Deyilməyən Gerçəklər (Güzgüdəki Mən)

Hər zamanki səssizlik bu gün biraz daha narahat edirdi. Saat neçə idi bilmirdim, amma otağa dolan gün işığı çoxdan sabah olduğunu göstərirdi. Üzərimdəki qısa qollu köynəyin qollarını sanki daha da mümkünmüş kimi yuxarı qaldırmağa çalışarkən dərin bir nəfəs çəkdim içimə. Uzun qollu və boğazlı geyimləri uşaqlıqdan bəri heç bir zaman sevə bilməmişdim. Sanki, ucu iti, amma bir o qədər də paslı bir bıçaq məni kəsirmiş kimi hiss edirdim. Buna görə də qış aylarından və geyimlərindən nifrət edirdim.
Ruhumdakı səssizlik, zehnimdəki çığırışları basdırırmışcasına bu gün o qədər susurdu ki, səbirsizcə dəqiqələrdir oturduğum yatağımdan qalxmağıma səbəb oldu. Balaca otaqda gediləcək çox bir yerim yox idi. Zehnim səsli, mən isə onun əksinə az danışan biri idim. Susardım. Gərəkmədikcə ağzımı açmazdım. Uşaqlığımdan gələn səssizlik o qədər uzun idi ki, bir yerdən sonra insanların Bu qız dilsizdir demələrinə səbəb olmuşdu. Xeyr, dilsiz deyildim. Sadəcə ruhumdakı səssizliyi danışa bilən bir dil yox idi ətrafımda. Və mən də buna görə rənglərə sığınmışdım.
Rəsm mənim dilim olmuşdu. Danışa bilmədiklərim idi rənglər.
Gözlərimi masadakı fırçalarıma çevirib, sakit addımlarla masaya yaxınlaşdım. Fırçalardan ən uzun və çirklisini əlimə aldığımda çiyinlərimdəki yük bir anda buxar olmuş kimi havaya qarışmışdı. O anda ruhumda bir səs eşitmişdim. Amma eşitmək istəmədiyim bir səs idi. Onu görməzdən gələrkən baxışlarım divarın ən küncündəki güzgüyə ilişdi. Yuxarısı çatlamış, kənarları paslanmış bir güzgü idi. Özümə baxmağı sevən bir insan deyildim, amma bu gün özümü görmək istədiyim üçün əlimdəki fırça ilə güzgünün qarşısında durdum.
Uzun, darmadağın qara saçlarım, nə böyük, nə balaca olan burnum, sol yanağımda olan qara rəng, boyada duran baxışlarım ən son gözlərimə ilişdi. Və bir saniyə belə çəkmədən baxışlarımı qaçırıb qollarıma endirdim. Qollarımın müxtəlif yerlərində olan fırçanın buraxdığı boyaların izləri nə qədər silsəm də orada idi. Dodaqlarımdakı yarım gülüşün səbəbi olan rənglərdə gəzən gözlərim təkrar güzgüdəki mənlə qarşılaşdığında zehnimdə yenə eyni səs eşidildi. Və bu səslə birlikdə hər şey parçalandı.
Victoria, dərman vaxtıdır.
Səslə birlikdə qarşımdakı güzgü parçalanıb yox olduğunda bəyaz bir divarla qarşılaşdım. Artıq güzgüdəki mən deyil, soyuq divarın ləkəli üzü idi qarşımdakı.
Səs təkrarlandığında bu səfər baxışlarım qollarıma endi. Əlimdəki fırça yox olmuş, yerinə xəstəxana biləkliyi və boyalarla rənglənən qollarım, dəfələrlə kəsilib tikilən qollarla yer dəyişmişdi.
Victoria, vaxtım yoxdur. Gəl dərmanını iç.
Səssiz addımlarım qapı qarşısında duran tibb bacısına addımlayarkən boş baxışlarla əlindəki dərmanı alıb içdim. Dəfələrlə özünü öldürmək istəyən birinin zehni nə qədər səslidirsə, dili o qədər kədərli, xəyalları bir o qədər ümidli olardı.
Mən Victoria. Güzgüdəki rəssam Victoria. Əslində adının əksinə həyatda heç bir zaman qələbə qazana bilməyən, xəyalları rəngli, özü ruhi xəstə Victoria.
Aslanlı Aysel Yaşar qızı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: