"Gürcü arzusu" seçkilərdə qalib gələrsə, geopolitik planları pozulan ABŞ və Qərbin regionda təsir məkanı məhdudlaşacaq, Ermənistan təkbaşına geopolitik hədəfə çevrilmiş olacaq... Nəticədə ABŞ və Qərb "geopolitik alət" kimi faydasız duruma düşəcək Ermənistana dəstəyi zəiflədib, Azərbaycanla münasibətləri düzəltmək üçün anlaşma nöqtələri axtarmaq məcburiyyətində qalacaq...
Cənubi Qafqazın gələcək taleyi üçün yaxın bir ayda keçiriləcək iki seçkinin böyük əhəmiyyəti var. ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinin bütün dünyada radikal geopolitik dəyişikliklərə yol aça biləcəyi qətiyyən şübhə doğurmur. Bayden administrasiyasını təmsil edən vitse-prezident Kamala Harrisin seçkilərdə qalib gələcəyi təqdirdə, ABŞ-ın xarici siyasət prioritetlərinə hansı yeni hədəflərin əlavə ediləcəyi hələlik qeyri-müəyyən xarakter daşıyır. Və bu baxımdan, dünyanın indiki çalxantılı hərbi-siyasi situasiyadan qlobal savaş dövrünə keçid etmə ehtimalı hazırda öz aktuallığını qoruyub saxlayır.
Keçmiş Ağ Ev sahibi Donald Trampın prezident seçiləcəyi təqdirdə isə ABŞ-ın xarici siyasətinin indikindən tamamilə fərqli olacağı artıq qətiyyən şübhə doğurmur. Çünki Donald Tramp Ukrayna savaşını dayandıracağına tam təminat verir. Ağ Evin keçmiş sahibi Bayden administrasiyasını ABŞ-ın dövlət büdcəsini Ukrayna savaşına xərcləməkdə suçlayır. O, açıq şəkildə vurğulayıb ki, Bayden administrasiyasının amerikalıların bir çoxunun adını belə, eşitmədiyi ölkəyə - Ukraynaya 300 milyard dollar maliyyə yardımı göstərdiyi halda, təbii fəlakətdən ziyan çəkmiş ABŞ vətəndaşlarına cəmisi 750 dollar ayırması yolverilməzdir və biabırçılıqdır.
Digər tərəfdən, Donald Tramp Avropa Birliyi ölkələrinin təhlükəsizlik maraqlarına ABŞ büdcəsindən maliyyə sərf edilməsinə də son qoyulacağını bildirib. Onun fikrincə, "qoca qitə" ölkələri öz təhlükəsizliklərini ABŞ büdcəsi hesabına təmin etməməlidir, bu sahəyə maliyyə qaynaqları yaratmaq barədə düşünməlidir. Yəni, Donald Tramp Avropa Birliyi ölkələrinə müəyyən problemlər yaratmaq niyyətini qətiyyən gizlətmir və bunu elə indidən biruzə verir.
Üstəlik, Ağ Evin keçmiş sahibi NATO-nun da öz dövrünü sona çatdırdığına əmindir. Donald Tramp hesab edir ki, ABŞ-ın NATO-ya qətiyyən ehtiyacı yoxdur və bu qurumun mövcud olmasına fantastik məbləğlərin xərclənməsi yolverilməzdir. Və bütün bunları nəzərə aldıqda, Donald Trampın seçki qələbəsinin dünyada bir çox şeyləri ciddi şəkildə dəyişəcəyi, yeni situasiyanın yarana biləcəyi qətiyyən şübhə doğurmur.
Belə məqamların ön planda olduğu bir situasiyada bütün dünyanın, eləcə də, Cənubi Qafqaz ölkələrinin ABŞ-da keçiriləcək prezident seçkilərinə xüsusi həssaslıqla yanaşması o qədər də təəccüblü deyil. Üstəlik, Donald Trampın Ağ Evə qayıdacağı təqdirdə, ABŞ-ın Cənubi Qafqaz siyasətinin də indikindən fərqlənəcəyinə yönəlik hazırda kifayət qədər əminlik mövcuddur. Və xüsusilə də, Ermənistanda Donald Trampın qalib gəlmə ehtimalına ciddi narahatlıqla yanaşıldığını müşahidə etmək mümkündür.
Cənubi Qafqaz böyük önəm daşıyan digər seçkilər isə Gürcüstanda keçiriləcək. Belə ki, bu ay Gürcüstanda keçiriləcək parlament seçkilərində hakimiyyət dəyişikliyinin baş verə biləcəyi istisna olunmur. Gürcüstanın mövcud hakimiyyəti ABŞ-ın təsir dairəsindən kənardadır. Hakimiyyətdə olan "Gürcü arzusu" Partiyası ABŞ və Qərbin bu ölkədəki agentura şəbəkəsinin fəaliyyətini ciddi şəkildə məhdudlaşdıran qanun qəbul edib. ABŞ və Qərbin sərt təzyiqləri, Gürcüstana qarşı sanksiya təhdidləri qarşısında belə, geri çəkilməyib. Və ona görə də, Qərb siyasi dairələri seçki ərəfəsində Gürcüstanda ölkədaxili iğtişaşlar törətmək niyyətindədir.
Bəzi iddialara görə, ABŞ və Qərb Gürcüstanda hakimiyyət çevrilişinə qədər inkişaf etməli olan kütləvi etiraz dalğasının təşkil olunmasına yönəlik planlar qurub. Artıq bu planın reallaşdırılmasında rol ayrılan Qərbə bağlı daxili müxalif qruplaşmalara Gürcüstanda qarışıqlıq yaratmaq barədə təlimatlar da verilib. Və bu baxımdan, Gürcüstan öz müasir tarixinin ən taleyüklü seçki dövrünə qədəm qoymuş kimi görünür.
Onu da qeyd etmək lazımdır ki, Gürcüstanda hakimiyyət dəyişikliyi baş verərsə, bu, Cənubi Qafqazda geopolitik proseslərə birbaşa təsir göstərə bilər. Çünki bu halda, ABŞ və Qərb Cənubi Qafqazda Gürcüstanın timsalında, Ermənistandan sonra daha bir geopolitik yerləşmə məkanı qazanmış olacaq. Rusiyanın regiondakı mövqelərinə sarsıdıcı zərbə vurulacaq və Qərb Cənubi Qafqazda həm geopolitik üstünlüyü, həm də təşəbbüsü ələ keçirəcək. Və bu, Cənubi Qafqazda geopolitik tarazlığın ciddi şəkildə pozulmasına yol aça biləcək təhlükədir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin təsir dairəsindən kənarda olan Gürcüstanda hakimiyyət dəyişikliyi Azərbaycan üçün də geopolitik təhlükə anlamı daşıyır. Çünki bu halda, Cənubi Qafqazın iki dövlətinə - Ermənistan və Gürcüstana nəzarət edən ABŞ və Qərb Azərbaycana qarşı təzyiqləri daha da gücləndirmək şansı qazana bilər. ABŞ və Qərb qarşısında təklənmiş Azərbaycan üçün isə belə total təzyiqlərə tab gətirmək nisbətən çətinləşmiş olacaq. Və bu baxımdan, rəsmi Bakının Gürcüstan ətrafında baş verənlərə xüsusi həssaslıqla yanaşması qətiyyən gözlənilməz deyil.
Maraqlıdır ki, ABŞ və Qərbin Gürcüstanda hakimiyyət çevrilişi ilə bağlı planlarının pozulması həm Azərbaycanın, həm də Rusiyanın geopolitik mənafelərinə tamamilə cavab verir. Çünki "Gürcü arzusu" Partiyası hakimiyyətdə qalarsa, ABŞ və Qərb Cənubi Qafqazda Ermənistana nəzarətlə kifayətlənməli olacaq. Qərbin bu regionda manevr imkanları böyük ölçüdə bloklanmış qalacaq. Ən əsası isə ABŞ və Qərbin Ermənistanı silahlandıraraq, regional hərbi alət kimi istifadə etmək imkanları məhdudlaşacaq. Və hətta bütün yük yalnız Ermənistanın üzərinə düşəcəyindən Azərbaycan-Rusiya tərəfdaşlığı çərçivəsində ortaq əks geopolitik zərbələrin rəsmi İrəvana baha başa gələcəyi də qətiyyən şübhə doğurmur.
Bu baxımdan, hesab etmək olar ki, "Gürcü arzusu" qalib gələrsə, geopolitik planları pozulan ABŞ və Qərbin regionda təsir məkanı məhdudlaşacağından Ermənistan təkbaşına hədəfə çevrilmiş olacaq. Yəni, Ermənistan üçün bütün proseslər yalnız neqativ məzmun daşıyacaq. Ən əsası isə ABŞ və Qərb Ermənistana dəstəyi zəiflədib, Azərbaycanla münasibətləri düzəltmək üçün anlaşma nöqtələri axtarmaq məcburiyyətində qala bilər.
Digər tərəfdən, Kremldə də Rusiyanın Cənubi Qafqaz siyasətində olan kobud səhvləri artıq düzəltmək qərarına gəliblər. Belə ki, Kreml hazırda "Gürcü arzusu"nun Gürcüstanda daxili mövqelərini gücləndirmək barədə düşündüyünü sezdirir. Rusiya bu məqsədlə Gürcüstandakı iki separatçı regionu - Abxaziya və Cənubi Osetiyanı qurban verməyə hazır görünür. Yəni, Rusiya vaxtilə Azərbycanın Qarabağ regionundakı erməni separatçı-terrorçulara münasibətdə olduğu kimi, bu dəfə də Gürcüstandakı separatçılardan dəstəyini çəkmək qərarına çox yaxındır.
Bu iki separatçı region vaxtilə Gürcüstana Rusiyanın təzyiq mexanizmləri kimi, Kreml tərəfindən icad edilmişdi. Hətta Kreml bu iki separatçı bölgənin "müstəqilliyini" belə, tanımışdı. İndi isə Rusiyanın geopolitik maraqları bu iki separatçı bölgənin qurban verilməsi ilə ərazi bütövlüyü bərpa olunacaq Gürcüstanın Qərbdən uzaq tutulmasını tələb edir. Və bütün bunları nəzərə aldıqda, Gürcüstanda keçiriləcək parlament seçkilərinin yekun nəticələrinin Cənubi Qafqaz üçün nə qədər önəmli olduğunu müəyyən etmək çətin deyil.(musavat.com)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.