Tahirə xanım Comərdova: Füzulinin azad edilməsi Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyünü daha da gücləndirdi
Qazax şəhər Mehdi Hüseyn adına məktəb-liseyin direktoru Tahirə xanım Comərdova - 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutmasının qarşısını almaq üçün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən «İrəli!» əmrini alan Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Ordumuz 44 gündə tariximizin Zəfər səhifəsini yazdı. 44 günün hər günündə cənab İlham Əliyev xalqımıza qələbə müjdələrini çatdırdı. Dünyaya səs salan “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Silahlı Qüvvələrimizin əsgər və zabitləri oktyabrın 17-də mühüm strateji əhəmiyyətə malik Füzulini işğaldan azad etdilər. Artıq iki ildir ki, digər ərazilərimiz kimi, Füzuli rayonunun da işğaldan azad edildiyi tarixi böyük qürur və sevinc hissi ilə qeyd edirik. Xalqımız bu sevinci bizlərə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarlığını ifadə edir, şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyir.
Oktyabrın 17-də Müzəffər Ali Baş Komandan İlham Əliyev bu xoş xəbəri “Twitter” səhifəsindən xalqımıza çatdırdı: “Bu gün Azərbaycan Ordusu Füzulidə Azərbaycan bayrağını qaldırdı. Füzuli bizimdir. Qarabağ Azərbaycandır!” Füzulinin azad edilməsi Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyünü daha da gücləndirdi.
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edildi. Ümumilikdə Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfər döyüşçü şəhid olmuş, 300 nəfərədək hərbçi yaralanmışdır.
2020-ci il noyabrın 26-da ölkəmizdə “Füzulinin azad olunmasına görə” medalı təsis olunub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Qeyd etdiyimiz kimi, iki ildir Füzuli rayonunun işğaldan azad edilməsini böyük bayram əhval-ruhiyyəsi ilə qeyd edirik. Bu tarixi Qələbə bizi bir anlıq da olsa rayonun işğal edildiyi dövrə nəzər salmağı bir tələb kimi qarşıya qoyur. 1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndini işğal edib, bu yerlərin sakinlərini öz doğma yurd-yuvasından didərgin salıblar. Ermənilər işğal müddətində Füzuli şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə bir edib, ekoloji terror törədiblər. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculucu sahəsində atılan addımlar öz müsbət nəticələrini verdi. 1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi - Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərdə güclü ruh yüksəkliyi yaratması nəticəsində nail olub.
27 il işğal altında olan bu torpaqlarımız tamamilə dağıdılıb, yerlə-yeksan edilib. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra işğal edilmiş ərazilərimizə səfəri çərçivəsində ilk dəfə Füzuli rayonu, o cümlədən Füzuli şəhərində olaraq şanlı Azərbaycan Bayrağını qaldırdı. Həmin mərasimdə çıxış edən ölkə Prezidenti Füzuli şəhərinin erməni vandalları tərəfindən dağıdıldığını, talan edildiyini vurğulayaraq bildirdi ki, Füzuliyə qayıtmışıq: «Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu biz yaşamışıq, bizim xalqımız yaşayıb.»
Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı. Böyük Qayıdış bütün məsələlərə kompleks yanaşma tələb edir. Bu gün bütün işğaldan azad edilmiş ərazilərimiz həyatının yeni dövrünü yaşayır.