Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərində keçirilən APEC sammitində çıxış edib.
O, çıxışında Asiyanın qlobal iqtisadi mərkəzə, dünya hegemonluğuna can atan qüvvələrin xammal bazasından inkişaf etmiş iqtisadiyyata, müstəqil innovasiya lokomotivinə çevrildiyini bildirib.
Rusiya prezidenti Çin sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp ilə keçiriləcək tarixdə ilk üçtərəfli görüşdən böyük fayda gözlədiyini qeyd edib. Xatırladaq ki, Financial Times nəşrinin məlumatına görə, 19 noyabrda Şençjendə baş tutacaq danışıqlar əvvəlcədən razılaşdırılmış gündəlik olmadan, sərbəst müzakirə formatında keçiriləcək.
Putin Rusiyanın sanksiyalara qarşı davamlı olduğunu, Avropa İttifaqının isə böhran keçirdiyini iddia edib. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrində həyat səviyyəsi avrozona üçün "alçaldıcı şəkildə" aşağı düşür.
Putinə görə, Rusiya rəqəmsal transformasiyanın ön sıralarındadır və onun hazırladığı dil modelləri dünyanın ən yaxşıları sırasındadır. Bundan əlavə, ölkə bütün dünyada işləyə bilən müstəqil maliyyə əməliyyatları sistemi yaradıb.
Rusiya prezidenti həmçinin Moskvanın Asiya-Sakit okean regionu üzrə tərəfdaşları ilə qabaqcıl texnologiyaları bölüşməyə və onların texnoloji suverenliyinin möhkəmlənməsinə dəstək verməyə hazır olduğunu bəyan edib.
Putin həmçinin bildirib ki, Rusiyanın 2035-ci ildə foruma sədrlik etmək üçün APEC tərəfdaşlarının dəstəyinə ümid edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.