətimizin müdafiə gücü daha da artırılmalıdır. Demək olar ki, hər il dövlət büdcəsinə edilən əlavələrin xeyli hissəsi məhz ölkəmizin müdafiə xərclərinin artırılmasına yönəlir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur və nəticədə, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaranır.

İşğal dövründə  Azərbaycan beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq quraraq, Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza yaratmışdır. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla əlaqələr nəticəsində ölkənin münaqişə ilə bağlı mövqeyi beynəlxalq miqyasda dəstək qazanmışdır.

Bütün dünya şahiddir ki, biz uzun illər  münaqişənin sülh yolu ilə həll olunması üçün danışıqlar apardıq. Daim sülhün, əmin-amanlığın tərəfdarı olan  ölkəmiz beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin dinc yolla həllinə çalışmışdır. Lakin, təəssüf ki, işğal müddəti ərzində dünyaya haqq səsimizi  çatdırmağımıza, beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə son qoymalarını tələb etməyimizə baxmayaraq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi başda olmaqla, bütün beynəlxalq sənədlər yalnız kağız üzərində qalmışdır. BMT qətnamələrinə əməl etməyən işğalçı dövlətə qarşı heç bir sanksiya, məcburetmə tədbiri görülməməsi, münaqişənin həlli üçün 24 mart 1992 –  ci ildə yaradılmış ATƏT – in Minsk Qrupu başda olmaqla,  beynəlxalq qrumların  heç bir ciddi iş görməməsi, münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa çalışması , Ermənistanın Azərbaycan ərazisində törətdiyi terror və təxribatlara göz yumması, bizi öz dövlətimizin, işğal altında olan torpaqlarımızın, bir milyondan çox qaçqın və məcburi köçkünümüzün taleyini özümüzün həll etməsinə vadar etdi. Prezident İlham Əliyev hər fürsətdə Azərbaycana qarşı tətbiq edilən  haqqsız və ədalətsiz  münasibətin yolverilməz olduğunu, Ermənistanın öz xoşu ilə  torpaqlarımızdan çıxmayacağı təqdirdə bu məsələni hərbi yolla həll edəcəyimizi bütün dünyaya bəyan etmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri yenidən Azərbaycan ərazilərində yerləşən mövqelərimizə hücuma keçdi. Bu təxribat nəticəsində Azərbaycan Respublikasının Qazax, Gədəbəy, Tərtər, Ağdam, Goranboy və digər rayonlarındakı mövqelərimiz müxtəlif istiqamətlərdən ağır atəşə tutuldu. Bu hücumlar yalnız hərbi mövqelərə deyil, həm də yaşayış məntəqələrinə yönəlmişdi və dinc əhalinin həyatını təhlükə altına atmışdı.

Müzəffər Ali Baş Komandanımız Ilham Əliyev Azərbaycan xalqının illərlə gözlədiyi “İrəli” əmrini verdi və nəticədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbiçiləri , mülki əhalinin təhlükəsizliyini və ərazi bütövlüyümüzü təmin etmək məqsədilə cəbhə xətti boyunca əks-hücum əməliyyatına başladı. Azərbaycan xalqı Vətən müharibəsində güclü milli birliyini nümayiş etdirdi. Azərbaycan xalqı və ordusu bir yerdə hərəkət edərək öz əzmini bütün dünyaya nümayiş etdirdi. Bununla da, Azərbaycanın gücü və xalqın orduya olan inamı bütün dünya qarşısında  bir daha sübut edildi.

Azərbaycan Ordusu “Dəmir yumruq” adı altında başladığı əməliyyatlar ilə cəbhə xəttində hər gün irəliləyərək yeni qəsəbə, şəhər və kəndləri işğaldan azad edirdi.

Azərbaycan Silahlı Qüvvələri noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edərək Ermənistanın onillər boyu davam edən təcavüzkar siyasətinə son qoydu. 44 gün davam edən müharibə nəticəsində 2908 Azərbaycan hərbçisi şəhid oldu, minlərlə insan yaralandı, lakin torpaqlarımızın işğaldan azad olunması xalqımızın ruhunu yüksəltdi və böyük bir Zəfərin təməlini qoydu. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və bütün dünya bu tarixi qələbəyə şahid oldu.  Nəticədə, 2020 – ci ilin 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında bütün hərbi əməliyatların dayandırılması barədə bəyanat imzalandı.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Azərbaycan Ordusu qələbə qazandıqdan sonra hərbi əməliyyatları dayandırdı və qələbə diplomatik və siyasi yollarla tam təmin olundu. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın şəhəri geri qaytarıldı.

Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. 5 hektar ərazini əhatə edən Parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişlər

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbuat orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.

Azərbaycan  Vətən Müharibəsi başa çatdıqdan sonra da bu uğuru, zəfəri və müvəffəqiyyətləri  davam etdirməyi bacardı. Bizim növbəti qələbəmiz 23 aprel 2023-cü il tarixində  “Laçın” sərhəd – buraxılış məntəqəsinin qurulması idi. Bununla Azərbaycan bütün sərhədboyu nəzarəti ələ keçirmişdi. Ölkəmizin növbəti tarixi qələbəsi isə 2023 – cü ilin 19 sentyabrında Ordumuzun Qarabağda başlatdığı antiterror tədbiri nəticəsində separatçıların təslim olması  idi. Lokal xarakterli antiterror tədbirində qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə  təmin etdi. 

Vətən Müharibəsində qazanılan şanlı qələbə Azərbaycan xalqının, qəhrəmanlığını və azadlıq əzmini simvollaşdıran tarixi bir mərhələdir. Bu zəfər yalnız hərbi cəbhədə deyil, həm də milli birlik və dövlət quruculuğu baxımından əhəmiyyətli bir irsə çevrildi. Azərbaycan Respublikasında bu tarixi hadisənin əbədiləşdirilməsi üçün həm dövlət, həm də vətəndaş cəmiyyəti səviyyəsində müxtəlif təşəbbüslər həyata keçirilir. Vətən Müharibəsi zamanı göstərilən qəhrəmanlıq və vətənpərvərliyə görə  təsis edilən “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal igid döyüşçülərimizi və onların əvəzsiz xidmətlərini tanımağın bir simvoludur. Dövlət başçısının sərəncamlarına əsasən təsis edlən bu medallar Azərbaycanın azadlıq mübarizəsinə və hərbçilərinə göstərilən ali ehtiramın ifadəsidir.

Azərbaycan dövləti şəhid ailələrinə xüsusi diqqət göstərir. Qarabağ müharibəsində həlak olmuş qəhrəmanlarımızın ailələri dövlət tərəfindən evlər, mənzillərlə təmin edilir, onların məişət şəraiti yaxşılaşdırılır. Qazilərimiz üçün də dövlətin dəstəyi gücləndirilir. Əlini, qolunu itirmiş qazilərimiz ən müasir protezlərlə təmin olunur və onların sosial rifahı dövlət tərəfindən diqqət mərkəzində saxlanılır.   

 Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsini təmin etmək üçün “YAŞAT” Fondu yaradılıb. Bu fond, vətəndaş cəmiyyəti təşəbbüslərini birləşdirərək şəhid ailələrinin və qazilərimizin ehtiyaclarını qarşılamaq məqsədini daşıyır. İndiyədək fond tərəfindən 84 milyondan artıq vəsait toplanmış və şəhid ailələrinə, qazilərimizə yardım məqsədilə xərclənmişdir.

Postmüharibə dövründə dövlət tərəfindən genişmiqyaslı sosial dəstək paketi həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə şəhid ailələri və müharibə veteranlarına sosial ödənişlər, birdəfəlik yardımlar təqdim edilir. Eyni zamanda, şəhid ailələri üçün mənzillə təminat proqramı 5 dəfə genişlənib və 6 200-dən artıq mənzil və fərdi ev təqdim edilib. Dövlət, yalnız bu gün deyil, gələcəkdə də şəhid ailələrinin və qazilərimizin yanında olacaq, onların sosial təminatını hər zaman diqqət mərkəzində saxlayacaqdır.

Biz bu il tarixi qələbəmizin, şanlı Zəfərimizin artıq 4 – cü il dönümünü böyük qürur və sevinc hissi ilə qeyd edirik. Azərbaycanın Zəfər Günü, ölkənin gücünü, milli birliyini və şəhidlərimizin əziz xatirəsini yaşadan bir tarixdir. Bu qələbə, xalqımızın iradəsi, ordumuzun cəsarəti və ölkə rəhbərliyinin dəstəyi sayəsində əldə edilib. Zəfər Günü, gələcək nəsillərə vətən sevgisini, azadlıq əzmini və müstəqilliyimizin qiymətini çatdıran bir simvol olaraq qalacaq. Azərbaycanın işıqlı gələcəyi uğrunda canlarını fəda edən qəhrəmanlarımızın ruhu qarşısında baş əyərək, xalqımızın daim bir bayraq altında, birlik və qürur içində addımlayacağına inanırıq. Bu böyük zəfərin işığında daha güclü və daha parlaq bir gələcək qurmaq əzmindəyik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO