sonnoqte.az
Xəbər başlıqları
  • 19:03 – Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibə verib - TAM MƏTN 
  • 12:21 – Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verildi 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 

Yeni Azərbaycan Partiyası: yeni proqramla möhtəşəm zirvələrə doğru

23-11-2022, 18:20 1 084 dəfə baxılıb






Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxış edırək partiyanın bütün üzvlərini ürəkdən təbrik etmiş, Ulu Öndər Heydər Əliyevin işıqlı ideyaları ətrafında sıx birləşərək bu ideyaların bundan sonra da ardıcıl olaraq həyata keçirilməsi istiqamətində hər kəsə uğurlar arzulamışdır.
Partiyamızın sədri çıxışında qeyd etdi ki, YAP Azərbaycanın ağır sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji böhranla üzləşdiyi dövrdə xalqımızın vətənpərvər insanlarının, ziyalıların təşəbbüsü və iştirakı ilə tarixi zərurətdən irəli gələrək yaranmışdır. 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında partiyanın proqram və nizamnaməsi qəbul olundu. Partiyanın proqramında müstəqillik, dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət kimi ideoloji prinsiplər müəyyən edildi. Proqramda hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının inkişafı, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın dünya birliyində özünə layiqli yer tutmasına dair məqsədlər öz əksini tapdı.
Ötən illər ərzində YAP milli maraqlara əsaslanan fəaliyyət göstərməklə ictimai-siyasi proseslərdə mühüm rol oynamış, qarşısına qoyduğu məqsəd və vəzifələri uğurla yerinə yetirmişdir. Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf etməsi və onun dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-a böyük nüfuz qazandırdı. “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışını proqramında irəli sürən YAP məhz Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin həyata keçirilməsində yaxından iştirak etməklə dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsinə böyük töhfələr verdi.
YAP Azərbaycanın siyasi sisteminə xalqımızın mənafeyini təcəssüm etdirən güclü siyasi təşkilat kimi daxil olub. Partiya 30 ildir ki, qarşısına qoyduğu məqsədlərə nail olunmasında böyük nailiyyətlər əldə edib. Hazırda 773 770 nəfər üzvü olan partiya Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin aparılmasında, onun təbliğində yaxından iştirak edir.
YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir. Məhz bundan irəli gələrək, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürmüşdür. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”.
Prezident İlham Əliyev qurultaydakı çıxışı zamanı YAP-ın müasir dövrün çağırışlarını özündə əks etdirən yeni proqramının hazırlanmasının vacibliyini bildirmişdir. Qeyd edək ki, Azərbaycan dövlətinin bütün sahələrində əldə olunan uğurlar YAP-ın yeni proqramının hazırlanmasını şərtləndirən mühüm faktorlardır. Prezident İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələri rəhbər tutaraq və ölkəmizin davamlı inkişafı, Azərbaycanın xarici siyasət sahəsində strateji maraqları, 44 günlük Vətən müharibəsində şanlı qələbənin yaratdığı reallıqları nəzərə alaraq, YAP-ın “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlanmış və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri eyni zamanda onun sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır.
YAP-ın proqramında partiyanın inkişaf tarixinə və uğurlarına nəzər salınır, onun Heydər Əliyev yoluna və irsinə sadiqliyi, qarşısına qoyduğu məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyi vurğulanır. Bildirilir ki, xalqımızın Heydər Əliyevə dərin inam və etimadı nəticəsində YAP yarandıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı, partiyanın sıraları sürətlə genişləndi. Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-ın xalq arasındakı nüfuzunu getdikcə artırdı.
Ulu Öndərin siyasi kursunu Prezident İlham Əliyevin yaradıcı şəkildə, uğurla davam etdirməsi, onu yeniliklərlə zənginləşdirməsi ölkəmizin tərəqqisini və yüksək sosial rifah şəraitində yaşamasını təmin edir. Bütün bunların nəticəsində Azərbaycan dünyada davamlı inkişaf edən, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verən dövlət kimi tanınır.
Partiyanın proqramında demokratik ənənələrə əsas dəyərlərdən biri kimi baxılır, eyni zamanda göstərilir ki, “YAP dövlətin idarə olunmasında və partiyadaxili fəaliyyətin təşkilində demokratik prinsipləri əsas götürür, siyasətdə açıq və peşəkar münasibətlərin tərəfdarı kimi çıxış edir”. 
Əhalinin sosial müdafiəsinin təmin olunması və insan kapitalının inkişaf etdirilməsi      Prezident İlham Əliyevin apardığı siyasətin prioritet istiqamətlərindəndir. Bu sahədə görülən işlərin nəticəsində Azərbaycanda xeyli sayda yeni iş yerləri açılır, əməkhaqları, pensiyalar və digər sosial ödənişlər artırılır, işsizlik və yoxsulluq səviyyəsi ildən-ilə azaldılır. Əhalinin gəlirlərinin artırılması istiqamətində atılan addımlar, o cümlədən əməkhaqlarının, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin məbləğlərinin layiqli səviyyəsinə nail olunması, əmək siyasəti və əməyin ödənilməsi sahəsində islahatların həyata keçirilməsi inklüziv cəmiyyətin, ədalətli sosial təminatın və insan kapitalının inkişafına böyük stimul verir.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirən mühüm tarixi hadisədir. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi birləşmələrini “dəmir yumruq” əməliyyatı ilə darmadağın etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası xalqımızın milli qürur hissini özünə qaytardı.  Vətən müharibəsində qələbə bölgədə yeni geosiyasi və geoiqtisadi reallıqlar yaratmışdır. YAP-ın proqramında göstərildiyi kimi, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli fərmanı bu kontekstdə mühüm tarixi-siyasi hadisə oldu. Qarabağ iqtisadi rayonunun yaradılması ilə “Qarabağ Azərbaycandır!” şüarı özünün siyasi-hüquqi təsdiqini tapdı. Şərqi Zəngəzur iqtisadi rayonu yaradılmaqla Azərbaycanın tarixi əraziləri arasındakı ənənəvi sosial-iqtisadi və mədəni bağlılığın bərpası istiqamətində mühüm addım atıldı.
Bütün bunlar sübut edir ki, YAP möhtəşəm zirvələrə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır. YAP-ın yeni proqramı müasir dövrün çağırışlarını və ölkəmizin davamlı inkişafını nəzərə almaqla özündə mütərəqqi dəyər və meyarlar, prinsiplər, hədəflər və vəzifələri birləşdirir. Əminliklə deyə bilərik ki, YAP ümumxalq partiyası olaraq qüdrətli dövlət və yüksək rifah cəmiyyəti naminə üzərinə düşən missiyanı “Biz birlikdə güclüyük!” çağırışı ilə şərəf və ləyaqətlə yerinə yetirəcəkdir.


Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO