“OBA Market” tənəzzül edir – İşçi əməyinin qiymətləndirilməsi ədalətsiz olduğu üçün zərbə istehlakçılara dəyir

“Veysəloğlu” Şirkətlər Qrupunun marketlər şəbəkəsi olan “OBA Market” MMC barəsində dəfələrlə müvafiq qurumlar tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (İstehlakçıların hüquqlarının pozulması, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsi ilə inzibati protokollar tərtib edilib.
Şirkətin əliəyri siyasəti ilə bağlı internet informasiya məkanında yetərincə şikayət və iradlar, tənqidi fikirlər vardır. Bildirilir ki, məsələn, terminaldan ödəniş edərkən, qəbzdə olan məbləğdən çox vurulur, qiymətlər ucuz olsa da, məhsulların keyfiyyəti çox aşağıdır, vaxtı keçmiş məhsullar satışa çıxarılır və s.
İyulun 8-də axşamüstü saat 19:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat – 20 ünvanda fəaliyyət göstərən “OBA” marketə göndərdiyimiz uşağa sanki bilərəkdən seçib ən keyfiyyətsiz bir ədəd yemişi veriblər. 8.07 AZN təşkil edən alış – verişə görə ödəniş kart vasitəsilə həyata keçirilsə də, müştəriyə mağazanın qəbzi təqdim edilməyib.
Nə isə, yemiş evə aparılıb, kəsilib, nə görülsə yaxşıdır?: İçərisi göyərmiş, üfunəti baş çatladır. Bir sözlə, xarab mal satışa çıxarılıb, müştəri aldadılıb, həyatı təhlükəyə atılıb.
Uşağın böyüyü kimi, bu sətirlərin müəllifi “OBA Market” MMC-nin “qaynar xətti”nə zəng vurub. Şirkətin ünsiyyətə çıxan xanım əməkdaşı Raziyyə Axundzadə adlı mütəxəssis kimi təqdim olundu. Şikayəti nəzakətlə dinləyib məsələni araşdıracağını, qısa zaman ərzində nəticə barədə məlumat verəcəyini vəd etdi. Həqiqətən də bir az müddət keçəndən sonra həmin xanım telefonla geridönüş etdi və bildirdi ki, müştəri alış-veriş etdiyi həmin mağazaya yaxınlaşsın, ona dəymiş ziyan kompensasiya ediləcək.
Həmin vaxt mən artıq evdən çıxıb öz iş yerimə çathaçatdaydım. Geri dönməli oldum (bəlliydi ki, kəsirdə qalan iş vaxtımı heç kəs kompensasiya etməyəcək). Mağazada qarşıma mağaza administratoru kimi təqdim olunan bir xanım əməkdaş çıxıb qəbzi və malı geri qaytarmağımı, pulunu geri almağımı təklif etdi. Mən isə imtina etdim, istehlakçı hüququmun pozulduğuna görə məsələni mediada ictimailəşdirəcəyimi, lazım gəldiyi təqdirdə məhkəməyə müraciət edəcəyimi də dedim. Mağazada müşahidə etdiyim digər nöqsanlara görə də iradımı bildirdim: Cəmi bir nəfər cavan əməkdaş beş nəfərin əvəzinə işləyir - həm satıcı kimi müştəri yola salır, kassanı işlədir, həm xadiməlik edir, həm də fəhləlik edir. Bu hal müştərilərin haqlı narazılığına səbəb olur.
İnsafən, Raziyyə xanım Axundzadə yenidən zəng vurub üzrxahlıq elədi, məsələni mediada ictimailəşdirmək niyyətimizi bildiyindən, xahiş etdi ki, şirkətin müştəri məmnunluğunu təmin etmək üçün etdiyi təklifi də işıqlandıraq.
Zatən şirkət sözçüsünə tutulası heç bir irad yoxdur, atalar demiş, “balıq başdan iylənər”. Bəyəm, xarab yemişi geri qaytarmaqla iş düzəlirmi? Yuxarıdakı sətirlərdə qeyd etdiyim kimi, itirilmiş vaxtı, gərilmiş əsəbləri kim kompensasiya edəcək? Bəs, yemişdən kimsə yeyib zəhərlənsəydi necə, şirkət insan həyatını necə xilas edəcəkdi?
Yeri gəlmişkən, xatırladım ki, Zabrat qəsəbəsində, 311 saylı məktəbin yanındakı “OBA Market” mağazasında bir neçə ay bundan əvvəl müştəriyə qəbz verilmirdi və müştəri “ƏDV – geri al” güzəştindən istifadə edə bilmirdilər. İşçilər təxminən bir ay çəkən bu naqisliyi kassa aparatının kağız-boya ilə təchiz edilməməsiylə əlaqələndirmişdilər. Hətta özləri də şirkətin “qaynar xətt” nömrəsini verib deyirdilər ki, istehlakçı kimi zəng vurub iradımızı bildirək. Doğrudan da müştərilərin çoxsaylı şikayətlərindən, xüsusilə də jurnalistlərin məsələyə konstruktiv müdaxiləsindən sonra nasazlıq aradan qaldırılmışdı. Ancaq təbii ki, həmin neqativ halın davam etdiyi müddətdə müştərilərin cibinə vurulan ziyan, dövlətin vergi siyasətinə yetişən xələl qarşılanmadı.
Bakıxanov qəsəbəsində Sabunçu RİH-nin yaxınlığındakı “OBA Market”də və başqa filiallarda da xarab və sağlam malların bir yerdə satıldığını görüb iradımı bildirmişəm. İşçilər etiraf ediblər ki, personal üzvlərinin sayı müştəri məmnunluğunu təmin edəcək qədər deyil. Çünki təklif olunan maaş azdır, o üzdən işə gələn yoxdur. Az maaşla işləməyə razı olanlar da savadsız, səriştəsiz, təcrübəsiz, naşı, insanlarla ünsiyyət mədəniyyəti yerində olmayan kadrlardır.
Belə çıxır ki, aidiyyəti qurumlar – Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Vergi Xidməti, Dövlət Əmək Müfəttişliyi Xidməti “OBA Market” MMC-nin mağazalarına reydlər təşkil etməli, orada qanunvericiliyin tələblərinə necə əməl edildiyinin monitorinqini həyata keçirməlidirlər. Nabələdlik etsələr, biz müşayiət edə bilərik. 
Mövzuya qayıdacağıq
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: