Şəmsəddin Vəliyev: Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır
94 №-li tam orta məktəbinin direktoru Şəmsəddin Vəliyev - Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.
“Görülən işlər bir daha təsdiqləyir ki, ölkəmizdə təhsilin və elmin inkişafı prioritet istiqamətlərindəndir. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi sayəsində Zəfərlə başa çatdı. İşğaldan azad olunmuş torpaqlarımızda bu gün sürətli bərpa və quruculuq işləri aparılır. Bu quruculuq işləri təhsildən də yan keçmir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. İnanıram ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə uğurla çatacağıq”
Torpaqlarımızın işğaldan azad edildikləri tarixləri qeyd edərkən şanlı Zəfərimizə gedən yoldan, 44 gündə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə göstərdiyi qəhrəmanlıqlardan bəhs etməmək mümkünsüzdür. 44 günlük İkinci Qarabağ müharibəsinin qəhrəmanları olan şəhidlərimiz qanları, canları ilə tarix yazdılar. 44 gündə 30 ilin işğalına son qoyulması Azərbaycanın gücünün, qüdrətinin, rəşadətli Ordumuzun döyüş ruhunun, xalqımızın birliyinin təqdimatı oldu. Xalq-Prezident-Ordu birliyi, həmrəyliyi bir daha təsdiqləndi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd azad edildi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdi. 44 günlük Vətən müharibəsi xalqımızın Liderinə güvəninin təqdimatı kimi də tarixə yazıldı.