Suriyanın keçid dövrünün prezidenti Əhməd əş-Şaraa Türkiyənin "Anadolu" agentliyinə verdiyi eksklüziv müsahibəsində İsrail ilə aparılan gizli və aşkar danışıqların taleyi ilə bağlı dünya gündəmini sarsıdacaq açıqlamalar verib.
Suriya rəhbəri İsrail ilə təhlükəsizlik sazişi bağlamaq məsələsində tamamilə ciddi olduğunu və regionda sabitliyin bərqərar olması üçün bu addımı atmağa hazır olduğunu bəyan edib.
Əş-Şaraa müsahibəsində qeyd edib ki, Suriya və İsrail arasındakı danışıqlar bəzi iddiaların əksinə olaraq dalana dirənməyib, lakin proses ciddi çətinliklərlə üz-üzədir. Onun sözlərinə görə, əsas maneə İsrailin Suriya ərazilərində öz hərbi iştirakını saxlamaq barədə israrlı və kəskin tələbləridir.
Prezident İsrailin Suriya hərbi bazalarına endirdiyi zərbələri və ölkənin bir hissəsində mövcud olan hərbi varlığını "böyük qəddarlıq" kimi xarakterizə etsə də, bu gərginliyin diplomatik yolla həllinə inandığını vurğulayıb.
Suriya lideri xüsusi olaraq diqqətə çatdırıb ki, rəsmi Dəməşq regional sabitliyi qorumaq naminə İsrail ilə təhlükəsizlik sahəsində genişmiqyaslı saziş əldə etmək niyyətindədir və bu istiqamətdə konstruktiv mövqe nümayiş etdirir. Bu bəyanat Yaxın Şərqdə onilliklərlə davam edən düşmənçilikdən sonra Suriyanın xarici siyasətində inqilabi dönüş nöqtəsi və İsrail ilə yeni sülh arxitekturasının qurulması cəhdi kimi qiymətləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.