Türk dünyası tarixinin ən mühüm mərhələlərindən birini yaşayır. 30 oktyabrda Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısı yalnız diplomatik görüş deyil, böyük türk ailəsinin gələcəyini müəyyənləşdirəcək tarixi məclis olacaq.
Türk dünyasının, eləcə də beynəlxalq ictimaiyyətin diqqəti Ankaraya yönələcək. İnanıram ki, burada qəbul olunacaq qərarlar Türk əsrinə aparan yolun təməlini möhkəmləndirəcək, gələcəyimizi işıqlandıracaq.
Bu zirvənin xüsusi əhəmiyyəti həm də Türkiyə-Azərbaycan münasibətlərində son zamanlar yaşanan arzuolunmaz gərginliklə bağlıdır.
İki qardaş ölkə arasında müəyyən anlaşılmazlıqlardan istifadə edərək münasibətlərimizə kölgə salmağa çalışan dairələr var. Onlar bu gərginliyin Ankara Zirvəsinə də təsir göstərəcəyini gözləyirlər. Lakin əminəm ki, böyük məyusluq yaşayacaqlar.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ankara Zirvəsində iştirakı qardaşlığımıza zərbə vurmaq istəyənlərə ən güclü cavab olacaq.
İlham Əliyev Ankaraya yad bir ölkəyə deyil, öz ailəsinin məclisinə gəlir!
Unutmayaq ki, Türk Dövlətləri Təşkilatının təməlində Azərbaycanın və Prezident İlham Əliyevin böyük tarixi xidmətləri vardır.
2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış sazişlə Türk Şurasının əsası qoyuldu. Bu tarixi təşəbbüs türk dövlətlərinin siyasi və təşkilati birliyi yolunda dönüş nöqtəsi oldu.
Cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Türk dünyası Azərbaycanın ailəsidir və bizim başqa ailəmiz yoxdur. O, bu prinsipi yalnız bəyanatlarında deyil, konkret siyasi fəaliyyəti ilə də təsdiqləyib, Türk Dövlətləri Təşkilatının güclənməsi üçün böyük səylər göstərib.
Bu gün həmin təşkilatın güclü beynəlxalq quruma çevrilməsi hamımızın ortaq məsuliyyətidir.
Mən uzun illər türk millətinə xidmət etməyi şərəf və mənəvi borc hesab etmiş diplomat kimi Ankara Zirvəsinin iştirakçılarının diqqətinə beş konkret təklif təqdim etmək istəyirəm.
1. Qardaş dövlətlərin suverenliyinə hörmət prinsipi təsdiqlənsin
Türk dövlətləri ortaq tarixə, dilə və mədəniyyətə sahib olsalar da, hər biri müstəqil və suveren dövlətdir.
Qardaşlıq heç kimə digər qardaş dövlətin daxili işlərinə müdaxilə etmək hüququ vermir.
Təklif edirəm ki, Ankara Zirvəsində üzv dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq prinsipinə dair xüsusi siyasi öhdəlik təsdiqlənsin.
Bu prinsip gələcəkdə mümkün anlaşılmazlıqların qarşısını almağa xidmət edəcək.
Qardaşlıq müdaxilə hüququ deyil, qarşılıqlı hörmət məsuliyyətidir.
2. Qardaş dövlətlərin rəhbərlərinə və ailələrinə qarşı təhqirlərlə mübarizə aparılsın
Son dövrlərdə sosial media vasitəsilə qardaş dövlətlərin rəhbərlərinə və onların ailələrinə qarşı təhqir, söyüş və təhdidlərin münasibətlərimizə necə zərər vurduğunu gördük.
Təklif edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri belə halların qarşısının alınması üçün öz milli qanunvericiliklərində müvafiq hüquqi mexanizmlər yaratsınlar.
Burada siyasi tənqid və fikir azadlığı ilə qanunazidd təhdid, təqib və şəxsi hücumlar arasında fərq qorunmalıdır.
Məqsəd tənqidi qadağan etmək deyil, təhqir və təhdidlərin xalqlarımız arasında düşmənçilik yaratmasının qarşısını almaqdır.
3. Türk Dövlətləri Təşkilatının bayrağı bütün qardaş ölkələrdə dalğalansın
Ortaq kimliyin formalaşmasında rəmzlərin böyük əhəmiyyəti var.
Təklif edirəm ki, Avropa İttifaqı ölkələrindəki təcrübəyə uyğun olaraq Türk Dövlətləri Təşkilatının bayrağı üzv dövlətlərin rəsmi binaları qarşısında milli bayraqlarla yanaşı, ayrıca dirəkdə qaldırılsın.
Bakıda, Ankarada, Astanada, Daşkənddə, Bişkekdə və digər qardaş şəhərlərdə ortaq bayrağımızın dalğalanması türk dünyasına mənsubiyyət duyğusunu gücləndirəcək.
Milli bayraqlarımız dövlətlərimizin müstəqilliyini, ortaq bayrağımız isə birliyimizi ifadə edəcək.
4. Hava limanlarında türk dövlətləri vətəndaşları üçün xüsusi keçidlər yaradılsın
Təklif edirəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beynəlxalq hava limanlarında qardaş dövlətlərin vətəndaşları üçün ayrıca pasport nəzarəti keçidləri təşkil edilsin.
Avropa İttifaqında tətbiq olunan bəzi sərhəd-keçid mexanizmlərinə bənzər bu sistem vətəndaşlarımızın səyahətini asanlaşdıracaq.
Belə bir addımın mənəvi əhəmiyyəti də böyükdür. Azərbaycan vətəndaşı Türkiyəyə, Türkiyə vətəndaşı Qazaxıstana, Özbəkistana və ya Azərbaycana səfər edərkən özünü böyük türk ailəsinin üzvü kimi hiss edəcək.
Ortaq Türklük şüuru yalnız siyasi bəyanatlarla deyil, gündəlik həyatda hiss edilən konkret addımlarla möhkəmlənməlidir.
5. Qardaş dövlətlər arasında daimi uzlaşma mexanizmi yaradılsın
Ən vacib təkliflərimdən biri Türk Dövlətləri Təşkilatı daxilində mübahisələrin həlli üçün daimi məsləhətləşmə və uzlaşma mexanizminin yaradılmasıdır.
Qardaş dövlətlər arasında zaman-zaman fikir ayrılıqları yarana bilər. Əsas məsələ onların qarşılıqlı ittihamlara, media kampaniyalarına və diplomatik böhranlara çevrilməsinin qarşısını almaqdır.
Üzv ölkələrin nümayəndələrindən ibarət Ailə Məclisinin Uzlaşma Şurası yaradıla bilər.
Bu mexanizm tərəflər arasında dialoqa, anlaşılmazlıqların vaxtında aradan qaldırılmasına və qarşılıqlı etimadın qorunmasına xidmət edər.
Qardaş dövlətlər arasındakı problemlərin həlli üçün ilk ünvan başqa güc mərkəzləri deyil, öz ailə məclisimiz olmalıdır.
Ankara Zirvəsindən böyük gözləntilərimiz var
Əminəm ki, Ankara Zirvəsinə hazırlıq görən türk dövlətlərinin nümayəndə heyətləri birliyimizi daha da möhkəmləndirəcək təşəbbüslər üzərində çalışırlar.
Ümid edirəm ki, mənim irəli sürdüyüm bu beş təklif də nəzərdən keçiriləcək.
Türk Dövlətləri Təşkilatı yalnız ortaq tarix və mədəniyyətimizin ifadəsi deyil, xalqlarımızın təhlükəsizliyinin, rifahının və gələcəyinin təminatına çevrilməlidir.
Bir daha vurğulamaq istəyirəm: Türkiyə-Azərbaycan qardaşlığı müvəqqəti anlaşılmazlıqlardan qat-qat güclüdür.
Azərbaycan mənim üçün yalnız vaxtilə səfir olduğum ölkə deyil. Azərbaycan mənim canımdır, qardaşlarımdır, mənəvi vətənimdir.
Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın uğuru Türkiyənin uğurudur.
İnanıram ki, cənab Prezident İlham Əliyevin Ankara Zirvəsində iştirakı, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü iki qardaş ölkənin sarsılmaz birliyinin növbəti nümayişi olacaq.
Qoy Ankara Zirvəsi böyük türk ailəsinin tarixində yeni mərhələnin başlanğıcına çevrilsin!
Yaşasın Türk milləti!
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!
Yaşasın Türk birliyi!
Nə mutlu Türkəm deyənə!
Hulusi KILIÇ,
Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, İMZA İB-nin Türkiyə təmsilçisi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.