sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır

1-06-2022, 20:18 193 dəfə baxılıb




Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. 
Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə-erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq...” deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir.
Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. İyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. 
2020-ci ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun düşmən üzərində parlaq qələbəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Otuz ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız bu qələbə nəticəsində hərbi və siyasi-diplomatik yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 44 günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.
Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda “Azadlıq meydanı”nda möhtəşəm Zəfər Paradı keçirildi. Xüsusi vurğulamaq lazımdır ki, Rəcəb Tayyib Ərdoğanın Zəfər Paradında Prezident İlham Əliyev ilə çiyin-çiyinə dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Düşmənin ələ keçirilən silah-sursat və texnika ilə yanaşı, dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi kimi, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi.
Türkiyə-Azərbaycan əbədi qardaşlığının növbəti təzahürü olan bu hərbi parad həm də Azərbaycanı sevməyən ermənipərəst dövlətlər üçün ciddi bir siyasi eyham oldu. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da geniş məzmunlu, qardaşlıq, birlik bağlarımıza əsaslanan nitqində vurğuladı ki, “...Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik...”
Bu gün Türkiyə gündən-günə güclənməklə dünyada çox fəal və önəmli müsbət rol oynayır. Bölgədə gedən proseslərdə də Türkiyənin təsir imkanları artır. Bu da təbii olaraq bizi çox sevindirir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq. Türkiyə ilə Azərbaycan arasında əlaqələr çoxşaxəli və genişdir. Əlbəttə ki, bu əlaqələr çox möhkəm tarixi və mədəni köklər əsasında qurulub. Xalqlarımız arasındakı doğmalıq, dostluq, qardaşlıq duyğuları bu əlaqələri daha da möhkəmləndirir. Eyni zamanda, istər nəqliyyat, istər energetika, istər mədəniyyət sahələrində, istərsə də humanitar sahədə birgə reallaşdırdığımız layihələr, birlikdə atılan addımlar bizi bir-birimizə daha da yaxınlaşdırır. Qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında sıx əlaqələr təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə və dünya üçün də mühüm əhəmiyyət kəsb edir. Türkiyə-Azərbaycan əlaqələri regional əməkdaşlıq üçün də başlıca şərtdir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bunun təcəssümüdür. Yeri gəlmişkən, Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti də regionda sülhün bərqərar olmasının səmərəli mexanizmi kimi diqqəti cəlb edir.
Fərəh və iftixar hisləri ilə vurğulanmalıdır ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb. Otuz illik işğala son qoyulmasında və Azərbaycanın ərazi bütövlüyünün bərpasında Türkiyənin mənəvi-siyasi dəstəyini dövlətimiz və xalqımız yüksək qiymətləndirməklə heç vaxt unutmayacaq. Əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaqdır.

Azər Əzizov,
Salyan rayon Yenikənd kənd tam orta məktəbin direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO