sonnoqte.az
Xəbər başlıqları
  • 12:19 – Prezident sammitdə çıxış edir - Canlı 
  • 13:38 – “Onlara pis xəbərim var...” - İlham Əliyev 
  • 13:13 – Prezident İlham Əliyev COP29 Liderlər Sammitində çıxış etdi: dövlət başçısından mühüm mesajlar 
  • 08:44 – Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib 

Kəmalə Süleymanlı: Zəfər yürüşünün 21-ci günü: Füzuli azaddır!

17-10-2024, 23:31 26 dəfə baxılıb

Məlikşah Topiyev: Hər qarışı bütövləşən Azərbaycan...

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru,
 dosent Kəmalə Süleymanlı


44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən ötən 4 ildə atılan addımların xronologiyasına diqqət yetirsək görərik ki, hər biri şanlı Qələbəmizin əbədiləşdirilməsinə, bu torpaqların sahibi olaraq Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun təqdimatına, Zəfərimizin qəhrəmanlarının dastana çevrilən həyat yolunun bir vətənpərvərlik məktəbi kimi öyrənilməsinə  xidmət edir. Dövlət başçısı İlham Əliyevin sərəncamları əsasında  Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi Anım Günü, Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi 8 noyabr  Zəfər Günü kimi təsis edildi. Zəfərimizin əbədiləşdirilməsinə yönələn addımlardan biri də dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi oldu. Bu sənədə əsasən, 17 oktyabr Füzuli Şəhəri Günüdür.

Son dörd ildə  torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri qeyd etməyimiz böyük xoşbəxtlik və qürurverici hadisələrdir. Bu, dövlətimizin qətiyyətinin, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətin, hədəflərə doğru inamla və ardıcıl şəkildə irəliləməyin, heç zaman ruhdan düşməyərək ədalətin zəfər calacağına əminlik əsasında  hücum diplomatiyasının uğurla davam etdirilməsinin, xalq-iqtidar birliyinin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm strateji, həm taktiki, həm qısamüddətli, həm də  uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.

Azərbaycanın real faktlara və tarixi həqiqətlərə söykənən təbliğatının uğurları 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında üstünlüyü qazanmağımızda əhəmiyyətli rol oynadı. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük İkinci Qarabağ müharibəsində Zəfərə imza atmaqla 30 il Azərbaycanın dünyadan gözlədiyi ədaləti bərpa etdi.

Əsgər və zabitlərimizin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atılmadan işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

Şəhər günlərimizin qeyd edilməsi təbii ki, daim Zəfərə gedən yolun təhlilinə, indiki və gələcək nəsillərə çatdırılmasına bir çağırış edir. Gənclərimiz həm  Vətən müharibəsini, həm də Zəfərimizi  şərtləndirən amilləri bilməlidir. Bu baxımdan şəhər günlərinin  qeyd edilməsi, dövlətimizin başçısı İlham Əliyevin həmin tarixlərdə  azad edilmiş ərazilərimizə səfərləri və bu məkanlardan  günümüzün əsas çağırışlarını səsləndirməsi hər birimiz tərəfindən böyük sevinc hissi ilə qarşılanır. İşğaldan ilk azad edilən şəhərlər Cəbrayıl və Füzuli  oldu. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərə ilk səfərlərinin məhz Cəbrayıl və Füzuli rayonlarına, o cümlədən  Cəbrayıl və Füzuli   şəhərlərinə olması  səbəbsiz deyil. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci ilin 18 oktyabr tarixində Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyduqdan sonra çıxışında bildirmişdir ki, 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi. Çünki böyük yaşayış məntəqəsi idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər getdi. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi.  Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz. Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. 

Tarixi Zəfərimizin sevincini, qürurunu yaşamaqla yanaşı, 30 illik işğal dövründə xalqımızın başına gətirilən faciələri,  törədilən erməni vəhşiliklərini də unutmamalıyıq. Hazırda işğaldan azad edilmşi ərazilərimizin hər biri bu vəhşiliklərin təqdimatıdır. Füzuli şəhəri və rayonun böyük hissəsi  1993-cü il avqustun 23-də  erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək əlil, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi.  Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad  olundu. Qeyd etdiyimiz kimi, Füzuli uğrunda döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu.  Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər qazandırdı.

30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edildi, mədəni irsimizə böyük zərbə vuruldu, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qaldı. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Digər işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, Füzuli də müasir tələblər səviyyəsində yenidən qurulur, sakinlərin burada rahat yaşayışı üçün bütün zəruri işlər görülüb və görülür. Dövlətimizin başçısı İlham Əliyev Füzuliyə ilk  səfəri zamanı Füzulidən Şuşaya  yolun çəkilişi ilə bağlı tapşırıqlar verdi. Zəfər yolu adlandırılan bu yol qısa zamanda  istifadəyə verildi. Rayonun strateji əhəmiyyəti nəzərə alınaraq azad edlimiş ərazilərimizdə nəzərdə tutulan 3 Beynəlxalq Hava Limanından biri Füzuli şəhərində tikilib və 2021-ci ildə  istifadəyə verildi. 8 ayda beynəlxalq statusa malik olan belə bir hava limanının tikilib istifadəyə verilməsi dünyanın diqqətindən kənarda qalmadı.

Artıq Füzuli dirçəlir, sakinlərinə qovuşaraq sevincli günlərini yaşayır.  Dövlət başçısı İlham Əliyev ötən il  Füzuli sakinləri ilə görüşündə bildirmişdir: “Şadam ki, gənc nəsil də - füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq.»  Prezident onu da  bildirdi ki, işğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr illər keçdikcə Azərbaycan xalqının  öz torpaqlarını unudacağını, gənc nəslin, ümumiyyətlə, tamamilə fərqli bir tərzdə tərbiyə alacağını düşünürdülər. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq.

Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi Azərbaycan xalqının torpaq, Vətən sevgisinin nümayişi oldu. 30 ilin torpaq həsrətinə 44 gündə son qoyulması özündə bütün məqamları, çağırışları ehtiva edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO