Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, Putin Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunda çıxışı zamanı Azərbaycanı Rusiyanın sabit və etibarlı tərəfdaşı adlandırıb.
“Azərbaycan bir çox istiqamətlərdə, o cümlədən energetika sahəsində bizim sabit və yaxşı tərəfdaşımızdır”, – Rusiya prezidenti bildirib.
Putin Azərbaycan Prezidenti İlham Əliyevlə fəal dialoq aparıldığını xüsusi vurğulayıb:
“Hazırda Azərbaycan Prezidenti cənab Əliyevlə fəal dialoqdayıq. O cümlədən energetika və qaz sahəsində əməkdaşlığımızın genişləndirilməsi məsələlərini müzakirə edirik. Biz burada yaxşı perspektivlər görürük və birgə işləməyə hazırıq”.
Rusiya prezidenti Türkiyəyə qaz tədarükü məsələsinə də toxunub.
Onun sözlərinə görə, Rusiya Türkiyəyə ildə 30 milyard kubmetrə qədər qaz ixrac edir və bu, Azərbaycanın həmin ölkəyə tədarük etdiyi həcmdən xeyli çoxdur.
Putin buna baxmayaraq, Moskvanın Azərbaycanı qaz bazarında rəqib hesab etmədiyini bildirib.
“Biz özümüzü rəqib kimi hiss etmirik. Əksinə, əməkdaşlığa hazırıq”, – Rusiya prezidenti vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.