Yunanıstan Türkiyənin sərt etirazına səbəb olan “Patriot” zenit-raket sistemini Karpatos adasından çıxararaq Kritdəki Suda körfəzinə köçürüb.
“Patriot” sistemi Karpatosda 2026-cı ilin martında ABŞ ilə İran arasında gərginliyin kəskinləşdiyi dövrdə yerləşdirilmişdi. Afina bu addımı regionda yaranmış təhlükəsizlik riskləri və mümkün hava təhdidləri ilə əlaqələndirmişdi.
Lakin Türkiyə Karpatosun hərbiləşdirilməsinə kəskin etiraz etmişdi. Ankara Yunanıstanın adaya belə bir zenit-raket sistemi yerləşdirməsinin adaların demilitarizasiyasını nəzərdə tutan əvvəlki beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərlə ziddiyyət təşkil etdiyini bildirmişdi.
Türkiyə tərəfinin etiraz etdiyi əsas məqamlardan biri də Karpatosun Türkiyə sahillərinə yaxın strateji mövqedə yerləşməsi idi. “Patriot” kimi uzaq məsafədən hava hədəflərini aşkar və məhv etmək imkanına malik sistemin burada yerləşdirilməsi Ankara-Afina münasibətlərində yeni mübahisə mövzusuna çevrilmişdi.
İndi isə Yunanıstan həmin sistemi Karpatosdan çıxarıb. “Patriot” batareyası Krit adasındakı strateji Suda körfəzinə köçürülüb. Suda Yunanıstanın və NATO-nun Şərqi Aralıq dənizində mühüm hərbi-strateji məntəqələrindən hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.