sonnoqte.az
Xəbər başlıqları
  • 13:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 13:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 10:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 13:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı

Bu gün, 14:22 6 dəfə baxılıb

Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı


General-leytenant Norat Ter-Qriqoryants Ermənistan vətəndaşlığından imtina etdiyini və bir daha Ermənistana gəlməyəcəyini bildirib.

Musavat.com xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin keçmiş komandanı, Baş Qərargahının sabiq rəisi, müdafiə nazirinin keçmiş birinci müavini, SSRİ Quru Qoşunları Baş Qərargahı rəisinin sabiq müavini bu barədə “İravunk” qəzetinə müsahibəsində danışıb.

Lakin daha sonra general açıqlamasında vətəndaşlıqdan imtinanın yeni hadisə olmadığını bildirib. Ter-Qriqoryantsın sözlərinə görə, bu, 2020-ci ildə, 44 günlük müharibədən əvvəl Ermənistana səfəri zamanı baş verən hadisələrdən sonra olub. O, mümkün müharibə barədə xəbərdarlıq etmək və köməyini təklif etmək üçün Ermənistana gəlib, prezident Armen Sarkisyanla görüşüb və o zamankı müdafiə naziri David Tonoyanla görüşünün təşkil edilməsini istəyib. Lakin bu görüş baş tutmayıb.

Ter-Qriqoryants bildirib ki, bundan sonra ona göstərilən münasibətdən ağır təsirlənib, daha sonra Ermənistanın konsulluğuna müraciət edərək pasportunu şəxsən təhvil verib və Ermənistan vətəndaşlığından imtina barədə ərizə yazıb.

Hazırda Rusiyada yaşayan Ter-Qriqoryants bildirib ki, daha sonra Prezident Administrasiyasından vətəndaşlıqdan məhrum edilməsi barədə bildiriş alıb.

Hərbçi qərarını Ermənistanın indiki hakimiyyətinə münasibəti ilə izah edib.

“Ermənistanda hakimiyyətə qalan bir ovuc erməni xalqına xəyanət edən və onu türklərin əli ilə məhv etmək istəyən insanlar gəlibsə, mən nə etməliyəm? Mən pasportumu təhvil verdim, indiki Prezident Administrasiyasından isə belə bir məlumat aldım: ‘Siz vətəndaşlıqdan məhrum edilmisiniz’. Yaxşı, əlvida, mənim doğmalarım. Mən bir daha Ermənistana gəlməyəcəyəm”, – deyə Ter-Qriqoryants bildirib.

Norat Ter-Qriqoryantsın bu qərarı onun keçmişi, xüsusilə Birinci Qarabağ müharibəsində oynadığı rol baxımından diqqət çəkir. O, Ermənistan ordusunun yaradılmasının əsas fiqurlarından, Azərbaycan torpaqlarının işğalı dövründə isə Ermənistanın ali hərbi rəhbərlərindən biri olub.

Sovet ordusundan Ermənistanın hərbi rəhbərliyinə

Norat Qriqoryeviç Ter-Qriqoryants 16 iyul 1936-cı ildə Şimali Osetiyanın Orconikidze, indiki Vladiqafqaz şəhərində anadan olub. 1955-ci ildən SSRİ Silahlı Qüvvələrində xidmət edib. Ulyanovsk Qvardiya Tank Məktəbini, zirehli qoşunlar üzrə hərbi akademiyanı və SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

Əfqanıstan müharibəsində sovet qoşunlarının 40-cı ordusunun qərargah rəisi və komandanın birinci müavini vəzifəsində çalışıb.

1983-cü ilin sonunda Moskvaya qaytarılıb. SSRİ Quru Qoşunları Baş Qərargahı rəisinin müavini – Təşkilati-Səfərbərlik İdarəsinin rəisi olub və general-leytenant rütbəsinə qədər yüksəlib.

Ter-Petrosyan onu Qarabağ müharibəsinin qızğın vaxtında Ermənistana çağırdı

SSRİ dağıldıqdan sonra Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyan Ter-Qriqoryantsı Ermənistana dəvət edib. Qarşısına yeni Ermənistan ordusunun yaradılması vəzifəsi qoyulub.

Ter-Qriqoryants Ermənistan Silahlı Qüvvələrinin qurulması konsepsiyasını hazırlayıb və keçmiş sovet zabitləri ilə birlikdə ordunun yaradılmasına başlayıb.

General öz xatirələrində Ermənistana gəldiyi zaman Qarabağ cəbhəsində vəziyyətin erməni tərəfi üçün ağır olduğunu yazıb. Azərbaycan Ordusu Ağdərə istiqamətində irəliləmişdi və Xankəndi də təhlükə altında idi.

10 avqust 1992-ci ildə Ter-Qriqoryants Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyinə gətirilib. O, Ermənistan Silahlı Qüvvələrinin komandanı, Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini, 1993-cü ildə isə müdafiə nazirinin səlahiyyətlərini icra edən şəxs olub.

Beləliklə, Birinci Qarabağ müharibəsinin ən ağır dövründə Ermənistanın ali hərbi rəhbərliyində dayanıb.

Azərbaycan torpaqlarının işğalında böyük rol oynadı

Ter-Qriqoryants Ermənistanın nizami ordusunun yaradılmasının əsas təşkilatçılarından olub. Onun rəhbərliyi dövründə hərbi idarəetmə və Baş Qərargah sistemi qurulub, hərbi hissələr formalaşdırılıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti artırılıb.

Məhz onun Ermənistanın ali hərbi rəhbərliyində olduğu dövrdə müharibənin gedişində ciddi dönüş baş verib. 1993-cü ildə Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları, eləcə də Füzuli rayonunun böyük hissəsi işğal edilib.

