Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Xankəndi sakinlərinin yaşayış sahələri ilə bağlı müraciətlərinə münasibət bildirib.
Xidmətin açıqlamasını təqdim edir:
“Artıq bir neçə ildir ki, işğaldan azad olunmuş torpaqlarımıza Böyük qayıdış davam edir, ərazilərdə abadlıq, bərpa, quruculuq işləri gedir. Görülən genişmiqyaslı işlər nəticəsində yaşayış məntəqələri bərpa olunur, doğma torpaqlarından didərgin düşmüş keçmiş məcburi köçkünlərimiz də öz dədə-baba yurdlarna qayıdırlar. Bu proses mərhələli şəkildə davam edir və sakinlər təmir-bərpa olunan yeni mənzillərlə təmin olunurlar.
Amma təəssüf ki, bəzən bəzi sakinlər sosial platformalarda layihədə nəzərdə tutulmayan tələblər səsləndirib, yaşadıqları mənzilin təmirindən narazılıq edirlər. Bir ildən artıqdır mənzilində yaşayan sakinlər təbii aşınma, yaşayış sahəsindən istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarını, əlavə tikililər, toyuq hini, mal-qara saxlanması üçün tövlə və digər fərdi ehtiyacların dövlət büdcəsindən maliyyələşdirilməsini tələb edirlər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti olaraq bildiririk ki, yaşayış sahəsində uzunmüddətli istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarının, şəxsi təsərrüfatın qurulması ilə bağlı işlərin, habelə əlavə yardımçı tikililərin, o cümlədən toyuq hini və digər fərdi təyinatlı obyektlərin dövlət vəsaiti hesabına inşa və ya təmir edilməsi üçün dövlət büdcəsində ayrıca maliyyə təminatı nəzərdə tutulmayıb. Bu da o deməkdir ki, dövlət büdcədində nəzərdə tutulmayan belə xərclərin dövlət hesabına qarşılanması mümkün deyil. Dövlət tərəfindən vətəndaşların mənzil və yaşayış şəraiti ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər müəyyən edilmiş dövlət proqramları və təsdiq olunmuş büdcə vəsaitləri çərçivəsində həyata keçirilir.
Vətəndaşların mənzillə təmin olunması çərçivəsində təqdim edilmiş yaşayış sahələrinin texniki vəziyyəti ilə bağlı müraciətlərə, qanunvericiliyin tələblərinə uyğun qaydada baxılır. Yaşayış sahəsində tikinti və ya təhvil zamanı mövcud olmuş qüsurlar barədə əsaslandırılmış müraciətlər olduqda, həmin hallar aidiyyəti üzrə araşdırılır. Tikililərin və digər obyektlərin vəziyyəti ayrıca texniki qiymətləndirilə bilər.
Əgər tikinti qüsuru və ya zəmanət öhdəliyi ilə bağlı məsələ varsa, aidiyyəti qurum tərəfindən araşdırılır. 1 ildən çox yaşadıqdan sonra “ev yararsızdır” kimi ümumi iddialar konkret fakt və texniki baxışla əsaslandırılmalıdır.
Qeyd edək ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır və yaşayış sahəsinin təhlükəsizliyi, yararlılığı və ya tikinti qüsurları ilə bağlı əsaslandırılmış məsələlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.