Avropa Birliyində ziddiyyətlər dərinləşir, indi bu qurum Ukraynaya dəstək verənlər, Rusiya ilə münasibətləri bərpa etməyə çalışanlar və tərəddüd içərisində olanlardan ibarət üç qrupa parçalanmağa başlayıb... Rusiyaya qarşı sanksiyaların əsas yükünü çəkən “qoca qitə” ölkələri tədricən Ukraynaya verdikləri dəstəyi geri çəkmək niyyətindədir, belə davam edərsə, rəsmi Kiyev Kreml qarşısında təklənmiş duruma düşə bilər...
Avropa məkanında qarşılıqlı münasibətlərdə müəyyən problemlər müşahidə olunmağa başlayıb. Belə ki, “qoca qitə”də kifayət qədər ciddi problemlərin olduğu əslində, çoxdan məlum olan inkaredilməz reallıqdır. Sadəcə, son vaxtlar Avropa dövlətləri arasındakı kəskin ziddiyyətlər daha qabarıq şəkildə ortaya çıxmaqdadır. Və hətta bu ziddiyyətlər Avropa Birliyi daxilində olduqca ciddi siyasi böhrana da yol açmaq üzrədir.
Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi əvvəlki dövrlərdən fərqli olaraq, indi monolit siyasi-iqtisadi sistem görüntüsündən sürətlə uzaqlaşmağa başlayıb. Hər halda, Böyük Britaniyanın bu qurumu tərk etməsindən sonra başlayan mərhələdə Avropa Birliyinin yüksəliş dövrü yekunlaşmış kimi görünür. Çünki hazırda Avropa Birliyi daha çox vaxtilə sahib olduğu beynəlxalq siyasi-iqtisadi nüfuzu və mövqeləri xərcləməklə diqqəti çəkir. Və bu, Avropa Birliyinin gələcək taleyi ilə bağlı müəyyən pessimist ehtimalları ön plana keçirir.
ae21e77cbb-Avropa-ittifaqi-qeyri-konstruktiv-movqeye-son-qoymalidir.jpg (324 KB)
Məsələ ondadır ki, Avropa Birliyi öz ilkin missiyasından tamamilə uzaqlaşıb. Bu qurum son illərdə siyasi-iqtisadi alyans kimi fəaliyyətinə dünya hegemonluğu rəqabətində apardığı mübarizəni də əlavə edib. Ancaq indi məlum olur ki, bu qurumun belə ambissiyalı hədəflər üçün yetərli rəqabət resursları mövcud deyil. Və bu istiqamətdə fəaliyyəti Avropa Birliyinin beynəlxalq məkanda nəhəng geopolitik iradə mərkəzi kimi yüksəlişinə deyil, əksinə, çöküşünə yol açır.
Ona görə də, son vaxtlar Avropa Birliyi daxilində mövcud olan kəskin ziddiyyətlərin daha da dərinləşməsi indi qaçılmaz proses hesab olunur. Hətta bu qurum daxilində mərkəzdənqaçma prosesinin artıq təhlükəli istiqamətlər aldığı da iddia olunur. Belə ki, Avropa Birliyinin perspektivlərinə şübhə ilə yanaşmağa başlayan bəzi üzv ölkələr indi ortaq deyil, daha çöx özəl maraqlarını ön plana keçirtməyə üstünlük verirlər. Və nəticədə bu qurum daxilində cərəyan edən neqativ proseslər tədricən parçalanma istiqamətləri almaqdadır.
Maraqlıdır ki, Ukrayna savaşı Avropa Birliyini inkişafdan saxlayıb, çöküş mərhələsinə doğru sürükləyən əsas faktorların sırasına daxil edilir. Çünki Ukrayna savaşına münasibətdə vu qurumun daxilində vahid mövqe artıq mövcud deyil. Vaxtilə çətinliklə də olsa, əldə edilmiş konsensus çoxdan pozulmuş kimi görünür. Və bu səbəbdən də, indi Avropa Birliyi daxilində Ukrayna savaşına münasibətdə üzv dövlətlərin mövqeyi üç istiqmət üzrə şaxələnib.
1643700712_1.jpg (28 KB)
Birinci istiqamət Ukraynanı hələ də israrla dəstəkləyən və digərlərindən də bunu tələb edən dövlətlər qrupudur. Bu qrupa hazırda ciddi şəkildə zəifləyib, nüfuzdan düşsə də, hələ də dünyada aparıcı mövqelərə iddia edən Fransa liderlik edir. Rəsmi Paris Rusiyanın tamamilə çökdürülməsinə yönəlik fəaliyyət ssenarilərində israrlı mövqe tutur. Əsas ümidlər ondan ibarətdir ki, Rusiyanın əlindən çıxan beynəlxalq mövqelər Fransanın aktivinə keçə bilər. Və bu səbəbdən də, Fransa Rusiyaya qarşı savaşda Avropa Birliyinin Ukraynanı dəstəkləməkdə davam etməsi üçün digər üzv dövlətlərə hətta təzyiq göstərməyə belə, cəhd göstərir.
