Məşhur simalardan biri deyirdi: “İnsanı yaxşı tanıtmaq istəsən, heç kəsi inandıra bilməzsən; amma pisləsən, hər kəsi inandırarsan.”
Bu fikir ilk baxışdan sərt səslənsə də, həyatın acı-gerçək həqiqətlərindən birini özündə ehtiva edir. Çünki cəmiyyət çox vaxt yaxşıya şübhə ilə yanaşır, amma pisliyə dərhal inanır. İnsanları tanımaqda tələskənliyimiz, zahiri görkəmə, ötəri münasibətlərə aldanmağımız bizi çox vaxt yanlış nəticələrə aparır.
Bəzən bir insan haqqında formalaşdırdığımız fikir illər sonra dağılıb tökülür. O zaman anlayırıq ki, gördüyümüz yalnız bir kölgə imiş, insanın özü yox. Elə buna görə də bu fikri aforizm kimi seçdim. Çünki bir insanı yaxşılığı ilə tanıtmaq çətindir, amma onu pisləmək üçün xüsusi zəhmətə ehtiyac yoxdur.
Bu düşüncələr məni bir insan haqqında yazmağa sövq etdi. Mənim və onu yaxından tanıyan bir çox insanın gözündə həmişə göründüyündən fərqli olan bir şəxs – Zəmanət Əzimov haqqında.
Alman filosofu Lüdviq Feyerbax deyirdi: “İnsanı tanımaq üçün onu sevmək lazımdır.”
Mən bu fikirlə tam razıyam. Çünki insan yalnız sevgi və anlayışla tanınır. Qərəzlə, ön mühakimə ilə baxılan bir insanı tanımaq mümkün deyil.
Zəmanət Əzimovla tanışlığımın tarixi iyirmi ildən artıqdır. İlk görüşümüz təsadüfi olub – bir tanışın vasitəsilə. Amma bu təsadüf zamanla dərin və səmimi tanışlığa çevrildi. İlk gündən onun işgüzarlığı, məsuliyyəti, sözünə və əməlindəki ölçü-biçini diqqətimi çəkdi. Məhz bu keyfiyyətlərinə görə onunla səmimiyyət üzərində qurulan münasibətimiz bu günə qədər davam edir.
İllər keçdikcə hər bir görüş, hər bir iş müzakirəsi onun şəxsiyyətini bir qədər də aydınlaşdırdı. Mən bu insanın davranışında süni pafos, özünü göstərmək həvəsi, ya da kiməsə yuxarıdan aşağı baxmaq kimi xüsusiyyətlər görmədim. Əksinə, təmkin, səbir və məsuliyyət onun xarakterinin əsas cizgiləri idi. Bu qədər uzunmüddətli və yaxın münasibətə baxmayaraq, bir dəfə də olsun ondan incimədiyimi tam əminliklə deyə bilərəm.
Zəmanət Əzimovun həyat yolu asan olmayıb. Hərbi xidmətdən sonra Daxili İşlər nazirliyində polis orqanlarına daxil olub. Bir müddət o polis işçisi kimi layiqli xidmət göstərib. Bu, həm fiziki, həm də mənəvi baxımdan çətin və məsuliyyətli bir yol idi. Lakin həyat bəzən insanı seçim qarşısında qoyur. Müəyyən səbəblərdən polis sıralarından ayrılaraq mülki həyata keçid etdi. Amma bu keçid onun içindəki nizam-intizamı, qanuna və qaydaya bağlılığı sarsıtmadı.
Mətbuat sahəsinə gəlişi isə onun həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Zamanla bu sahəyə olan bağlılığını, qələm təcrübəsini və təşkilatçılıq bacarığını ortaya qoyaraq öz adına qəzet təsis etdi. İllərlə maddi və texniki çətinliklərə baxmayaraq, qəzetin dövriliyini qoruyub saxlamaq onun mətbuata olan sədaqətinin göstəricisi idi.
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, internet medianın ənənəvi mətbuatı sıxışdırdığı bir dövrdə isə Zəmanət Əzimov yenə də zamandan geri qalmadı. Media sahəsində artıq formalaşmış bir peşəkar kimi iki rəsmi internet saytını qeydiyyatdan keçirdi. Bu gün o, yalnız bir media rəhbəri deyil, həm də informasiya məsuliyyətini dərk edən, sözün çəkisini bilən bir ziyalı obrazıdır.
Zəmanət Əzimovun portreti təkcə tutduğu vəzifələrdə deyil, insanlarla münasibətində, səssiz zəhmətində, gözəgörünməz əməyində tamamlanır. Bəlkə də onu tanımayanlar üçün bu ad adi səslənə bilər. Amma onu yaxından tanıyanlar yaxşı bilir: zaman hər kəsi sınağa çəkir, lakin hər kəs bu sınaqdan üzüağ çıxmır.
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü,
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.