sonnoqte.az
Xəbər başlıqları
  • 11:55 – Prezident yeni səfiri qəbul etdi - FOTOLAR 
  • 14:34 – Prezident onları "Tərəqqi" medalı ilə təltif edib 
  • 11:33 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:27 – Türkiyənin daxili işlər naziri İlham Əliyevin qəbulunda - Fotolar 

Paşinyan hakimiyyətinin sonunun başlanğıcı?

Bu gün, 16:00 4 dəfə baxılıb



Ermənistanda bu baş verərsə, Azərbaycan “ilanın başını bir daha əzəcək”
Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində siyasi vəziyyət getdikcə daha da gərginləşir. Erməni mediasını təhlilinə əsasən hakim “Vətəndaş Müqaviləsi” partiyası üçün əsas risk 50 faizdən çox səs toplaya bilməməkdir. Bu isə təkcə seçki nəticəsi deyil, bütövlükdə hakimiyyətin taleyini müəyyən edə biləcək kritik hədd hesab olunur. 

“Güclü Ermənistan” Partiyasının lideri, ev həbsində olan iş adamı Samvel Karapetyan İrəvanın Azadlıq meydanında keçirilən mitinqin iştirakçılarına göndərdiyi videomüraciətində hakimiyyətə gələcəyi halda 300 min iş yeri yaradacağını, Rusiya ilə strateji müttəfiqliyi bərpa edəcəyini, diasporla əlaqələri gücləndirəcəyini, kilsənin rolunu yenidən artıracağını vəd edib. Karapetyan müraciətində Azərbaycanla sülh quruculuğu, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məqsədilə referendumun keçirilməsi və “Tramp yolu” barədə heç nə deməyib, əksinə, ""artsax"da etnik təmizləmə həyata keçirilib" iddiasını səsləndirib.

Mövcud rəy sorğuları tam dəqiq olmasa da, ümumi tendensiya aydındır: hakimiyyətə ictimai dəstək zəifləyib. Rusiyaya yaxın erməni mediasının iddiasına görə, hər ikinci Ermənistan vətəndaşı “Vətəndaş Müqaviləsi”nin hakimiyyətdə qalmasına qarşıdır.

Daha bir çətinlik potensial koalisiya tərəfdaşlarının zəifliyidir. Hakimiyyətin arxalana biləcəyi “satellit” partiyalar da olduqca zəif vəziyyətdədir və onların birlikdə belə 50%-lik baryeri keçməsi real görünmür. Bu isə o deməkdir ki, Paşinyan komandası parlamentdə çoxluğu itirə bilər.

Son rəy sorğuları da vəziyyətin hakimiyyət üçün əlverişli olmadığını göstərir. “Gallup”un məlumatına görə, hazırda “Vətəndaş Müqaviləsi”nin dəstəyi 24,3% səviyyəsindədir. Digər əsas siyasi qüvvələr - “Güclü Ermənistan”, “Çiçəklənən Ermənistan” və digər bloklar isə ayrı-ayrılıqda daha aşağı nəticələr göstərsə də, ümumi mənzərədə ciddi alternativ formalaşdırırlar.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, mövcud dinamika göstərir ki, proses təkcə hakimiyyətlə müxalifət arasında rəqabət deyil, eyni zamanda Ermənistanın geosiyasi orientasiyası, dövlət institutlarının mahiyyəti və cəmiyyətin psixoloji vəziyyəti üzərində gedən dərin qarşıdurmadır: "Hakim “Vətəndaş Müqaviləsi” partiyası üçün əsas riskin 50%-lik baryerlə ölçülməsi təsadüfi deyil. Bu hədd Ermənistan siyasi sistemində faktiki olaraq təkhakimiyyətli idarəetmənin legitimlik sərhədidir. Paşinyan komandası bu psixoloji və siyasi həddi aşa bilmədiyi halda, parlamentdə mütləq çoxluğu itirəcək və bu da avtomatik olaraq koalisiya hökuməti zərurətini doğuracaq. Halbuki Paşinyanın indiyədək qurduğu siyasi model məhz monolit idarəetmə üzərində formalaşıb və revanşçı qruplarla kompromisə açıq deyil".

Parlamentarinin sözlərinə görə, rəy sorğularında müşahidə olunan geriləmə, xüsusilə də dəstəyin 24,3% səviyyəsinə enməsi hakimiyyətin sosial dayaqlarının müəyyən qədər aşındığını göstərir. Bu, təkcə iqtisadi və sosial problemlərlə bağlı deyil. Əsas səbəb 2020-ci ildən sonra formalaşan geosiyasi və təhlükəsizlik böhranının cəmiyyət tərəfindən fərqli şəkildə qiymətləndirilməsidir. Paşinyan hakimiyyəti reallıqları qəbul edərək regionda yeni kommunikasiya və əməkdaşlıq imkanlarına açıq xətt yürütməyə çalışsa da, bu siyasət Ermənistan daxilində hələ də mütləq konsensus yaratmayıb.

