sonnoqte.az
Xəbər başlıqları
  • 13:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 13:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 10:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 13:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

“COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi”

Bu gün, 10:41 6 dəfə baxılıb

“COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi”


“Ölkələr Paris Sazişinin məqsədlərinə sadiq olduqlarını nümayiş etdirməyə davam edirlər. Lakin elm bizə deyir ki, kifayət qədər sürətlə irəliləmirik. Növbəti onillik ərzində temperaturun 1,5 dərəcə selsi həddini aşması ehtimalı getdikcə artır”.

 AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenko “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COP31-dən sonra iqlim liderliyi: Tərəfdaşlıq vasitəsilə icranın təmin edilməsi” mövzusunda dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə lakin bu, ambisiyaların azaldılması və ya fəaliyyətin təxirə salınması üçün səbəb olmamalıdır:

“Əksinə, həmin vəziyyət qətiyyətimizi daha da gücləndirməlidir. Hazırda kollektiv məsuliyyət temperatur artımının 1,5 dərəcəni aşmasının miqyasını və müddətini məhdudlaşdırmaq, qlobal temperaturu mümkün qədər tez yenidən 1,5 dərəcədən aşağı səviyyəyə qaytarmaq və insanları, iqtisadiyyatları, ekosistemləri daha böyük risk altında qoyacaq, geridönüşü olmayan fəsadlardan qaçmaqdır.

Bunun üçün Paris Sazişinin üç əsas istiqaməti üzrə fəaliyyət sürətləndirməlidir. Birincisi, emissiyaları kəskin şəkildə azaltmalıyıq. Bu, qalıq yanacaqlardan bərpaolunan enerjiyə keçidi sürətləndirmək, keçidi dəstəkləyən infrastruktura, o cümlədən elektrik şəbəkələrinə, enerji saxlanc sistemlərinə və elektrikləşməyə investisiya yatırmaq, həmçinin metan və digər qısaömürlü iqlim çirkləndiriciləri ilə bağlı sürətli tədbirlər görmək deməkdir. Bu, həmçinin meşələrin qırılmasının dayandırılması və meşə örtüyünün bərpasının təmin edilməsi deməkdir. İkincisi, adaptasiya və dayanıqlılığı əhəmiyyətli dərəcədə gücləndirməliyik. İqlim təsirləri artıq gələcəyin təhlükəsi deyil, bu gün yaşadığımız reallıqdır. Dünyanın hər yerində icmalar daha tez-tez və daha şiddətli iqlim sarsıntıları ilə üzləşir. Biz hazırlıq tədbirlərinə, risklərin azaldılmasına, erkən xəbərdarlıq sistemlərinə və iqlimədavamlı infrastruktura investisiya yatırmalıyıq ki, insanların həyatını, dolanışıq imkanlarını və əldə edilmiş inkişaf nəticələrini qoruya bilək. Üçüncüsü, iqlim fəaliyyətinin qarşısında duran ən davamlı maneələrdən birini – əlçatan maliyyəyə çıxışı həll etməliyik. İnkişaf etməkdə olan ölkələrə lazımi resurslar təmin edilmədən onların qarşısına iddialı iqlim məqsədlərinə nail olmaq vəzifəsi qoyula bilməz. Biz kapitalın dəyərini aşağı salan, genişmiqyaslı özəl investisiyaları səfərbər edən, çoxtərəfli inkişaf banklarını gücləndirən və maliyyənin ən çox ehtiyacı olanlara çatmasını təmin edən islahatlara ehtiyac duyuruq”.

COP29-un Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdiyini deyən BMT rəsmisi həmin dinamikanın “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”, davamlı inkişaf və iqlim fəaliyyətini təşviq etməyə yönəlmiş daha geniş səylər vasitəsilə davam etdiyini sözlərinə əlavə edib:

“Nəticə etibarilə, COP31-dən sonrakı iqlim liderliyi verdiyimiz vədlərlə ölçülməyəcək. O azaltdığımız emissiyalar, yaratdığımız dayanıqlılıq, səfərbər etdiyimiz maliyyə və qoruduğumuz insanların həyatı və dolanışıq imkanları ilə ölçüləcək. Gəlin, təcili fəaliyyət, həmrəylik və ambisiya ilə qarşıdakı çağırışlara cavab verək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO