sonnoqte.az
Xəbər başlıqları
  • 11:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 10:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 10:02 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 09:44 – Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir" 

Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"

Bu gün, 12:31 3 dəfə baxılıb

Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"


"Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var". Musavat.com xəbər verir ki, deputat Razi Nurullayev belə deyib. Onun sözlərinə görə, ayrı-ayrı şəxslərin gəlirlərini müzakirə etmək məsələnin həllinə kömək etmir: "Əgər cəmiyyətdə doğru-düzgün müzakirə yaradıb məsələni həll etmək istəyiriksə, onda çox məntiqli, sistemli, aydın şəkildə formalaşmış fikirlər səsləndirmək lazımdır. Məsələn, əgər vətəndaşlar problemlərlə bağlı müxtəlif dövlət qurumlarına rəsmi müraciətlər etsələr, imzalar toplasalar, bir sözlə qanuni yollardan istifadə etsələr, hökumət məsələdən xəbərdar olar. Belə olduqda deputat da həmin məsələləri parlamentdə qaldıra bilər. Amma sadəcə kimisə, kiminsə əməkhaqqını müzakirə etmək heç bir şeyi həll etmir. "Ümumilikdə, Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var. Hansısa imkanlı şəxsin başına bədbəxt hadisə gələndə, insanlar ona sevinirlər və qarğış etməyə başlayırlar. Mənə elə gəlir ki, ideoloji boşluqları doldurmaq lazımdır. Cəmiyyətin gözləntilərinə uyğun mövzuları vəzifəli şəxslərin, deputatların dilindən gündəmə çıxarmaq lazımdır”.

İnsanlarda varlılara qarşı paxıllıq nədən qaynaqlanır? Bu münasibətin əsas səbəbi gəlir bərabərsizliyidir, yoxsa mentalitet? Ümumiyyətlə, insanlar niyə başqasının qazancını bu qədər müzakirə edirlər?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb. Sosioloq qeyd edib ki, bu, mentalitet məsələsi deyil, daha çox bəşəri xarakter daşıyan sosial hadisədir: “Tarix boyu cəmiyyətlərdə müxtəlif təbəqələr, sosial statuslar və siniflər arasında maraq toqquşmaları, mövqe fərqləri və rəqabət mövcud olub. Bəşər tarixinin bütün mərhələlərində, fərqli ölkələrdə və müxtəlif ictimai quruluşlarda oxşar proseslər yaşanıb. Təbəqələrin bir-birinə qarşı mübarizəsi, siniflərarası ziddiyyətlər hər zaman cəmiyyətlərin inkişafının bir hissəsi olub. İnsanlar düşünürlər ki, kifayət qədər zəngin olan bir şəxs onlardan maksimum bir və ya bir yarım dəfə daha qabiliyyətli ola bilər. Ancaq maddi imkanlar arasında bu qədər böyük fərqin olmasını qəbul etməkdə çətinlik çəkirlər. Bu səbəbdən də bəzən belə qənaətə gəlirlər ki, həmin imkanlar qeyri-qanuni və ya ədalətsiz yollarla əldə olunub. Məhz bu düşüncə insanlarda hiddət və qəzəb formalaşdırır.
Bəzən insanlar müəyyən arzular qururlar, lakin maddi imkanları həmin arzuları reallaşdırmağa imkan vermir. Bu isə onlarda məhrumiyyət, qeyri-məmnunluq və deprivasiya hissi yaradır. Nəticədə həmin narazılığın səbəbini varlı insanlarda görür, onları öz problemlərinin əsas maneəsi kimi qəbul edirlər. Halbuki hər bir insanın uğuru və ya uğursuzluğu yalnız başqalarının maddi imkanları ilə izah oluna bilməz. Burada şəxsi bacarıq, əmək, təhsil, şərait və digər çoxsaylı amillər də mühüm rol oynayır. 
Hesab edirəm ki, dövlətimizin həyata keçirdiyi sosial rifah dövləti quruculuğu siyasəti məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sosial dövlət modelinin əsas məqsədi insanlar üçün daha bərabər imkanlar və bərabər şanslar yaratmaqdır. Son illər həyata keçirilən sosial islahatlar, ünvanlı dövlət sosial yardımı proqramları, aztəminatlı ailələrə göstərilən dövlət dəstəyi və resurslara çıxış imkanlarının genişləndirilməsi məhz bu məqsədə xidmət edir.
Azərbaycan dövlətinin əsas hədəflərindən biri sosial rifah dövlətinin qurulmasıdır. İnanıram ki, həyata keçirilən sosial siyasət cəmiyyətdə mövcud olan sosial fərqlərin azalmasına, imkanlara çıxışın daha ədalətli təşkilinə və sosial narazılığın zəifləməsinə töhfə verəcək”.

Üzeyir Şəfiyevin fikrincə, digər mühüm amillərdən biri isə sosial şəbəkələrin təsiridir. Sosioloq hesab edir ki, sosial şəbəkələr bu qəzəb və narazılığı müəyyən qədər daha da gücləndirir: “Bəzən istifadəçilər arasında müəyyən qruplar süni şəkildə hansısa şəxsi hədəfə çevirir, onu ictimai müzakirələrin mərkəzinə gətirir və kütlə psixologiyasından istifadə etməklə insanlar arasında mənfi emosiyaları alovlandırırlar. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda kifayət qədər imkanlı insanlar var ki, onlar xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur, aztəminatlı ailələrə dəstək göstərirlər. Xüsusilə COVID-19 pandemiyası dövründə biz bunun çoxsaylı nümunələrini gördük. Bir çox iş adamları və imkanlı şəxslər aztəminatlı ailələrə ərzaq yardımı etdilər, müxtəlif sosial layihələr həyata keçirdilər.
Əslində paylaşmaq, ehtiyacı olana əl tutmaq və xeyriyyəçilik Azərbaycan xalqının mənəvi dəyərlərinin ayrılmaz hissəsidir. Buna görə də imkanlı insanlara qarşı mənfi münasibəti mentalitetlə əlaqələndirmək doğru olmaz. Əksinə, bizim milli dəyərlərimizdə paylaşmaq və yardımlaşmaq mədəniyyəti həmişə üstün mövqedə olub”.İqtisadçı-siyasətçi Natiq Cəfərli isə hesab edir ki, paxıllıq nəticədir, əsas məsələ onu yaradan səbəbləri araşdırmaqdır:
“Gəlin baxaq görək insanlar niyə belə düşünür, bu münasibətin kökündə hansı amillər dayanır. Azərbaycanda uzun illərdir belə bir təsəvvür formalaşıb ki, ən varlı insanlar əsasən dövlət qurumlarında çalışanlardır, yüksək vəzifə tutan məmurlardır. Hətta tələbələr arasında aparılan sorğular da bunu göstərir. Onlardan universiteti bitirdikdən sonra harada işləmək istədiklərini soruşanda böyük əksəriyyəti vergi, gömrük və digər dövlət qurumlarının adını çəkir. Çünki həmin sahələrdə daha çox qazanc və imkan olduğunu düşünürlər. Məhz bu baxımdan insanlar hesab edirlər ki, böyük sərvət daha çox biznes hesabına deyil, başqa yollarla əldə olunur. Bu düşüncə də imkanlı insanlara münasibətin mənfi olmasına təsir göstərən əsas amillərdən biridir”.

Natiq Cəfərlinin fikrincə, Azərbaycanda varlı insanlara münasibətin müsbət istiqamətdə dəyişməsi üçün də müəyyən addımlar atılmalıdır: “Dünyanın bir çox ölkələrində bunun uğurlu nümunələri var. Bizə daha yaxın olduğu üçün Türkiyə nümunəsini göstərmək olar. Belə ki, Türkiyədə hər il ən çox vergi ödəyən şəxslərin siyahısı açıqlanır. Onlar xüsusi tədbirlərə dəvət olunur, dövlət tərəfindən mükafatlandırılır, fəaliyyətləri ictimaiyyətə təqdim edilir. Bununla yanaşı, həmin şəxslərin il ərzində yalnız nə qədər vergi ödədiyi deyil, hansı sosial layihələri həyata keçirdikləri, hansı xeyriyyəçilik və mesenatlıq fəaliyyəti göstərdikləri, kimlərə dəstək olduqları barədə də ictimaiyyət məlumatlandırılır. Bu isə cəmiyyətdə imkanlı insanlara münasibətin daha müsbət formalaşmasına xidmət edir. Azərbaycanda isə belə bir ənənə yoxdur. Bizdə hətta rəsmi milyonçuların siyahısı da açıqlanmır. Cəmiyyət bilmir ki, ölkədə ən çox vergi ödəyən fiziki və hüquqi şəxslər kimlərdir. Onların hansı sahədə fəaliyyət göstərdiyi, nə qədər vergi ödədiyi, iqtisadiyyata hansı töhfəni verdiyi barədə ictimai məlumat demək olar ki, yoxdur. Əslində isə qanuni biznes fəaliyyəti ilə məşğul olub, vicdanla vergi ödəyərək varlanan insanlar iqtisadi qəhrəmanlar kimi təqdim olunmalıdırlar. Onlar cəmiyyət üçün nümunə göstərilməli, uğurlu sahibkarlığın simvolu kimi tanıdılmalıdırlar. Təəssüf ki, bu istiqamətdə təqdimat çox zəifdir. Beləliklə, hazırda insanların şüurunda belə bir təsəvvür mövcuddur: “Əgər varlısansa, deməli, hansısa qanunu pozmusan, hansısa qeyri-qanuni yolla pul qazanmısan.” Məhz bu düşüncə Azərbaycanda imkanlı insanlara qarşı mənfi münasibətin formalaşmasına səbəb olan əsas amillərdən biridir və bu stereotip dəyişmədikcə cəmiyyətdə həmin neqativ yanaşmanı aradan qaldırmaq da çətin olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO