sonnoqte.az
Xəbər başlıqları
  • 10:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 11:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 08:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 

Eltun Süleymanov:"Dövlət Proqramı Qarabağın sərvətlərini iqtisadi gücə çevirir"

Bu gün, 08:57 4 dəfə baxılıb

Eltun Süleymanov:"Dövlət Proqramı Qarabağın sərvətlərini iqtisadi gücə çevirir"

Qarabağda bu gün yalnız şəhərlər, kəndlər, yollar və yeni yaşayış məhəllələri qurulmur. Burada Azərbaycanın gələcək iqtisadi xəritəsinin yeni cizgiləri də müəyyənləşir. Bir vaxtlar işğal səbəbindən iqtisadi potensialından ayrı düşmüş ərazilər indi öz sərvətləri, istehsal imkanları, sənaye layihələri və insan kapitalı ilə ölkənin iqtisadi həyatına yenidən qovuşur.  Bu mənada 22 sentyabrda cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına həsr olunan müşavirə yalnız bir sənaye sahəsinin gələcəyinə dair qərarların təqdimatı deyildi. Müşavirədə səslənən fikirlər Qarabağ və Şərqi Zəngəzurun yeni iqtisadi coğrafiyasının hansı istiqamətdə formalaşacağını da göstərdi.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz onu da deyib ki, bu yeni coğrafiyanın xəritəsində Kəlbəcər var, Ağdərə var, Zəngilan var, Daşkəsən var, Balakən var. Amma onların hamısını birləşdirən əsas xətt istehsal, məşğulluq, sənaye və Böyük Qayıdışdır. Böyük Qayıdış haqqında danışarkən ilk növbədə yenidən qurulan şəhərlər, kəndlər, evlər, məktəblər, xəstəxanalar və yollar yada düşür. Bu, təbii və vacibdir. Lakin insanın doğma torpağa qayıtması yalnız yaşayış ünvanının bərpası ilə tamamlanmır. Qayıdan insanın işi olmalıdır. Ailənin gəlir mənbəyi olmalıdır. Regionun iqtisadi həyatı olmalıdır. Məhz bu baxımdan yeni sənaye layihələri Böyük Qayıdışın sosial məzmununu tamamlayan mühüm iqtisadi dayağa çevrilir. Cənab Prezident İlham Əliyevin çıxışında da yeni dağ-mədən layihələrinin Qarabağ və Şərqi Zəngəzurun inkişafına və həmin ərazilərdə məşğulluğun artırılmasına təsir göstərəcəyi xüsusi vurğulanır. Proqram çərçivəsində beş mindən çox yeni daimi iş yerinin yaradılması nəzərdə tutulur. Deməli, Böyük Qayıdışın növbəti mərhələsində “qayıdış” anlayışının iqtisadi məzmunu daha da genişlənir. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı uzun illər Azərbaycanın ümumi iqtisadi dövriyyəsindən kənarda qalmışdı. İndi isə həmin potensial ölkənin inkişaf prosesinə daxil edilir. Kəlbəcər, Ağdərə və Zəngilanda yerləşən qızıl, mis və molibden yataqlarının istismara cəlb edilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ağdərədə artıq işlərə başlanılıb, digər ərazilərdə də növbəti mərhələlər üzrə fəaliyyət nəzərdə tutulur. Beləliklə, bir sənaye layihəsi bütöv bir regionun iqtisadi həyatına təsir göstərən zəncirin başlanğıcına çevrilir. Bu səbəbdən Qarabağdakı dağ-mədən layihələrinə yalnız təbii sərvətlərin istismarı kimi baxmaq onların real iqtisadi miqyasını kiçiltmək olardı. Cənab Prezident İlham Əliyevin çıxışında əsas məqsədinin dağ-mədən sənayesinin inkişafı olduğu qeyd edilir. Daşkəsən filiz yatağının istismarı və ətraf ərazilərdə həyata keçiriləcək layihələr yeni sənaye infrastrukturunun yaradılmasını zəruri edir. Burada mühüm olan yalnız sənaye parkının yaradılması deyil. Əsas məsələ həmin parkın ətrafında yeni istehsal ekosisteminin formalaşmasıdır. Beləliklə, mədənlə sənaye müəssisəsi arasında, sənaye müəssisəsi ilə logistika arasında, istehsalla əmək bazarı arasında vahid iqtisadi əlaqə yaranacaq. Bu, regionun iqtisadi həyatını dəyişdirən prosesdir. Qərb Sənaye Parkı bu baxımdan yalnız sənaye obyektlərinin yerləşəcəyi məkan deyil, Azərbaycanın qərb bölgəsində yeni sənaye-iqtisadi əlaqələrin formalaşdığı mərkəzlərdən biri kimi çıxış edə bilər. 

Azərbaycanın əvvəlki iqtisadi inkişaf mərhələlərində regionların inkişafı əsasən infrastrukturun yaradılması, sahibkarlığın genişləndirilməsi və sosial obyektlərin qurulması üzərində qurulmuşdu. Cənab Prezident çıxışında 2004-cü ildən başlayan regional inkişaf proqramlarının nəticəsində əsas infrastruktur layihələrinin həyata keçirildiyini xatırladır. İndi isə yeni mərhələnin qarşısında başqa məsələ dayanır. Qarabağ və Şərqi Zəngəzur üçün bu xüsusilə vacibdir. Çünki burada yolların çəkilməsi, hava limanlarının yaradılması, enerji təminatının qurulması və yaşayış məntəqələrinin bərpası iqtisadi fəaliyyət üçün ilkin şərtləri yaradır. İndi həmin imkanların istehsal, sənaye, investisiya və məşğulluqla tamamlanması qarşıda duran əsas vəzifələrdən biridir. Bu baxımdan dağ-mədən sənayesi yeni iqtisadi coğrafiyanın yalnız bir istiqamətidir. Onun ətrafında logistika, xidmət, tikinti, enerji, texniki xidmət, emal və digər sahələrin inkişafı üçün imkanlar yaranır. Qarabağda qurulan yeni şəhərlərin gələcəyi yalnız tikilən binaların sayı ilə müəyyənləşməyəcək. Şəhərin əsl həyatı orada yaşayan insanların gündəlik fəaliyyətindən, işləməsindən, istehsal etməsindən, xidmət göstərməsindən, biznes qurmasından başlayır.
İşğaldan azad edilmiş ərazilərdə təbii sərvətlərin istismarı ilə bağlı ən mühüm məsələ onların milli iqtisadi dövriyyəyə necə daxil ediləcəyidir. Cənab Prezidentin çıxışında mövcud yataqların müasir geoloji üsullarla yenidən öyrənilməsi, yeni kəşfiyyat işlərinin aparılması və müasir texnologiyalardan istifadə edilməsi məsələləri də qarşıya qoyulur. Bu yanaşma Qarabağın iqtisadi potensialına yalnız bu gün məlum olan imkanlar çərçivəsində deyil, gələcək perspektivlər baxımından yanaşmağa imkan verir. Başqa sözlə, bu gün qurulan sənaye infrastrukturu sabah aşkar ediləcək yeni ehtiyatların da iqtisadi dövriyyəyə cəlb olunmasına xidmət edə bilər. Beləliklə, yeni iqtisadi coğrafiya hazır xəritə deyil. O, zaman keçdikcə genişlənəcək, yeni yataqlar, yeni müəssisələr, yeni yollar və yeni iqtisadi əlaqələrlə zənginləşəcək dinamik bir sistemdir. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafını ölkənin ümumi iqtisadi inkişafından ayırmaq mümkün deyil. Burada yaradılan hər yeni müəssisə Azərbaycanın istehsal imkanlarını genişləndirir. Bu baxımdan Qarabağın dirçəlişi yalnız regional layihə deyil. O, Azərbaycanın ümumi iqtisadi gücünün yeni mənbələrindən birinə çevrilir. Cənab Prezidentin çıxışında dağ-mədən və metallurgiya layihələrinin nəticəsi kimi güclü sənaye istiqamətinin yaradılması, yeni iş yerlərinin açılması, ixrac potensialının gücləndirilməsi və dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması gözlənilir. Böyük Qayıdışın tam mənası o zaman üzə çıxır ki, insan doğma torpağına qayıdır, orada yaşayır, işləyir, ailə qurur, övlad böyüdür və həmin torpağın iqtisadi inkişafında iştirak edir. Beləliklə, qayıdış məskunlaşmadan iqtisadi həyata, iqtisadi həyatdan sosial dirçəlişə, sosial dirçəlişdən isə davamlı gələcəyə doğru uzanır.  Bir vaxtlar işğalın ayırdığı torpaqlar indi yollarla, enerji xətləri ilə, istehsal müəssisələri ilə, sənaye parkları ilə və insanlarla yenidən bir iqtisadi məkanda birləşir. Ən əsası isə budur: burada qurulan hər müəssisə, çəkilən hər yol, açılan hər iş yeri Böyük Qayıdışın mahiyyətini daha da dərinləşdirir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO