Rusiya Ukrayna üçün Avropadakı dron fabriklərini hədəf siyahısına daxil edib. Belə ki, ölkənin Müdafiə Nazirliyi Rusiyaya qarşı zərbələrdə istifadə edilən PUA istehsal edən Avropa fabriklərinin ünvanlarını dərc edib. Nazirliyin bəyanatında Ukrayna üçün PUA-ların istehsalının Avropanı Rusiya ilə müharibəyə cəlb etdiyi bildirilir.
Qeyd olunur ki, Ukraynaya dron tədarükünün artırılmasının Avropa müəssisələri vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bəyanatda həmçinin vurğulanır: “Biz bu qərarı bütün Avropada hərbi-siyasi vəziyyətin kəskin şəkildə gərginləşməsinə və bu ölkələrin Ukraynanın strateji arxa cəbhəsinə çevrilməsinə səbəb olan qəsdən atılmış addım kimi qəbul edirik”.
Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə dərc olunmuş siyahıya Rusiya silahlı qüvvələri üçün potensial hədəflərin siyahısı kimi baxılmalı olduğunu bildirib. "Zərbələrin nə vaxt gerçəkləşəcəyi bundan sonra nə baş verəcəyindən asılıdır. Hələlik rahat yatın, Avropalı tərəfdaşlar!”, - deyə o əlavə edib. Amma bu ölkələrin əksəriyyəti NATO üzvüdür. Belə bir hədəni nə dərəcədə ciddi qəbul etmək lazımdır? Moskva İran taktikasınamı keçir? Bunun cavabı nə ola bilər?
Polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, əgər Rusiya həqiqətən NATO ölkələrinin ərazisində yerləşən obyektlərə zərbə endirsə, bu, birbaşa alyansla toqquşma deməkdir. “O halda, kollektiv müdafiə mexanizmi, yəni NATO-nun 5-ci maddəsi gündəmə gələ bilər. Yəni söhbət artıq Ukrayna müharibəsindən çıxıb genişmiqyaslı Rusiya–NATO qarşıdurmasına keçər. Moskva bunun nəticələrinin nə qədər ağır olacağını yaxşı anlayır. Bəs onda niyə bu siyahılar dərc olunur? İlk növbədə psixoloji təzyiq və qorxu yaratmaq məqsədi ilə edilir. Medvedyevin “rahat yatın” tipli ironik təhdidləri təsadüfi deyil. Məqsəd Avropa ictimaiyyətində qorxu hissini artırmaqdır. Bu, hədə xüsusilə müharibədən yorulan Avropa cəmiyyətlərinə yönəlib”,- deyə hərbi ekspert vurğulayıb.
Onun sözlərinə görə, Rusiya uzun müddətdir ki, Ukraynaya silah verən Avropada infrastrukturu “legitim hərbi hədəf” kimi təqdim etməyə çalışır. Ekspert qeyd edib ki, Rusiya Ukraynada geniş istifadə etdiyi uzaqmənzilli zərbə vasitələrinə malikdir, amma NATO ərazisinə birbaşa zərbə endirmək tamamilə başqa səviyyədir: “Bu, artıq nə “məhdud əməliyyat”, nə də “proksi müharibə” olar, bu, açıq müharibə olar. Buna görə hazırkı mərhələdə belə bəyanatlar daha çox təhdid siqnalıdır, real plan deyil”.
O ki, qaldı İranın tətbiq etdiyi taktikanı Rusiyanın təkrarlamaq istəyinə, R.Məhərrəmovun fikrincə, burada müəyyən paralellər aparmaq olar: "Amma fərq daha böyükdür. İran əsasən proksi qüvvələr üzərindən hərəkət edir, Rusiya isə birbaşa nüvə gücüdür və qarşısında NATO kimi hərbi blok dayanır. Ona görə Moskvanın manevr sahəsi daha məhduddur”.
R.Məhərrəmov hesab edir ki, Rusiyanın Avropadakı dron fabriklərini hədəf siyahısına daxil etməsi Avropanı hava hücumundan müdafiə sistemlərini gücləndirməyə məcbur edə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.