sonnoqte.az
Xəbər başlıqları
  • 10:04 – Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət 
  • 14:33 – Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib 
  • 12:25 – Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü 
  • 11:40 – Daşaltı kəndinin fonunda - Fotolar 

Qaxda gizli narkotik plantasiyası– ölkə üzrə 150 kiloqramdan çox narkotik, silahlar və onlarla şübhəli saxlanıldı

Bu gün, 12:06 1 dəfə baxılıb

Qaxda gizli narkotik plantasiyası– ölkə üzrə 150 kiloqramdan çox narkotik, silahlar və onlarla şübhəli saxlanıldı


Qax rayonunda meşəlik ərazidə narkotik tərkibli bitkilərin gizli şəkildə becərilməsi faktı aşkarlanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Həzrətəli Abdullayev saxlanılıb.

Araşdırma zamanı onun çay sahilində, meşəlik ərazidə gizli şəkildə əkdiyi çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Həzrətəli Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib.

Qaxda aşkar edilən bu fakt ölkədə narkotik vasitələrin qanunsuz becərilməsi ilə mübarizənin aktuallığını bir daha göstərir. Polis son günlər respublikanın müxtəlif bölgələrində də analoji əməliyyatlar həyata keçirib. Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı Zamin Həsənli və həmyaşıdı Pərvin Sevindikov saxlanılıblar. Onlardan 8 kiloqrama yaxın heroin və marixuana aşkar olunaraq götürülüb. Bu faktla bağlı da cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. DİN-in yaydığı məlumata əsasən, iyunun 27-28-də keçirilən əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində ölkə üzrə ümumilikdə 61 cinayətin üstü açılıb, əvvəlki dövrlərdən bağlı qalan daha 2 cinayət işi də açılıb.

Həmin günlər ərzində axtarışda olan ümumilikdə 80 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə bağlı 30 fakt aşkarlanıb. Qanunsuz saxlanılan silah-sursatla bağlı 16 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

Bundan başqa, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarılan 23 nəfərin yeri müəyyən edilərək ailələrinə təhvil verilib.

Polisin keçirdiyi əməliyyatlar nəticəsində dələduzluğa görə axtarışda olan daha 7 nəfər də saxlanılaraq istintaqa təqdim olunub.

Narkotiklərlə mübarizə istiqamətində əldə olunan nəticələr xüsusilə diqqət çəkir. Son iki gündə qanunsuz dövriyyədən ümumi çəkisi 150,1 kiloqramdan artıq narkotik vasitə çıxarılıb. Götürülən narkotiklərin 135,2 kiloqramdan çoxunu marixuana, 2,9 kiloqrama yaxınını heroin, 5 kiloqrama yaxınını tiryək, 7 kiloqramdan çoxunu isə həşiş təşkil edib.

Eyni zamanda polis əməkdaşları kultivasiya yolu ilə yetişdirilmiş 188 ədəd çətənə kolu aşkar edərək götürüblər. Bundan əlavə, yabanı halda bitmiş 9 934 ədəd çətənə kolu müəyyən edilərək məhv olunub.

Qanunsuz silah dövriyyəsinə qarşı tədbirlər də davam etdirilib. İyunun 27-28-də paytaxt və regionlarda keçirilən əməliyyatlar zamanı 6 avtomat silahı, 1 tapança, 16 tüfəng, 1 patron darağı və 269 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Yol polisi də narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşən sürücülərə qarşı tədbirləri davam etdirir. Belə ki, Kürdəmir rayon sakini Samid Səmədov Bakının Kənar Dairəvi yolunda idarə etdiyi "Mercedes" markalı avtomobillə təhlükəli manevrlər etdiyinə görə saxlanılıb. Araşdırma zamanı onun sürücülük hüququnun olmadığı, tibbi müayinə nəticəsində isə narkotik maddə qəbul etdiyi müəyyən edilib. Barəsində tərtib olunan inzibati materiallar məhkəməyə göndərilib və o, 17 sutka inzibati qaydada həbs edilib.

Digər bir əməliyyat isə Sumqayıtda həyata keçirilib. Şəhər sakininin azyaşlı övladına qarşı soyğunçuluq edilməsi barədə müraciətindən sonra polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş 44 yaşlı S.Rzayev saxlanılıb. Araşdırma zamanı onun şəhər ərazisində yerləşən evlərin birinin qarşısından velosiped oğurladığı da müəyyən edilib.

Daxili İşlər Nazirliyi bildirir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, qanunsuz silah saxlama və digər cinayət halları ilə bağlı əməliyyat-axtarış və profilaktik tədbirlər respublikanın bütün ərazisində fasiləsiz olaraq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO