Kolumbiyada 7,4 bal gücündə baş verən zəlzələnin fəsadları ağırlaşmaqda davam edir.
Son məlumatlara görə, təbii fəlakət nəticəsində azı 254 nəfər həyatını itirib, 2 min 700 nəfər isə itkin düşmüş hesab olunur.
Ölkənin qərbində qeydə alınan zəlzələ xüsusilə Pereira, Kali, Manisales və Kibdo şəhərlərində ciddi dağıntılara səbəb olub. Çoxsaylı yaşayış və ictimai binalar dağılıb və ya ağır zədələnib.
Pereira şəhərində zəlzələnin dağıdıcı gücünü əks etdirən görüntülər yayılıb. Kadrlarda kitabxana yerləşən binanın güclü yeraltı təkanlar zamanı saniyələr içində çökdüyü görünür. Binanın dağılmasından sonra ətrafı qalın toz buludu bürüyüb, insanlar isə təşviş içində ərazidən uzaqlaşmağa çalışıblar.
Məlumata görə, zəlzələdən sonra təxminən 100 afterşok qeydə alınıb. Təbii fəlakət nəticəsində 5 mindən çox evə ziyan dəyib, bəzi bölgələrdə elektrik, su və rabitə xidmətlərində fasilələr yaranıb.
Axtarış-xilasetmə qrupları dağıntılar altında qalan insanları tapmaq üçün işlərini davam etdirir. Xüsusilə nəqliyyat və rabitə problemlərinin yaşandığı ərazilərdə vəziyyətin tam miqyasını müəyyənləşdirmək hələ də mümkün olmayıb.
Qeyd edək ki, zəlzələ Kolumbiyada bu əsrdə qeydə alınan ən güclü zəlzələ kimi təsvir edilib və fəlakətə cavab olaraq ölkə daxilində geniş xilasetmə və yardım işləri başlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.