Səhnənin və həyatın qəhrəmanı – Əməkdar artist Gülüstan Əliyeva
Azərbaycanın musiqi mədəniyyətində özünəməxsus yeri olan Əməkdar artist, xanəndə Gülüstan Əliyeva, yalnız səhnədə deyil, həm də həyatda yaşadığı sarsıdıcı acılara baxmayaraq güclü duruşu ilə seçilən örnək bir qadındır. Onun sənətkarlığı, müəllimlik fəaliyyəti və şəxsi həyatında keçdiyi ağır yol onu təkcə musiqisevərlərin deyil, bütöv bir xalqın hörmətini qazandırıb.
1967-ci il aprelin 8-də Yevlax şəhərində doğulan Gülüstan Həsən qızı Əliyeva hələ orta məktəbdə oxuyarkən atasının təşəbbüsü ilə musiqiyə yönəlib. O, “Pionerlər evi”ndə musiqi təhsili alaraq ilk addımlarını atıb. 1981-ci ildə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsinin qalibi olaraq sənət dünyasına inamla qədəm qoyan Gülüstan Əliyeva 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olur və burada böyük muğam ustadı İslam Rzayevdən dərs alır.
1985-ci ildə bu məktəbi fərqlənmə diplomu ilə bitirərək, həmin il Dövlət Konservatoriyasında yeni açılmış muğam sinfinə qəbul edilir. Bu sinfin ilk tələbəsi və ilk məzunu kimi adını tarixə yazdırır. 1990-cı ildə konservatoriyanı da fərqlənmə ilə bitirən xanəndə, peşəkar səhnə fəaliyyətinə başlayır.
1995-96-cı illərdə Muğam Teatrının solisti, 1997-ci ildən isə Akademik Opera və Balet Teatrının aparıcı solistlərindən biri kimi fəaliyyət göstərən Gülüstan xanım, bir-birindən fərqli, zəngin muğam rollarını tamaşaçılara təqdim edib. “Leyli və Məcnun”da Leyli və Məcnunun anası, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Arşın mal alan”da Cahan, “O olmasın, bu olsun”da Sənəm, “Natəvan”da xanəndə qız obrazları ilə yadda qalıb. Onun səsi, səhnə mədəniyyəti və muğama olan dərin sevgisi onu muğam sənətinin canlı təmsilçilərindən birinə çevirib.
1991-ci ildə ailə həyatı quran Gülüstan xanımın xoşbəxtliyi çox çəkmir. Oğlu Rüfət iki aylıq olarkən həyat yoldaşı, Birinci Qarabağ müharibəsinin igid iştirakçısı Zahid Əhmədov minaya düşərək şəhid olur. Onun bu itkisi sənətçinin həyatında böyük iz qoyur. Son nəfəsində xanımını görmək istəyən Zahidin arzusunu həyata keçirmək mümkün olmur. Bu dərd illərlə Gülüstan xanımın qəlbində yaşayır. Onun sözləri bu acının dərinliyini göstərir: “İki şəkil, 317 gün – bir ömür”.
Bu çətin dövrdə oğlu Rüfət onun həyatda qalmasının, güclü görünməsinin əsas səbəbi olur. Ana-oğul arasında olan bu dərin bağ, Gülüstan xanımın həyat yolunda enişli-yoxuşlu yolları şərəflə adlamasına yardımçı olur.
1993-cü ildə Cəbrayılın işğalı, 1994-cü ildə qardaşı Azadın şəhid olması sənətkarın həyatına yeni ağrılar gətirir. 30 ildən sonra Cəbrayıl azad olunduqdan sonra xanəndə həyat yoldaşının dağıdılmış məzarını tapır və onu ziyarət edir. Bu anlar onun üçün həm kədərli, həm də qürurverici olur. Gülüstan xanım bu ziyarəti belə təsvir edir:
“Düz 30 il sonra həyat yoldaşım Zahid Əhmədovun məzarını tapmaq mənim üçün müqəddəs bir an idi. Burada yatanların ruhu şad olsun”.
Hazırda Gülüstan Əliyeva Azərbaycan Milli Konservatoriyası və İncəsənət Gimnaziyasında müəllim kimi fəaliyyət göstərir. O, gənc istedadlara muğamın incəliklərini öyrədir, sənətə sevgini aşılayır və öz təcrübəsini gələcək nəsillərlə bölüşür.
2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülən Gülüstan Əliyeva sənətdəki xidmətləri, səsi və səhnə mədəniyyəti ilə Azərbaycan musiqi irsinə əvəzsiz töhfələr verib.
Gülüstan Əliyeva – muğamın qürurverici səsi, qadın iradəsinin timsalı, sənətinə və ailəsinə sədaqətli, vətəninə bağlı bir ömür yoludur. O, həm milli mədəniyyətimizin dəyərli daşıyıcısı, həm də qadın gücünün parlaq nümunəsidir.