Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Məclisin deputatı Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib.
Ölkə.az onun dosyesini təqdim edir:
Jalə Fazil qızı Əliyeva 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olub.
1983-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olub.
1988-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universitetdə oxuduğu illərdə, dövrün ən ali təqaüdü olan Lenin təqaüdünə layiq görülüb. Eyni zamanda universitetin ictimai və elmi həyatında yaxından iştirak etmiş, universitet elmi şurasının üzvü, fakültə komsomol komitəsinin katibi olub. 1994-cü ildə BDU-nun aspiranturasını bitirib.
1998-ci ildə adıçəkilən ali məktəbin Hüquq fakültəsini bitirərək, ikinci ali təhsilə yiyələnib.
1988-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsində dərs deyir. Hazırda BDU-nun Türk filologiyası kafedrasının professorudur. Şərqşünaslıq fakültəsi Elmi Şurasının üzvüdür.
1996-cı ildə "Füzulişünaslığın təşəkkülü və inkişaf meylləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 2006-cı ildə "Çağdaş Türk şeirinin poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2007-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Ali Attestasiya Komissiyasının qərarı ilə ona, 2012-ci ildə dosent, 2014-cü ildə professor elmi adları verilib.
AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının və AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat Müzeyinin Elmi Şurasının üzvüdür. 100-ə yaxım elmi məqalənin, 4 elmi monoqrafiyanın, 1 dərs vəsaitinin və 1 metodik vəsaitin müəllifidir. Həmçinin, 3 elmi araşdırma kitabı və 2 monoqrafiyaya elmi redaktorluq, 1 dissertasiya müdafiəsinə elmi rəhbərlik və 8 dissertasiya müdafiəsinə rəsmi opponentlik edib.
Azərbaycan Yazıçılar Birliyinin və İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) üzvüdür.
Beş dəfə (2005, 2010, 2015, 2020 və 2024-cü illərdə") ardıcıl Milli Məclisinə deputat seçilib. Milli Parlamentin Mədəniyyət komitəsinin sədr müavini olub.
Hazırda Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini, sosial-siyasət komitəsinin üzvüdür. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, komitə sədr müavini və sədr vəzifələrinə seçilib. Hazırda MDB Parlamentlərarası Assambleyasının üzvüdür. Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri olub. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. Eyni zamanda Azərbaycan-Türkiyə, Azərbaycan-İtaliya, Azərbaycan-Hindistan, Azərbaycan-Almaniya, Azərbaycan-Avstriya və Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının üzvüdür.
Şairə Nurəngiz Günün yeganə övladıdır. J.Əliyevanın özünün də 1 övladı var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.