Şəhid ailəsinə niyə 5 ildir ev verilmir?
Bu gün, 09:20
1 dəfə baxılıb

“Artıq 5 il keçib, şəhid ailəsi kimi hələ də mənzillə təmin olunmamışıq”.
Bu barədə “Qafqazinfo”ya İkinci Qarabağ müharibəsində şəhid olmuş Hüseyn Quliyevin anası, Gəncə şəhər sakini Gülxar Quliyeva müraciət edib.
O bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin 27 yanvar 2021-ci il tarixli, 8 nömrəli Sərəncamı ilə şəhidin atası Quliyev Həsən Sabir oğlu rəsmi qaydada yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qeydiyyata alınıb: “Həmin tarixdən 5 il müddət keçməsinə baxmayaraq, mənzillə təmin edilməmişik. Hazırda yaşadığımız evin şəraiti də çox aşağıdır. Bu bizə çətinlik yaradır. Demək olar ki, ətrafımızdakı bütün şəhid ailələri evlə təmin edilib. Ancaq bizə verilməyib, məsələ problem olaraq qalır”.
Şəhid anası qeyd edib ki, həyat yoldaşı Həsən Quliyev ağır yataq xəstəsidir: “Buna görə onun daimi qulluğa ehtiyacı var. Mövcud yaşayış şəraitimiz isə onun səhhəti üçün ciddi risklər yaradır”.
Gülxar ana, həmçinin əlavə edib ki, onlar məsələ ilə əlaqədar aidiyyəti qurumlara dəfələrlə müraciət edib: “Bizə qurumlardan gələn cavab budur: “Növbəli şəkildə evlə təmin olunacaqsınız”. Lakin təqdim edilmiş cavab bizi qane etmir. Bu məsələ konkret müddət göstərilməklə icra edilsin və təxirə salınmasın. Bilirik ki, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilir. Müvafiq qurumlardan çətin şəraitdə yaşamağımızı nəzərə almaqla, məsələnin tez bir zamanda həll olunmasını istəyirik”.
Şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaşın Agentliyə təqdim etdiyi sənədlərə baxılıb və Gəncə şəhərində birotaqlı mənzillə təmin edilməsi nəzərdə tutulub: “Şəhidimizin atası Həsən Quliyev Gəncə Şəhər İcra Hakimiyyətinin 7 yanvar 2021-ci il tarixli sərəncamı ilə ailə tərkibi 2 nəfər olmaqla, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində qeydiyyata alınıb. Nazirliyin balansında Gəncə şəhəri üzrə birotaqlı mənzillər olmadığı üçün Həsən Quliyevin mənzil təminatının həyata keçirilməsi mümkün olmayıb. Vətəndaşımızın mənzil təminatı məsələsinə növbəlilik qaydasında baxılacaq”.
Agentliyin cavabında eyni zamanda vurğulanıb ki, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 7.2 min, ümumən ötən dövrdə 16 mindən çox mənzil təqdim edilib. Əlilliyi olan şəxslərə isə postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə 7.7 min avtomobil təqdim edilib. Bu sahədə işlər 2026-ci ildə də davam etdiriləcək.
Xatırladaq ki, “Qafqazinfo” olaraq 21 yaşlı şəhidimizin ailəsi ilə 6 il əvvəl reportaj hazırlamışdıq. Hüseyn 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezidentin Sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
Fidan Etibar





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR