sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin qardaşlıq səviyyəsinə çatması bütünlükdə türk dünyasının birlik və həmrəyliyini də möhkəmləndirir

1-06-2022, 20:17 208 dəfə baxılıb





Əsrlərin sınağından keçən Azərbaycan-Türkiyə qardaşlığı və iki dövlət arasındakı tarixi əlaqələr ölkəmizin müstəqillik illərində daha da şaxələnmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi müddətdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublika ilə Türkiyəni birləşdirən «Ümid körpü»sünün inşası münasibətləri daha da yaxınlaşdırdı. 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşü ilə əməkdaşlığın coğrafiyası daha da genişləndirildi. Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı imzalanan Sazişlə türk dövlətləri arasında münazibətlərin yeni hədəfləri müəyyənləşdirildi. Zirvə Görüşündə “Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır” söyləyən Prezident İlham Əliyevin sözləri artıq perspektiv deyil, reallıqdır. Bütün görüşlərdə diqqətçəkən məqam türk dövlətlərinin birlik və həmrəyliyinin möhkəmlənməsində böyük rola malik Türkiyə –Azərbaycan qardaşlığı idi. 
“Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində Azərbaycana göstərilən təzyiqlərə baxmayaraq neft-qaz kəmərlərinin Türkiyə ərazisindən keçməsində israrlı olan ulu öndər Heydər Əliyevin neft strategiyasını davam etdirən Prezident İlham Əliyev bu siyasətə sadiqliyini əməli fəaliyyəti ilə təsdiqlədi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin ardıcılları olan Cənub Qaz Dəhlizinin bütün seqmentləri hər iki dövlətin birgə səyi nəticəsində reallaşdı, dünyanın enerji xəritəsi yeniləndi. Türkiyə-Azərbaycan birliyinin ifadəsi olan TANAP-ın istismara verilməsini tarixi nailiyyət adlandıran Prezident İlham Əliyevin “Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur” sözləri qlobal nəqliyyat layihəsi olan Bakı-Tbilisi- Qars dəmir yolunun inşası üçün stimul yaratdı. 
Təcrübə göstərdi ki, bu il 30 ili tamam olan Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin qardaşlıq səviyyəsinə çatması bütünlükdə türk dünyasının birlik və həmrəyliyini də möhkəmləndirir. Kökləri, mədəni irsi, adət-ənənələri oxşar olan hər iki ölkənin xalqları əsrlərin sınaqlarından çıxmış dostluğu yüksək dəyərləndirir. Hazırda dünya siyasətində özünəməxsus yeri, nüfuzu olan, siyasi, iqtisadi, hərbi qüdrəti ilə də başqa dövlətlərə nümunə göstərilən bu qardaşlıq türk dünyasının birlik və həmrəyliyinə də önəmli töhfələr verir. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı 44 gün davam edən İkinci Qarabağ müharibəsində azad edən Azərbaycanın Qələbəsi o ağır günlərdə xalqımıza hər cür dəstək göstərən Türkiyə üçün də Zəfər tarixi idi. İkinci Qarabağ müharibəsində daim Azərbaycanın yanında olduğunu bəyanatları, dəstəyi ilə bildirən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi qardaş ölkənin dövlət rəsmilərinin xalqımızla həmrəylik nümunəsi olan sözləri möhkəmlənən qardaşlığımızın izaha ehtiyacı olmayan dəyəridir. «Dəmir yumruq» əməliyyatının paytaxtımızda keçirilən Qələbə müjdəli Zəfər paradını Azərbaycan və Türkiyə prezidentlərinin birgə izləməsi türk dünyasının sarsılmazlıq nümunəsi idi. 
Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsini imzalamaları, dünya birliyinə ünvanlanan çağırışları, Şuşada Türkiyənin baş konsulluğunun açılması ilə bağlı proqnozların səslənməsi bütünlükdə türk dünyasının möhkəmlənməsinə xidmət edir. Türk dünyasının iki qüdrətli dövləti arasında imzalanan Bəyannamədə nəzərdə tutulan bəndlər müsəlman ölkələrinə yönələn təhdid və təhlükələrin birgə səylə aradan qaldırılmasına yönəldilir. Müttəfiqlik Bəyannaməsində 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edilməsi hər iki dövlətin beynəlxalq müstəvidə təsdiqlənən siyasi, iqtisadi, hərbi, ticari əlaqələrinin təsdiqi, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlara, geosiyasi vəziyyətin sabitləşməsinə eyni mövqedən yanaşmadır. Zəngəzur dəhlizinin açılmasında Türkiyə ilə Azərbaycanın birgə səyindən bəhs edən Prezident İlham Əliyevin «Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır» sözləri Ermənistandan eşidilən revanşist çağırışlarının qarşısının da eyni qətiyyətlə alınacağına inamı artırır. Bölgəyə sülh, firavanlıq gətirəcək Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın daxil olduğu 3+3 platformanın təşəbbüskarları da Türkiyə və Azərbaycandır. 
İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması dünya diplomatiyasında söz sahibi olan Türkiyə-Azərbaycan həmrəyliyinin uğurudur. 30 illik əməkdaşlıqda xüsusi mahiyyəti ilə seçilən amil türk xalqlarının həmrəyliyinə töhfələr verən Prezident İlham Əliyevin fədakarlığının yüksək dəyərləndirilməsidir.
TDƏŞ-ə sədrlik etdiyi iki ildə əlaqələrin daha da möhkəmlənməsi istiqamətində önəmli təşəbbüslərin reallaşmasında, Türk İnvestisiya Fondunun yaradılmasında, Xəzəryanı dövlətlər olan Azərbaycanın, Qazaxıstanın və Türkmənistanın qlobal məsələlərin həllində eyni mövqedən çıxış etmələrində xüsusi xidmətləri olan Prezident İlham Əliyevin qətiyyəti xalqlar arasında möhkəmlənən həmrəyliyə töhfədir. Artıq Türk Dövlətləri Təşkilatı adlandırılan Şuraya sədrliyin Rəcəb Tayyib Ərdoğana həvalə olunması Türkiyə-Azərbaycan qardaşlığının nümunəsidir. Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya, Füzuliyə, Zəngilana səfərləri, Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpasında 12 türk şirkətinin iştirakı, Zəngəzur dəhlizinin təməlinin qoyulması türk dövlətlərinin həmrəyliyini daha da gücləndirəcək.

Vüsalə Mənəfova,
Salyan Peşə liseyinin müəllimi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO