Bu Qələbə Milli iradənin, birliyin və əzmin təntənəsidir. Azərbaycan xalqının çoxəsrlik tarixində elə hadisələr var ki, onlar yalnız bir dövrün deyil, bütöv bir xalqın taleyini dəyişir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Bu müharibə xalqımızın milli birliyini, dövlətimizin gücünü, ordumuzun peşəkarlığını və Vətənə bağlılığını bütün dünyaya nümayiş etdirdi.
2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi, noyabrın 10-da isə üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Bu Qələbə uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların qayıdışına, tarixi ədalətin bərpasına və ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasına yol açdı.
Azərbaycanın tarixi Qələbəsi yalnız hərbi uğur deyil, həm də milli ruhun, sarsılmaz iradənin və dövlətçilik ənənələrinin təntənəsi idi.
Azərbaycan torpaqları tarix boyu zəngin mədəniyyəti, təbii sərvətləri və strateji mövqeyi ilə seçilmişdir. Qarabağ isə xalqımızın tarixində, mədəniyyətində və mənəvi dünyasında xüsusi yer tutmuşdur. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər kimi şəhər və rayonlarımız Azərbaycanın ayrılmaz hissələridir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ermənistan-Azərbaycan münaqişəsi ölkəmizin qarşısında duran ən ağır problemlərdən birinə çevrildi. 1988-ci ildən başlayan Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərində genişmiqyaslı müharibəyə səbəb oldu.
1992–1993-cü illərdə Azərbaycan ərazilərinin böyük hissəsi işğal edildi. Yüz minlərlə insan doğma yurd-yuvasını tərk etməyə məcbur oldu. Qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımız uzun illər öz torpaqlarına qayıtmaq arzusu ilə yaşadılar.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul etdi. Həmin sənədlərdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı təsdiqlənir, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması tələb edilirdi.
1994-cü il mayın 12-də atəşkəs əldə olunsa da, münaqişə öz həllini tapmadı. Sonrakı illərdə aparılan danışıqlar da davamlı sülhün təmin olunmasına gətirib çıxarmadı.
Azərbaycan dövləti bu illər ərzində iqtisadiyyatını gücləndirdi, beynəlxalq əlaqələrini genişləndirdi, müdafiə qabiliyyətini artırdı və ordu quruculuğuna xüsusi diqqət yetirdi.
44 günlük Vətən müharibəsi – tarixi dönüş nöqtəsi-2020-ci il sentyabrın 27-də cəbhə xəttində baş verən hərbi toqquşmalar nəticəsində Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, xalqımızın tarixində yeni bir mərhələ – 44 günlük Vətən müharibəsi başlandı.
Müharibənin ilk günlərindən Azərbaycan xalqı böyük birlik nümayiş etdirdi. Cəbhədə hərbçilərimiz Vətən torpaqlarının azadlığı uğrunda mübarizə aparır, arxa cəbhədə isə milyonlarla insan ordumuza mənəvi dəstək göstərirdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mühüm uğurlar əldə etdi.Oktyabrın 3-də Suqovuşan, oktyabrın 4-də Cəbrayıl şəhəri, oktyabrın 17-də Füzuli şəhəri, oktyabrın 20-də Zəngilan şəhəri, oktyabrın 25-də isə Qubadlı şəhəri azad edildi.
Bu qələbələr Azərbaycanın hərbi və siyasi mövqelərini daha da gücləndirdi. Hər azad edilən yaşayış məntəqəsi xalqımızın qayıdış ümidini artırır, illərlə doğma yurd həsrəti çəkən insanların qəlbində sevinc yaradırdı.
Müharibə dövründə Azərbaycan xalqının həmrəyliyi xüsusi əhəmiyyət daşıyırdı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Vətənə dəstək göstərir, ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün fəallıq nümayiş etdirirdilər.
Şuşanın azad edilməsi – Qələbənin zirvəsidir. Azərbaycan tarixində 2020-ci il noyabrın 8-i xüsusi əhəmiyyət daşıyan gündür. Həmin gün Qarabağın tacı hesab edilən Şuşa şəhərinin azad edilməsi haqqında xəbər bütün ölkəyə yayıldı.
Şuşa yalnız coğrafi məkan deyil, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, musiqisinin, ədəbiyyatının və mədəniyyətinin rəmzidir.
Şuşa 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən salınmışdır. Şəhər uzun illər Qarabağ xanlığının siyasi və mədəni mərkəzlərindən biri olmuşdur. Burada Azərbaycan musiqisinin, poeziyasının və incəsənətinin görkəmli nümayəndələri yetişmişdir.Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və digər görkəmli şəxsiyyətlərin adları Şuşanın mədəni irsi ilə sıx bağlıdır.
Şuşanın azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Noyabrın 8-də Prezident cənab İlham Əliyev xalqa müraciət edərək Şuşanın azad olunduğunu elan etdi. Bu xəbər bütün Azərbaycanda böyük sevinc və qürur hissi ilə qarşılandı.Şuşanın azad edilməsi Azərbaycan əsgərinin cəsarətinin, fədakarlığının və Vətən sevgisinin təcəssümü oldu. Məhz buna görə 8 noyabr Azərbaycan Respublikasında Zəfər Günü elan edildi.
10 noyabr 2020-ci il – tarixi Bəyanat- 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında üçtərəfli Bəyanat imzalandı. Sənədə əsasən, həmin gün saat 00:00-dan etibarən hərbi əməliyyatlar dayandırıldı.Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarıldı.Beləliklə, 44 günlük müharibə nəticəsində əldə edilən hərbi-siyasi uğurlar Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ oldu. Bu hadisə təxminən 30 il davam etmiş işğal dövrünün başa çatması və regionda yeni siyasi reallıqların formalaşması baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycanın tarixi Qələbəsindən danışarkən bu Zəfərin əsas qəhrəmanlarını – şəhidlərimizi, qazilərimizi və müharibə iştirakçılarını xüsusi ehtiramla yad etməliyik.Vətən müharibəsində minlərlə Azərbaycan əsgəri və zabiti torpaqlarımızın azadlığı uğrunda böyük fədakarlıq göstərdi. Onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.Şəhidlərimizin xatirəsi bizim üçün müqəddəsdir. Onların Vətən uğrunda göstərdikləri fədakarlıq gələcək nəsillərə vətənpərvərlik, məsuliyyət və milli dəyərlərə sədaqət nümunəsidir.Qazilərimizin göstərdiyi şücaət də dövlətimizin və xalqımızın yaddaşında xüsusi yer tutur. Onların fədakarlığı Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən biridir.Bu Qələbə bizə bir daha göstərdi ki, müstəqil dövlətin gücü yalnız iqtisadi imkanlarla deyil, həm də xalqın birliyi, milli ruhu və dövlətinə inamı ilə ölçülür.
Qələbədən sonrakı dövr – Böyük Qayıdış və quruculuq işləriləri həyata keçirilmişdir. Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan qarşısında yeni vəzifələr yarandı. İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yenidən qurulması, yolların, məktəblərin, xəstəxanaların və yaşayış məntəqələrinin inşası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Uzun illər dağıdılmış və yaşayış üçün yararsız vəziyyətə düşmüş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanıldı.Füzuli Beynəlxalq Hava Limanının 2021-ci il oktyabrın 26-da istifadəyə verilməsi Qarabağın yenidən qurulması istiqamətində mühüm hadisələrdən biri oldu. Zəngilan Beynəlxalq Hava Limanı 2022-ci il oktyabrın 20-də, Laçın Beynəlxalq Hava Limanı isə 2025-ci il mayın 28-də istifadəyə verildi.Yeni avtomobil yolları, tunellər, körpülər, elektrik xətləri və digər infrastruktur obyektləri inşa edildi. Məqsəd doğma yurdlarından didərgin düşmüş insanların təhlükəsiz və rahat şəkildə öz evlərinə qayıtmasını təmin etməkdir.2022-ci ildən etibarən Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli qayıdışı həyata keçirilir.Bu proses yalnız evlərin tikilməsi deyil, həm də tarixi yaddaşın, milli kimliyin və yaşayış ənənələrinin bərpasıdır.
Azərbaycanın müasir tarixində 2023-cü il sentyabrın 19–20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri də mühüm yer tutur. Bu tədbirlər nəticəsində ölkənin Qarabağ bölgəsində Azərbaycan dövlətinin suverenliyi tam bərpa edildi.
Beləliklə, Azərbaycanın müstəqilliyi, dövlət suverenliyi və ərazi bütövlüyü baxımından yeni tarixi mərhələ formalaşdı. Bu hadisələr göstərdi ki, dövlət müstəqilliyinin qorunması, milli təhlükəsizliyin təmin edilməsi və ölkənin bütün ərazilərində qanunun aliliyinin bərqərar olması hər bir dövlət üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasında
8 Noyabr – Zəfər Günü xalqımızın milli qürur və həmrəylik bayramıdır.
Bu gün biz yalnız hərbi uğuru deyil, həm də uzun illər davam edən yurd həsrətinin sona çatması, xalqımızın öz tarixi torpaqlarına qayıtmaq ümidinin gerçəkləşməsi və dövlətimizin gücünü nümayiş etdirməsini qeyd edirik.
Zəfər Günü gələcək nəsillərə mühüm bir mesaj verir: Vətən sevgisi, milli birlik, elm, təhsil, məsuliyyət və dövlətçilik düşüncəsi hər bir vətəndaşın həyatında əsas yer tutmalıdır.
Tarixi qələbələr yalnız keçmişi xatırlamaq üçün deyil, gələcəyimizi daha güclü qurmaq üçün də mühüm dərsdir.Azərbaycanın tarixi Qələbəsi xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən mühüm hadisələrindən biridir. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini nümayiş etdirdi.
Bu Zəfər bir daha sübut etdi ki, xalqın öz dövlətinə inamı, milli həmrəyliyi və Vətən sevgisi böyük tarixi nəticələrə gətirib çıxara bilər.Bu gün Qarabağda aparılan bərpa və quruculuq işləri, Böyük Qayıdış prosesi və yeni inkişaf layihələri Qələbənin davamı kimi qiymətləndirilə bilər.Bizim borcumuz şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, qazilərimizə hörmətlə yanaşmaq, müstəqil dövlətimizi qorumaq və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaqdır.
Qarabağ Azərbaycandır!Bakı şəhəri Elxan Misirxanov adına 71 nömrəli tam orta ümumtəhsil məktəbin coğrafiya müəllimi Əhmədova Mirdamədli Bənövşə.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.