sonnoqte.az
Xəbər başlıqları
  • 10:04 – Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət 
  • 14:33 – Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib 
  • 12:25 – Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü 
  • 11:40 – Daşaltı kəndinin fonunda - Fotolar 

Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı - FOTO

Bu gün, 12:24 2 dəfə baxılıb

Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı - FOTO


Şəki Xan Sarayının yerləşdiyi ərazidə məskunlaşma tarixinin indiyədək düşünüldüyündən xeyli qədim olduğu elmi cəhətdən təsdiqlənib.

Bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, Dövlət Turizm Agentliyi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində 2023–2025-ci illərdə Şəki şəhərində yerləşən "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində, Şəki Xan Sarayının ətrafında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş müxtəlif arxeoloji laylardan götürülən kömür nümunələri dünyanın ən nüfuzlu elmi mərkəzlərindən biri olan Yaponiyanın Tokio Universiteti Muzeyinin Radiokarbon Tarixləndirmə Laboratoriyasında yüksəkdəqiqlikli AMS Radiokarbon (C14) analizinə cəlb olunub.

Bununla Şəki Xan Sarayının yerləşdiyi ərazidə XIII əsrə aid yaşayış sübut edilib.

Radiokarbon analizlərinin nəticələri göstərib ki, qazıntılar zamanı əldə edilən ən qədim nümunə 1255–1288-ci illərə, daha yüksək ehtimalla isə 1263–1288-ci illərə aiddir. Bu nəticə ilk dəfə olaraq Şəki Xan Sarayının yerləşdiyi ərazidə XIII əsrdə insan fəaliyyəti və yaşayışın mövcud olduğunu elmi şəkildə təsdiqləyir.


Analizlər, həmçinin göstərir ki, həmin ərazi sonrakı əsrlərdə də tərk edilməyib. Tədqiqat nəticələrinə əsasən, XIII əsrdə burada yaşayış və ya insan fəaliyyəti mövcud olub, XVI–XVII əsrlərdə ərazi yenidən və ya fasiləsiz şəkildə istifadə edilib, XVIII əsrdən XIX əsrin əvvəllərinədək burada intensiv insan fəaliyyəti davam edib.

Beləliklə, radiokarbon tarixləndirməsi təxminən yeddi əsri əhatə edən ardıcıl yaşayış və istifadə tarixini ortaya qoyur.

Əldə olunan elmi nəticələr göstərir ki, Şəki Xan Sarayının inşa yeri təsadüfi seçilməyib. Belə ki, XVIII əsrdə tikilmiş mövcud Şəki Xan Sarayı boş və yeni seçilmiş ərazidə deyil, artıq yüzilliklər boyu əhəmiyyətini qoruyan qədim yaşayış və inzibati məkanda inşa edilib.

Bu fakt ehtimal etməyə əsas verir ki, xan sarayının yerləşdiyi sahə daha əvvəlki dövrlərdə bölgənin hakim təbəqələrinə və ya yerli siyasi elitalara məxsus iqamətgahların yerləşdiyi strateji mərkəz olub. Şəki Xan Sarayı həmin məkanın siyasi və inzibati ənənəsinin davamı kimi meydana çıxıb.

Radiokarbon analizləri göstərir ki, saray kompleksi altında və ətrafında daha qədim mədəni qatların mövcudluğu yüksək ehtimalla davam edir.

Bu isə hazırda qazılmamış sahələrdə daha qədim tikili qalıqlarının, yaşayış komplekslərinin və yeni arxeoloji materialların aşkar edilə biləcəyini göstərir.

Mütəxəssislər hesab edirlər ki, bu ərazidə arxeoloji tədqiqatların davam etdirilməsi Şəkinin orta əsr şəhərsalma tarixinin, siyasi mərkəz kimi formalaşmasının və regionun yaşayış dinamikasının daha dolğun şəkildə öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Beləliklə, araşdırma nəticələri Şəki Xan Sarayının yerləşdiyi ərazidə məskunlaşma tarixinin indiyədək qəbul ediləndən daha qədim olduğunu göstərməklə yanaşı, bu məkanın XIII əsrdən başlayaraq XIX əsrə qədər müxtəlif mərhələlərdə davamlı insan fəaliyyəti ilə seçilən mühüm yaşayış və inzibati mərkəz olduğunu elmi şəkildə ortaya qoyur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO