sonnoqte.az
Xəbər başlıqları
  • 16:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 
  • 10:58 – Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB 
  • 13:04 – Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər 
  • 12:01 – Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB 

Şuşanın əsl sahiblərinin bu şəhərə qayıdışı: "Xarıbülbül" festivalının dünyaya verdiyi ƏSAS MESAJ – ŞƏRH

23-12-2021, 08:55 316 dəfə baxılıb



Azərbaycan 30 illik fasilədən sonra Şuşada möhtəşəm mədəniyyət tədbiri keçirdi. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 12-13 may tarixlərində “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Bu festivalın Azərbaycanın mənəvi, siyasi və strateji baxımdan əhəmiyyətli şəhəri olan Şuşada baş tutması dünyaya verilən ən önəmli siyasi mesaj idi. 
“Xarıbülbül” musiqi festivalı ilə Azərbaycanın beynəlxalq ictimayyətə verdiyi ən əhəmiyyətli mesaj Şuşanın əsl sahiblərinin geri döndüyünü nümayiş etdirmək oldu. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirdi.

30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu möhtəşəm tədbirdəki çıxışında 29 il işğal altında qalan Şuşanın azad olunmasında misilsiz qəhrəmanlıq göstərib, Azərbaycana zəfər qazandıran hərbçilərimizin rolunu xüsusi olaraq qeyd edib: “Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq.
Bu ildən başlayaq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacaq”.
Azərbaycanın qədim şəhəri olan Şuşada “Xarıbülbül” festivalının keçirilməsi 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamı oldu. Dövlətimiz beynəlxalq aləmə bir daha sübut etdi ki, Şuşanın əsl sakinləri bizik. Festival zamanı nümayiş olunan proqramda Azərbaycanda yaşayan milli azlıqların və azsaylı xalqların nümayəndələrinin çıxışı ölkəmizdə bütün xalqların necə mehriban bir ailə şəklində yaşamasının sübutu idi. Bu festival eyni zamanda, göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşlarının siyasi və sosial hüquqlarının qorunması ilə yanaşı, mədəniyyətlərinin inkişafı və nümayişinə hər cür dəstək verir. Azərbaycanda yaşayan bütün xalqlar ölkəmizin maraqlarının qorunması və mədəniyyətinin inkişafında bir yumruq kimi birləşir. Azərbaycan Ordusunun Qarabağın işğaldan azad olunması zamanı keçirilən hərbi əməliyyatlarında da bu birliyin təcəssümünü gördük. Azərbaycan vətəndaşları dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, torpaqlarımızın azadlığı uğrunda mübarizədə misilsiz qəhrəmanlıqlar göstərdi, yüzlərlə insan Qarabağın azadlığı uğrunda canını fəda edib şəhidlik mərtəbəsinə ucaldı. Bu müharibə eyni zamanda, Azərbaycan xalqının milli həmrəyliyinin ən yüksək səviyyədə təcəssümü idi.
Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xarıbülbül” festivalı həm də Azərbaycanın multikulturalizm ənənələrinin simvoluna çevrildi. Şuşada keçirilən bu möhtəşəm tədbir bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik ən yüksək səviyyədədir.
Azərbaycan dövləti Şuşada mühüm mədəniyyət tədbirini keçirməklə Qarabağda vaxtı ilə mövcud olmuş ənənələrimizi bərpa etdi. Şuşanın Azərbaycan üçün əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev bildirir: 
“Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. 
Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər.
30 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi.
Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür”.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xalqının Şuşaya qayıdışının digər bir simvolik başlanğıcı Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması oldu. Azərbaycan xalqı bu simvolik hadisə ilə əsrlərdən bəri xalqımızın inanc sistemində mühüm yer tutan dinimizə və mənəvi dəyərlərimizə bağlı olduğunu göstərdi. Prezident İlham Əliyev çıxışında bu hadisənin əhəmiyyətini yüksək qiymətləndirdi: 
“İndi Şuşanın Yuxarı Gövhərağa məscidində, işğaldan azad olunmuş digər ərazilərimizdə azan səsləri ucalır. Artıq məscidlərdə bayram namazı qılınır.
Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də böyük əhəmiyyət kəsb etmişdir. Şuşa Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınıb. Azərbaycanlıların etnik təmizlənməsi həmişə tarixi-dini abidələrimizə qarşı vandalizm aktları ilə müşayiət olunub. İslamın Azərbaycan xalqının milli konsolidasiyasında, milli mədəniyyətinin qorunmasında müstəsna yeri var”.
Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada Prezident İlham Əliyevin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilmiş və həmin məscidin açılışındakı çıxışında demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcək.
Həmin gün gəldi və Azərbaycan xalqı 29 ildən sonra Şuşaya bu şəhərin əsl sahibi olaraq döndü. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu: “Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur.
Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”
Anar Ağayev,
Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin əməkdaşı, 
İkinci dərəcəli dövlət qulluqçusu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO