Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova, İrəvanın Rusiya ilə münasibətləri ilə bağlı açıqlamalarının onun hərəkətlərinə zidd olduğunu vurğulayıb. Zaxarova bildirib ki, Rusiyaya qarşı siyasət yürüdən Ermənistanın NATO ilə yaxınlaşması narahatlıq doğurur.
XİN sözçüsü həmçinin qeyd edib ki, bütün bunlar Qərbin Rusiyanı Cənubi Qafqazdan çıxmaq istəyi ilə bağlıdır: “Əksinə, Rusiya Cənubi Qafqazdan çıxmayacaq və çıxmaq niyyətində də deyil. Bu, tarixi və coğrafi səbəblərə görə mümkün deyil. Lakin Aİ və ABŞ-ın regiondakı maraqlarının nə dərəcədə ciddi və uzunmüddətli olduğu sualı açıq qalır”.
Zaxarova deyib ki, Rusiya Qafqazdan çıxmayacaq. Bu, o deməkdirmi ki, Rusiya “Tramp layihəsi”nə imkan verməyəcək?
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Zəngəzur dəhlizinin açılmasını qaçılmaz sayır. Seçkilərdən sonra Paşinyanın TRİPP layihəsi ilə bağlı real işlər görəcəyini deyən VHP sədrinin müavini Rusiyanın müdaxiləsini mümkünsüz hesab edir: "Ümumiyyətlə, Zaxarova və digər Rusiya rəsmiləri bəyanat verməklə məşğuldur. Rusiya qəbul edə bilmir ki, Cənubi Qafqaz əldən gedir və Ukrayna müharibəsi ona baha oturdu. Əgər Rusiya Zəngəzur dəhlizini öz nəzarətində aça bilsəydi, üçtərəfli 10 noyabr sənədindən irəli gələrək bunu çoxdan reallaşdırardı. Həmin sazişin 9-cu bəndinə əsasən Rusiya FTX dəhlizə yerləşməliydi. Amma Rusiya bacarmadı və Paşinyan Qərbin dəstəyi hesabına koridoru onlara vermədi. İndi isə Trampın adını daşıyan bir layihənin açılışı gündəmdədir və Rusiya əngəl ola bilməz. Artıq bu fürsəti qaçırıb və 10 noyabr sənədi öz işinə gedib. Zaxarovanın son açıqlaması isə bu hadisələr fonunda daldan atılan daşın topuğa dəyməsinə bənzər mənzərədir".
S. Əsədli Zəngəzur dəhlizində ABŞ şirkətinin fəaliyyət göstərəcəyini xatırladaraq, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında quru yolun təmin olunacağını bildirib: "Cənubi Qafqazda yeni reallıqlar var və Rusiyaya yer yoxdur. Moskva səhvlərii qəbul etməlidir. Hətta bu günlərdə rusiyalı bir analitik etiraf etdi ki, gözümüzün qarşısında Ermənistanı və regionu əlimizdən alırlar, biz isə buna tamaşaçı qalmaqdayıq. Bəli, Rusiya Zəngəzur dəhlizini istəyirdisə, Ermənistana batmalı və yolu 2021-2023-cü illərdə açmağa nail olmalıdı. Amma təzyiqlər təsir etmədi, ya da heç təzyiq də göstərilmədi. Ona görə, Cənubi Qafqazla bağlı Rusiya rəsmilərinin dedikləri blefdir".musavat.com
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.