Məhz bu boşluqdan istifadə edən revanşist siyasi qüvvələr yenidən aktivləşirlər. Samvel Karapetyanın timsalında irəli sürülən tezislər bunu açıq şəkildə nümayiş etdirir. Onun sosial-iqtisadi vədlərlə yanaşı, Rusiya ilə “strateji müttəfiqliyin bərpası”, diaspor faktorunun gücləndirilməsi və kilsənin rolunun artırılması kimi mesajları əslində Ermənistanın əvvəlki siyasi modelinə dönüş siqnalıdır. Bu yanaşmada diqqətçəkən məqam ondan ibarətdir ki, regional sülh gündəliyi və konstitusion dəyişikliklər kimi fundamental məsələlər ya tamamilə iqnor edilir, ya da şüurlu şəkildə arxa plana keçirilir.

Bu, bir daha göstərir ki, Ermənistan siyasi spektrində əsas qarşıdurma “sülh və əməkdaşlıq”la “revanş və status-kvo” arasında gedir. Karapetyanın Azərbaycan ərazilərini könüllü çəkildə tərk edən etnik ermənilərlə bağlı iddiaları yenidən gündəmə gətirməsi isə seçki ritorikasının hələ də emosional və manipulyativ elementlər üzərində qurulduğunu sübut edir. Bu isə o deməkdir ki, cəmiyyət rasional seçimlə emosional təsir arasında parçalanmış vəziyyətdədir".

Ekspert deyib ki, digər mühüm məqam isə potensial koalisiya konfiqurasiyaları ilə bağlıdır: “Hakimiyyətin arxalana biləcəyi satellit partiyaların zəifliyi Paşinyanın manevr imkanlarını məhdudlaşdırır. Eyni zamanda müxalif düşərgə də eynimənşəli deyil. Burada həm rusiyapərəst, həm də milli-populist, hətta bir-biri ilə ziddiyyət təşkil edən qruplar mövcuddur. Bu isə zəif də olsa ehtimal edilən koalisiya hökumətinin stabil və uzunömürlü olacağına dair ciddi şübhələr yaradır.

Beləliklə, Ermənistan seçkiləri əsasən iki paralel xətt üzrə inkişaf edir. Bunlardan birincisi, konkret siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, ikincisi isə dövlətin gələcək inkişaf modelinin müəyyənləşdirilməsidir. Əgər Paşinyan 50%-lik baryeri keçə bilməsə, ölkə qaçılmaz şəkildə siyasi fragmentasiya mərhələsinə daxil olacaq. Bu isə yalnız daxili siyasi böhran deyil, həm də xarici aktorların təsir imkanlarının daha da artması deməkdir".

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, rəy sorğularının 24,3%-lik göstəricisi hakimiyyətin seçici bazasının ciddi şəkildə əriməsi deməkdir. “Vətəndaş Müqaviləsi” 50 faizlik baryer həddindən aşağı qalırsa, Ermənistan siyasi tarixində demək olar ki, presedenti olmayan bir mərhələyə, koalisiya dövrünə keçir: “1991-dən bu yana İrəvan ya güclü prezident sistemi, ya da dominant parlament partiyası modeli ilə idarə olunub. Koalisiya mədəniyyəti demək olar ki, yoxdur və ictimaiyyət düşünürəm ki, psixoloji baxımdan da buna hazır deyil. Paşinyan bu reallıqla üzləşərsə, kompromis üçün kiminlə danışıq masasına oturacaq? Rus kapitalının arxasında dayanan, ev həbsindəki iş adamı Karapetyanın partiyasıylamı, yoxsa Köçəryan-Sərkisyan dövrünün siyasi irsi hesab olunan "Çiçəklənən Ermənistan" iləmi? Hər iki variant onun üçün ideoloji kapitulyasiyadır.

Paşinyanın partiyası bu seçkilərdə 50%-lik baryeri keçməsə, Ermənistan koalisiya bataqlığına yuvarlanacaq. Bu isə daxili xaos və xarici güclərin, xüsusən Moskvanın, yenidən “xilaskar” rolunda səhnəyə çıxması üçün ideal şəraitdir. Birmənalı olaraq aydındır ki, zəifləmiş bir iqtidar manipulyasiyaya açıq bir dövlət deməkdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO