Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Bakı siyasi iradə göstərsə, Azərbaycan və Ermənistan yaxın 15 gün ərzində sülh sazişi bağlaya bilər. Simonyan bildirib ki, bütün fundamental məsələlərdə razılığa gəlinib: "Prosesə xələl gətirməmək üçün təfərrüatı açıqlamaq istəmirəm". Qeyd edək ki, Bakının mütəmadi sülh çağırışlarına baxmayaraq, İrəvan məhz özü qeyri-konstruktiv addımları və bəyanatları ilə sülh sazişinə əngəl olur.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a deyib ki, Simonyan bütün fundamental məsələlərdə razılığa gəldiyimizi deyirsə, onda belə çıxır ki, Azərbaycanın irəli sürdüyü beş şərti bunlar qəbul ediblər:
"Əgər elədirsə, o zaman sülh müqaviləsi sənədi hazırlanıb icra olunmalıydı. Yəni imzalanmalı və həyata keçirilməli idi. Ancaq hələ ki, bunu görmürük. Çünki ermənilər bir söz deyir, amma başqa cür hərəkət edirlər. Proses bu və ya digər şəkildə başlanılır, son nəticəyə doğru yol alanda isə ermənilər pozurlar. Ola bilsin, tərəflər razılığa gəliblər, lakin faktiki olaraq ortada hansısa sənəd yoxdur. Azərbaycan tərəfi də bunu təsdiq etmir".
Ekspert bəzi məsələlərdə bir yaxınlaşma hiss olunduğunu, amma tam anlaşmanın olmadığını düşünür:
"Simonyan yəqin ki, yenə də beynəlxalq ictimaiyyətə manipulyasiya edir. Göstərmək istəyir ki, guya, Ermənistan "sülhpərvər"dir. Amma reallıq başqadır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.