Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşı Həlimə Ələsgərovaya Bakı Apellyasiya Məhkəməsində uduzsa da, ona aid əşyaları hələ də geri qaytarmayıb.
Bu barədə Musavat.com-a Həlimə Ələsgərova danışıb.
Bildirib ki, məhkəmələrdə qalib gəlməsinə baxmayaraq, qanuni əşyaları ona geri verilməyib:
"Qaytarmaq niyyətində də deyillər. 300 min məbləğində kompensasiyadan isə ümumiyyətlə söhbət getmir. Görünür, Məzahir Pənahov üçün nə ictimai rəy, nə də nüfuz önəmlidir, əsas odur ki, maliyyə öhdəliklərindən yayınsın.
Məhkəmə zamanı qarşı tərəf əvvəlcə nə qızıl-zinət əşyalarının, nə cehizin, nə də geyimlərin mövcud olmadığını iddia edirdi. Daha sonra isə zinət əşyalarını sadəcə bijuteriya və ya sirkon kimi təqdim etməyə çalışdılar ki, onları qaytarmasınlar. Buna görə əgər zinət əşyaları qaytarılsa belə, onların əvəz olunmuş bijuteriya olması ehtimalını nəzərə alıram. Məhəmməd Pənahov barəsində cinayət işi başlanmalı və araşdırma aparılmalıdır. O, öz uşağının ölümündə məsuliyyət daşıyır".
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi Məhəmməd Pənahovun xanımına aid 300 min manat dəyərində olan əşyaları geri qaytarmasına dair yekun qərar çıxarıb. Daha öncə mətbuatda Həlimə Ələsgərovanın həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmasına dair məlumatlar, fotolar yayılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.