Ermənistan hərbi arsenalını yeni tərəfdaşlarla yeniləyir - deputat hesab edir ki, Azərbaycanın bu prosesə emosional deyil, strateji baxışı var
Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan ölkəsinin ilk dəfə olaraq ABŞ-dən müdafiə texnologiyaları almaq imkanına malik olduğunu açıqlayıb. Onun sözlərinə görə, Vaşinqtonla hərbi əməkdaşlığın genişlənməsi İrəvanın təhlükəsizlik siyasətinin şaxələndirilməsi strategiyasının tərkib hissəsidir.
Səfir bildirib ki, uzun illər sovet silahlarından istifadə edən Ermənistan son dövrdə Fransa, Hindistan və digər tərəfdaşlardan zirehli texnika, artilleriya və raket sistemləri əldə edib. Fevral ayında ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İrəvana səfərindən sonra isə Amerikanın Shield AI şirkətinin istehsalı olan V-BAT pilotsuz uçuş aparatlarının alınması ilə bağlı razılaşmanın gündəmə gəldiyi qeyd olunur.
Mkrtçyan vurğulayıb ki, Ermənistan hazırda ABŞ da daxil olmaqla, yeddi ölkədən müxtəlif müdafiə texnologiyaları əldə edir və Vaşinqtonun hərbi bazarına çıxış İrəvan üçün yeni imkanlar açır.
Ermənistan rəsmisi ABŞ ilə strateji əməkdaşlığın, eləcə də Avropa İttifaqı ilə əlaqələrin Rusiya, İran və ya digər ölkələrə qarşı yönəlmədiyini desə də, bu proses Cənubi Qafqazda hərbi-siyasi balansın dəyişməsi baxımından diqqətlə izlənilir.
Ekspertlərin fikrincə, Vaşinqtonun Ermənistanın müdafiə sektorunda rolunun artması ABŞ-nin regiondakı siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu isə Azərbaycanın ABŞ ilə münasibətlərində əlavə həssaslıq yarada, Bakı-Vaşinqton dialoqunda təhlükəsizlik məsələlərinin daha ön plana çıxmasına səbəb ola bilər.
“Ermənistanın təhlükəsizlik siyasətində yeni mərhələ başlayır. İrəvan artıq təkcə silah alan ölkəni deyil, həm də silah aldığı geosiyasi mərkəzləri dəyişir. ABŞ-dəki səfir Narek Mkrtçyanın Vaşinqtondan müdafiə texnologiyalarının alınacağı ilə bağlı açıqlaması göstərir ki, Ermənistan hərbi arsenalını "Made in USA" etiketi ilə genişləndirmək niyyətindədir". Bu sözləri “Yeni Müsavat”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputatın sözlərinə görə, Ermənistanın təhlükəsizlik siyasətini “şaxələndirmə” adı altında həyata keçirdiyi silahlanma prosesi əslində regionda yeni geosiyasi düzənin formalaşmasının tərkib hissəsidir: “Ermənistan uzun illər sovet silahlarından asılı qaldıqdan sonra son dövrdə Fransa, Hindistan və digər ölkələrdən zirehli texnika, artilleriya və raket sistemləri əldə edib. İndi isə ABŞ istehsalı olan, süni intellekt elementləri ilə təchiz edilmiş V-BAT pilotsuz uçuş aparatlarının alınması gündəmdədir. Bu isə Ermənistanın müdafiə siyasətində texnoloji transformasiyanın növbəti mərhələsidir. İrəvan bu prosesi "təhlükəsizlik siyasətinin şaxələndirilməsi" kimi təqdim etsə də, məsələ təkcə silah alışından ibarət deyil. Bu addım Cənubi Qafqazda geosiyasi nüfuz uğrunda rəqabətin yeni müstəviyə keçdiyini göstərir. Əgər əvvəllər Ermənistanın əsas təhlükəsizlik dayağı Rusiya idisə, indi Fransa, Hindistan, Avropa İttifaqı və ABŞ eyni təhlükəsizlik mozaikasının hissələrinə çevrilir".
Deputat hesab edir ki, Azərbaycanın bu prosesə emosional deyil, strateji baxışı var: “Bakı regionda silahlanma yarışının deyil, dayanıqlı sülhün tərəfdarıdır. Lakin istənilən hərbi-siyasi dəyişiklik milli təhlükəsizlik prizmasından diqqətlə təhlil edilir və zəruri hallarda adekvat addımlar atılır. Azərbaycan son illərdə müdafiə sənayesinin inkişafı, Türkiyə, Pakistan, İsrail və digər tərəfdaşlarla hərbi-texniki əməkdaşlığın genişləndirilməsi hesabına regionun ən güclü ordularından birini formalaşdırıb. Bu baxımdan məsələ hansı ölkədən silah alınması deyil, həmin silahların hansı məqsədlərə xidmət etməsi və regionda sülh prosesinə necə təsir göstərəcəyidir”.
V.İskəndərov vurğulayıb ki, Vaşinqton da bu prosesdə həssas balansı qorumağa çalışacaq. ABŞ bir tərəfdən Ermənistanla əməkdaşlığı genişləndirir, digər tərəfdən isə Cənubi Qafqazın əsas enerji, nəqliyyat və təhlükəsizlik tərəfdaşlarından biri olan Azərbaycanla strateji dialoqu davam etdirməkdə maraqlıdır.
Deputatın fikrincə, Ermənistanın “Made in USA” kursu sadəcə yeni silah müqaviləsi deyil, regionda dəyişən geosiyasi arxitekturanın növbəti elementidir: “Bununla belə, Cənubi Qafqazın gələcəyini silahların mənşəyi deyil, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması və qarşılıqlı etimadın formalaşması müəyyən edəcək”.
Politoloq Züriyə Qarayeva isə hesab edir ki, Ermənistanın ABŞ-dan müdafiə texnologiyaları almaq niyyəti İrəvanın son illər həyata keçirdiyi təhlükəsizlik siyasətinin şaxələndirilməsi kursunun davamıdır: “Bu proses Cənubi Qafqazda mövcud hərbi-siyasi balans baxımından həssas məsələdir. Azərbaycanın əsas gözləntisi bölgədə silahlanma yarışının təşviq olunmaması, xarici dövlətlərin regionda yeni qarşıdurma mühiti formalaşdıracaq addımlardan çəkinməsidir. Bakı dəfələrlə vurğulayıb ki, davamlı sülhün təminatı hərbi arsenalın genişləndirilməsindən deyil, sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və qarşılıqlı etimadın möhkəmləndirilməsindən keçir. Digər tərəfdən, ABŞ-nin Ermənistanın müdafiə sektorunda rolunun artması Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni mərhələnin göstəricisi kimi dəyərləndirilə bilər. Bu vəziyyətdə Azərbaycan həm ABŞ, həm də digər tərəfdaşlarla təhlükəsizlik məsələləri üzrə dialoqu daha da intensivləşdirməyə çalışacaq. Eyni zamanda Bakı regionda formalaşan yeni əməkdaşlıq formatlarının öz təhlükəsizlik maraqlarına zidd olmamasına xüsusi diqqət yetirəcək. Əgər xarici hərbi əməkdaşlıq müdafiə xarakterini aşaraq regional qüvvələr balansına təsir göstərəcək səviyyəyə çatarsa, bu, Cənubi Qafqazda etimad mühitinin zəifləməsinə və sülh prosesinin daha mürəkkəb mərhələyə keçməsinə səbəb ola bilər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.