sonnoqte.az
Xəbər başlıqları
  • 09:26 – İlham Əliyev Xameneyiyə başsağlığı verdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 

Azərbaycan və Özbək xalqları arasında dostluq əlaqələrinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub

23-06-2022, 09:00 234 dəfə baxılıb

Azərbaycan və Özbək xalqları arasında dostluq əlaqələrinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub


Azərbaycan Türk dünyasının güclənməsi, türkdilli dövlətlər arasında dostluq və qardaşlıq əlaqələrinin getdikcə daha da möhkəmlənməsi işinə hər zaman dəyərli töhfələr verib. Bu gün də Türk dövlətlərinin bir birinə həm siyasi, həm də strateji baxımdan yaxınlaşmaları, türk dünyasının maraqlarının beynəlxalq səviyyədə təmin olunması və bu dövlətlər arasında hər hansı kiçik münaqişəyə belə imkan verməyəcək qədər bir vəhdətin təmin olunması kimi məsələlər Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasətin prioritet istiqamətlərindəndir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına etdiyi dövlət səfəri də çox böyük siyasi əhəmiyyət kəsb edən hadisədir.

İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan və Özbək xalqları arasında dostluq əlaqələri tarixi köklərə bağlıdır və bu münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Bu barədə iyunun 21-də Daşkənd şəhərində, Azərbaycan və Özbəkistan Prezidentlərinin birgə iştirak etdikləri Heydər Əliyev Meydanının açılış mərasimində çıxış edərkən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev maraqlı açıqlamalar təqdim edib. Özbəkistanın dövlət başçısı bildirib ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, iki xalqın tarixi əlaqələrinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük töhfələr verib. Özbəkistan Prezidenti həmçinin vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə Özbəkistanın rəhbərləri Şərəf Rəşidov, daha sonra İslam Kərimov arasında qarşılıqlı etimada əsaslanan səmimi münasibətlər yaranmışdı. Bu dostluq isə, öz növbəsində iki ölkənin və iki qardaş xalqın sıx qarşılıqlı əlaqə saxlamasına, fəal mübadilələri, o cümlədən humanitar mübadilələri inkişaf etdirməsinə imkan verib. Həmçinin Özbəkistan Respublikasının Prezidenti qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri özbək xalqına həmişə böyük hörmətlə yanaşırdı: “Hərtərəfli savadlı və əsl ziyalı insan olan Heydər Əliyev bizim tariximizə, mədəniyyətimizə və ənənələrimizə səmimi heyranlığını bildirirdi. Məsələn, 1996-cı ildə Daşkənddə olarkən, Heydər Əliyev Teymurilər Tarixi Muzeyini ziyarət edərək Fəxri qonaqlar kitabında yazdığı qeyddə xüsusi olaraq vurğulamışdı: “Əmir Teymurun xidmətlərinə, onun tarixi irsinə qayğıkeş, hörmətli münasibətə görə Özbəkistan xalqı çox sağ olsun”. Bu, yüksək mənəviyyat və müdriklik təzahürüdür.” Bununla da ulu öndər Heydər Əliyev öz siyasi uzaqgörənliyi ilə, hələ sovet dönəmində Türk dövlətləri arasında dostluq əlaqələrinin və birliyin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atırdı. Bu gün isə bu şərəfli missiya Ulu Öndərin bütün işlərinin davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində ən müxtəlif mövzularda ətraflı müzakirələr aparılmış, ölkələrimiz arasında artıq mövcud olan strateji münasibətlərin daha da inkişaf etməsinə böyük töhfələr verəcək sənədlər imzalanmışdır. Mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına Azərbaycanda dövlət səviyyəsində daim xüsusi diqqət verilir. Həmçinin dövlətimizin başçısı vurğuladı ki, bu səfər sıçrayış xarakterli səfərdir və iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün əsas olacaq.

Prezident İlham Əliyev imzalanan sənədlər arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamənin önəmini xüsusi vurğulayaraq bildirdi ki, bu sənəd çox qlobal xarakter daşıyır və mahiyyət etibarı ilə gələcək fəaliyyətimizin yol xəritəsidir. Məhz bu Bəyannamədə iki ölkənin xarici siyasət prioritetləri öz əksini tapıb, Azərbaycan və Özbəkistanın bir-birinin ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini qarşılıqlı şəkildə dəstəkləmələri ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib.

Öz bəyanatında Prezident İlham Əliyev hər zaman olduğu kimi, bütün məsələlərə məhz qlobal, beynəlxalq nöqteyi-nəzərdən yanaşma sərgiləyərək, Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı olduğunu diqqət mərkəzinə çəkdi və bildirdi ki, Azərbaycan-Özbəkistan münasibətlərinin daha da möhkəmlənməsi məhz bu məqsədlərə xidmət edəcək. Prezident İlham Əliyev ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın vacibliyini xüsusi qeyd etdi və bildirdi ki, həm Azərbaycanın, həm də Özbəkistanın yerləşdikləri coğrafi regionlarda təhlükəsizlik və ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi məsələlər gündəlik diqqət tələb edir.

Beləliklə, Azərbaycan və Özbəkistan Prezidentləri tərəfindən imzalanmış Siyasi Bəyannamə ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni, daha yüksək səviyyəyə çıxaracaq.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO