Göygöl Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının və Gənclər Evinin birgə təşkilatçılığı ilə 18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Göygöl rayon Gənclər Evində baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov təhsil işçiləri, rayon ziyalıları və gənclər iştirak ediblər.
Əvvəlcə Gənclər Evinin foyesində Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin çıxışları və şagirdlərin əl işləri təqdim olunub. Dəyirmi masa Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, sonra iştirakçıların çıxışları ilə davam edib. Tədbirdə İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək müstəqillik tariximiz barədə geniş və ətraflı məlumat veriblər. Dəyirmi masada həmçinin RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əfsanə Cəfərovanın, YAP Göygöl rayon təşkilatının əməkdaşı Aygün Həsənovanın və Gənclər Evinin metodisti Qoşun Nəsirovun məruzələri dinlənilib. Yekunda 18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videçarx nümayiş olunub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev - Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümüdür. 1991-ci il oktyabrın 18-də müstəqilliyimizin bərpa edilməsi xalqımızın öz azadlığı uğrunda milli mücadiləsinin təntənəsi kimi tarixə həkk olunub.
Azərbaycanın müstəqilliyə gedən yolu digər müttəfiq respublikalar kimi hamar olmadı. Biz bu yolda dolanbaclardan, enişlərdən, yoxuşlardan keçdik. Eyni zamanda müstəqilliyimizin ilk illərində baş verənlər göstərdi ki, azadlığı qorumaq daha çətindir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təbirincə desək, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.
Müstəqilliyimizin ilk illərində respublikamızda cərəyan edən gərgin proseslərin nəticəsi olaraq müstəqilliyimizin taleyi də sual altına düşmüşdü. Yalnız Ulu Öndər Heydər 1993-cü ildə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədi və sarsılmaz olması təmin edildi. Ümummilli Lider Heydər Əliyev öz böyük dühası və müdrikliyi ilə müstəqilliyimizin və müasir dövlətçiliyimizin etibarlı dayaqlarını yaratdı.
Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyat amalı, möhtəşəm fəaliyyəti, uzaqgörən və müdrik siyasəti sayəsində ölkəmiz bu gün azad, müstəqil və güclüdür.
Dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət suveren Azərbaycana şanlı tariximizin ən uğurlu illərini yaşatmaqla onu bütün sahələrdə regionun aparıcı dövlətinə, dünyada söz sahibinə çevirib. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hər bir möhtəşəm uğurunun fonunda müstəqilliyimizin möhkəm, əbədi və sarsılmaz olması daha aydın görünür.
Prezident İlham Əliyevin müdrik siyasəti ilə torpaqlarımızın işğaldan azad edilməsi, o cümlədən ərazilərimizdə erməni separatizminə son qoyulması isə həm də müstəqilliyimizin uğurlu hadisələridir. Bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi həyata keçirdiyi qətiyyətli siyasətin təntənəsidir.
Bir vaxtlar müstəqilliyinin taleyi sual altında olan Azərbaycan indi tarixinin ən qüdrətli və həm də şərəfli dövrünü yaşayır. Müstəqil və taleyinin sahibi olan dövlətimiz hər birimizin qürur mənbəyidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.