Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ölkənin müasir inkişaf mərhələsində mühüm əhəmiyyət daşıyır. Bu qərar həm hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, həm də milli suverenliyin daha dərindən təhlili və təbliği baxımından strateji xarakter daşıyır. Konstitusiya və suverenlik anlayışları bir-biri ilə sıx bağlı olub, dövlətin müstəqilliyini, vətəndaşların hüquq və azadlıqlarını təmin edən əsas sütunlardır.
Azərbaycanın milli Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş və ölkə tarixində ilk dəfə olaraq hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyənləşdirmişdir. Bu mühüm sənədin hazırlanması və qəbul olunması ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə həyata keçirilmişdir. Ulu Öndər hüquqi dövlət konsepsiyasını milli ideologiyanın əsas tərkib hissəsinə çevirmiş, idarəetmədə hüququn aliliyini təmin edən sistemin əsasını qoymuşdur. Konstitusiya insan hüquq və azadlıqlarını ali hüquqi norma səviyyəsinə qaldıraraq, vətəndaşların hüquqi statusunu müəyyən edən baza sənədə çevrilmişdir.
Müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu hüquqi irs davam etdirilmiş, eyni zamanda yeni geosiyasi reallıqlar fonunda suverenliyin mahiyyəti daha da genişləndirilmişdir. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə, 2023-cü ildə Azərbaycanın tam ərazi bütövlüyünün bərpası və suverenliyinin bütün ölkə ərazisində bərqərar olunması dövlət başçısının uğurlu siyasətinin nəticəsi kimi qiymətləndirilərək bir daha dünyaya sübut etdi ki, konstitusiyanın 11-ci maddəsinin 1- ci bəndində qeyd olunduğu kimi “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir”.
Müasir mərhələdə Azərbaycan dövləti qarşısında duran əsas vəzifələrdən biri hüquqi düşüncə tərzinin ictimai həyatın bütün sahələrinə inteqrasiyası və suveren dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsidir.Bu mənada “Konstitusiya və Suverenlik İli” vətəndaşların dövlətə münasibətində məsuliyyət və mənəvi bağlılıq hissinin gücləndirilməsinə xidmət edir. Təhsil, mədəniyyət və informasiya mühitində hüquqi biliklərin təbliği, gənclərin milli vətəndaşlıq ruhunda formalaşması, dövlət rəmzlərinə və Konstitusiyaya hörmətin artırılması bu ilin əsas prioritet istiqamətləri kimi müəyyənləşdirilə bilər.
Konstitusiyanın ali hüquqi dəyər kimi qorunması və suverenliyin bütün istiqamətlərdə – siyasi, iqtisadi, informasiya və mənəvi sahələrdə – möhkəmləndirilməsi dövlətin dayanıqlı inkişafını təmin edəcək. “Konstitusiya və Suverenlik İli” yalnız keçmiş nailiyyətlərin xatırlanması deyil, həm də hüquqi mədəniyyətin yeni səviyyəyə yüksəldilməsi, milli iradənin və dövlət müstəqilliyinin gələcək nəsillər üçün əbədi dəyərə çevrilməsi baxımından xüsusi tarixi əhəmiyyət kəsb edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.