Yaxın Şərqdə hərbi əməliyyatların intensivliyi azalsa da, bölgədə gərginlik, qlobal iqtisadi vəziyyətə təzyiq kimi qalmaqdadır.
Prezident Donald Tramp ABŞ və İran arasındakı münaqişənin sona yaxınlaşdığını, lakin hələ bitmədiyi qənaətindədir.
Bununla belə Tramp bəyan edib ki, İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində deyil.
ABŞ-ın vitse-prezidenti C.D. Vens isə Trampın hərbi əməliyyatlar deyil, İranla böyük bir razılaşma əldə etmək istədiyini bildirib. "Tramp kiçik bir razılaşma əldə etmək istəmir. O, böyük bir razılaşma əldə etmək istəyir. Hələlik razılaşmanın olmamasının səbəbi, prezidentin həqiqətən də İranın nüvə silahına malik olmadığı, İranın terrorizmin dövlət sponsoru olmadığı və İran xalqının çiçəklənə, inkişaf edə və qlobal iqtisadiyyata qoşula biləcəyi bir razılaşma istədiyidir. Və onun təklif etdiyi razılaşma budur", - Vens deyib.
Vens ölkələr arasında mövcud olan inamsızlığa baxmayaraq, belə bir razılaşmanın mümkünlüyünə nikbin baxdığını əlavə edib. "Hazırda olduğumuz yerdən çox məmnunam", - o vurğulayıb.
Bölgədə digər mühüm məsələ Hörmüz boğazının blokadaya alınmasının necə həyata keçirilməsi ilə bağlı olan məsələdir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi məlumata görə, ABŞ-ın Hörmüz boğazını blokadaya aldığı ilk 24 saat ərzində heç bir gəmi blokadanı pozmayıb, altı ticarət gəmisi isə ABŞ qüvvələrinin geri dönüb Oman körfəzindəki İran limanlarına qayıtmaq tələblərinə əməl edib.
Məlumata görə, blokadada 10 mindən çox ABŞ əsgəri, eləcə də onlarla gəmi və təyyarə iştirak edib. Lakin ABŞ məhdudiyyətləri İran limanlarına getməyən və ya İran limanlarından çıxan gəmilərə şamil edilmir.
Yaxın Şərqdə digər mühüm məsələ Livan və İsrail ABŞ-ın vasitəçiliyi ilə birbaşa danışıqlara başlamaq barədə razılığa gəliblər.
Birgə bəyanatda deyilir ki, görüş sülh danışıqlarının əsl başlanğıcı deyil, əksinə, onlara nail olmaq üçün hazırlıq addımıdır.
"ABŞ iki ölkəni bu tarixi mərhələ münasibətilə təbrik etdi və gələcək danışıqları, eləcə də Livan hökumətinin güc üzərində inhisarını bərpa etmək və İranın yersiz təsirinə son qoymaq planlarını dəstəklədiyini bildirdi",-bəyanatda deyilir.
ABŞ öz bəyanatında İsrailin Hizbullahın davam edən hücumlarından özünü müdafiə etmək hüququnu da dəstəklədiyini bildirib və Livandakı istənilən atəşkəsin Qüds və Beyrut arasında danışıqların nəticəsi olmalı və başqa heç bir istiqamətlə əlaqələndirilməməli olduğunu qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.