İkinci istiqamət Ukraynanı dəstəkləməkdən son vaxtlar hətta açıq şəkildə imtina edən dövlətlər qrupudur. Macarıstanın ön planda yer aldığı bu qrupda yer alan dövlətlər Avropa Birliyinin üzləşdiyi əsas problemləri məhz Ukrayna savaşı ilə əlaqələndirirlər. Əsas arqumentlər ondan ibarətdir ki, Avropa Birliyi Ukrayna savaşına fantastik məbləğlərdə maliyyə vəsaiti xərcləməklə, böyük səhv buraxır. “Qoca qitə” ölkələri geriyə dönüş ehtimalı olmayan bu xərclər ucbatından zəiflədilir. Və Avropa Birliyinin inkişaf perspektivləri bloklanmış olur.
Digər tərəfdən, bu qrupa daxil olan dövlətlər Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını “qoca qitə” üçün fəlakət ssenarisi hesab edirlər. Onlar əmindirlər ki, Avropa Birliyi yalnız Rusiyaya deyil, həm də iqtisadi bumeranq effektini nəzərə aldıqda, əslində, həm də “qoca qitə” ölkələrinə də sanksiya tətbiq etmiş olur. Və bu arqumentlərə əsaslanan Ukrayna savaşının əleyhdarları hətta Rusiya ilə iqtisadi-ticari münasibətləri bərpa etmək istiqamətində addımlar atmağa da başlayıblar.
Üçüncü istiqmət isə Ukrayna savaşının maliyyələşdirilməsinin vacibliyinə ciddi şübhə edən ölkələri əhatə edir. Bu qrupa daxil olan ölkələr hazırda Rusiya ilə savaşda Ukraynaya dəstək verməkdə davam edirlər. Ancaq onlar Rusiya ilə münasibətlərin bərpasının vacibliyi ilə bağlı təhlifləri də dəstəkləməyə yaxındırlar. Hətta hesab edirlər ki, Avropa Birliyi Ukrayna savaşını uzun müddət maliyyələşdirə bilməz və nə vaxtsa, bu mövqedən geri çəkilmək lazım gələcək.
e7a9aa157b562a8a4aed20f4c72213ae.jpg (110 KB)
Bu baxımdan, Almaniyanın liderlik etdiyi belə mövqeli dövlətləri tərəddüd edənlər qrupu hesab edirlər. Hazırda tərəddüdçü ölkələr Ukraynaya dəstək versələr də, hər an rəsmi Kiyevin arxasından çəkilə biləcəklərini sezdirirlər. Çünki bu ölkələr Rusiya ilə “körpüləri tamamilə yandırmaq”dan çəkinirlər və münasibətlərin nə vaxtsa, bərpa edilməsi üçün “açıq qapı” buraxmağa çalışırlar. Və bunu Almaniyanın son davranışları da sübut edir.
Məsələ ondadır ki, Almaniya Ukraynaya daha hərbi texnika göndərməmək barədə qərar qəbul edib. Bu ölkə eyni zamanda Ukraynaya Almaniya istehsalı olan silahlarla Rusiya ərazisinə zərbə endirməyi də qadağan edib. Halbuki, rəsmi Kiyev son vaxtlara qədər bunun əksinə - Qərbdəki müttəfiqlərindən Rusiyanın dərinliklərinə zərbə icazəsi ala biləcəyinə böyük ümidlər bəsləyirdi. Və bu baxımdan, Almaniyanın qərarından sonra Ukraynaya belə icazənin verilə biləcəyi ilə bağlı ehtimal ümumiyyətlə, gündəmdən çıxmış kimi görünür.
Belə anlaşılır ki, “kollektiv Qərb” daxilində kifayət qədər ciddi parçalanma mövcuddur. Xüsusilə də, Ukrayna savaşına münasibət Avropa Birliyində kəskin ziddiyyətləri daha da dərinləşdirib. İndi Rusiyaya qarşı sanksiyaların əsas yükünü çəkən “qoca qitə” ölkələri tədricən Ukraynaya verdikləri dəstəyi geri çəkməyə meyil göstərirlər. Və belə davam edərsə, Ukrayna Rusiya qarşısında tamamilə təklənmiş duruma da düşə bilər. (“Yeni Müsavat”)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.