Ter-Qriqoryants həmin vaxt kənardan məsləhət verən istefada olan general deyil, Ermənistanın Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, bir müddət isə müdafiə nazirinin səlahiyyətlərini icra edən şəxs idi. O, Ermənistan ordusunun qurulması və idarə olunmasında, Birinci Qarabağ müharibəsində və Azərbaycan torpaqlarının işğalında böyük rol oynayıb.

1995-ci ildə Ermənistanın hərbi rəhbərliyindən ayrılaraq Moskvaya qayıdıb və sonradan MDB və KTMT strukturlarında Ermənistan Silahlı Qüvvələrinin maraqları istiqamətində fəaliyyət göstərib.

İşğal edilmiş Azərbaycan rayonlarının qaytarılmasına qəti qarşı çıxırdı

Ter-Qriqoryants müharibədən sonra da mövqeyini dəyişməyib. O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda işğal edilmiş Azərbaycan rayonlarının ölkəmizə qaytarılmasının qəti əleyhdarı olub.

Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı erməni qüvvələrinin hərbi təhlükəsizliyi üçün zəruri zona kimi təqdim edir, həmin ərazilərin Azərbaycana qaytarılmasının qurulmuş müdafiə sistemini zəiflədəcəyini bildirirdi.

2015-ci ildə Qarabağla bağlı mövqeyini dəyişmədi

Ter-Qriqoryants 2015-ci ildə də Qarabağın Azərbaycanın tərkib hissəsi olması mövqeyini qəbul etmirdi.

O, Ermənistan ordusunun yaradılmasında öz rolundan danışır, 1990-cı illərdə yaradılmış nizami ordunun Azərbaycan Ordusuna qarşı apardığı döyüşləri müsbət nəticə kimi təqdim edirdi. Azərbaycanın işğal edilmiş ərazilər üzərində suverenliyinin bərpasına qarşı çıxırdı.2016-cı ilin Aprel döyüşlərindən sonra Azərbaycanı hədəfə aldı

2016-cı ilin Aprel döyüşlərindən sonra Ter-Qriqoryants Azərbaycan əleyhinə sərt çıxışlar edib.

Azərbaycanı “təcavüzkar” adlandırıb, Azərbaycan Ordusunun öz ərazilərində irəliləməsini Ermənistan tərəfinə hücum kimi təqdim edib. Qarabağın Azərbaycan ərazisi olmasını qəbul etməyib və erməni silahlı qüvvələrinin mövqelərinin gücləndirilməsini müdafiə edib.

2017-ci ildə işğal altındakı Xankəndi və Şuşaya səfər etdi

Ter-Qriqoryants 2017-ci ilin mayında Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə səfər edib. O, Xankəndidə 9 May tədbirlərində iştirak edib, həmçinin Şuşada olub. Ermənistan və Qarabağdakı erməni mənbələri həmin səfər zamanı Ter-Qriqoryantsın Xankəndi və Şuşada çəkilmiş fotolarını da yayıblar.

44 günlük müharibədən əvvəl Ermənistana xəbərdarlıq etməyə gəldi

Ter-Qriqoryants sonralar bildirib ki, 2020-ci ilin 44 günlük müharibəsindən təxminən bir ay əvvəl Ermənistana gedib. Böyük müharibənin yaxınlaşdığını görürdü və Ermənistan rəhbərliyini xəbərdar etmək, hərbi təcrübəsini bölüşmək istəyirdi.

Ermənistanda prezident Armen Sarkisyanla görüşsə də, o zamankı müdafiə naziri David Tonoyanla görüşə bilməyib.

Ter-Qriqoryants sonradan Ermənistan ordusunun əvvəlki idarəetmə və hərbi hazırlıq sisteminin zəiflədilməsini 2020-ci ildəki məğlubiyyətin səbəblərindən biri kimi göstərib.

Azərbaycan Ordusuna qarşı konkret hərbi təkliflər verdi

Ter-Qriqoryants 44 günlük müharibədə rəsmi vəzifə tutmasa da, Azərbaycan Ordusuna qarşı döyüşlərin necə aparılmalı olduğu barədə konkret hərbi-taktiki təkliflər verirdi.

8 noyabr 2020-ci ildə, Şuşa uğrunda həlledici döyüşlərin getdiyi vaxt o, erməni qüvvələrinin Azərbaycan Ordusunun irəliləmiş bölmələrini mühasirəyə almasının mümkün olduğunu bildirirdi.

Şuşa istiqamətinə əlavə qüvvələr göndərilməsini, Azərbaycan qüvvələrinin hərəkətinin atəşlə məhdudlaşdırılmasını, mina-partlayış maneələrinin yaradılmasını və irəli çıxmış Azərbaycan bölmələrinin mühasirəyə alınaraq məhv edilməsini təklif edirdi.

Ter-Qriqoryants Zəngilan istiqamətində irəliləmiş Azərbaycan qüvvələrinin arxa kommunikasiya xətlərinin kəsilərək onlar üçün “kisə” yaradılmasından da danışırdı.

2023-cü ildə Laçın yolu məsələsində də Azərbaycanı hədəfə aldı

Ter-Qriqoryants 2023-cü ildə Laçın yolu ətrafındakı vəziyyət zamanı Azərbaycan əleyhinə sərt bəyanatlar verib.

O, Laçın yolundakı vəziyyəti İkinci Dünya müharibəsində Leninqradın blokadası ilə müqayisə edib, Azərbaycanı Qarabağ ermənilərini bölgədən çıxarmağa çalışmaqda günahlandırıb.

Rusiya sülhməramlılarını da tənqid edərək onların Laçın yolunda hərəkətin məhdudlaşdırılmasına imkan verməməli olduğunu söyləyib. Ter-Qriqoryants Qarabağ ermənilərinə Rusiya pasportu almağı da təklif edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO