sonnoqte.az
Xəbər başlıqları
  • 16:02 – İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar 
  • 12:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 09:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 
  • 11:08 – Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu 

Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin

Bu gün, 13:41 4 dəfə baxılıb

Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin


Türkmənistanda Nikol Paşinyanla Vladimir Putinin necə səmimi atmosferdə söhbətləşdiklərini hər kəs gördü. Hətta bu kadrlar Ermənistanda bir çoxlarını şoka saldı: həm Rusiyaya bağlı qüvvələri, həm də Paşinyanın Qərbə bağlı olduğuna özünü inandıran çevrələri...

Rusiyanın Ermənistandakı “5-ci kolon”u çaş-baş düşdü ki, əgər prezident Putin Paşinyanın kürəyinə əlini vurursa, deməli, Kremlin ən yaxın adamı elə baş nazirdir və “dava-dava oyunu” hazırlanmış məsələdir. Rusiya prezidentinə telefon zəngi, ad günü təbrikinin ardınca belə səmimi görüş. Üstəlik, Belarus prezidentinin Paşinyana yarımzarafat “daha əlimizdən qaça bilməzsən”, xəbərdarlığı...Heç nə təsadüfi deyil, Paşinyanın oyunlarının məntiqi nəticəsidir. “İki stulda oturmaq” siyasətinə üstünlük verir, baxmayaraq ki, “bizim bir stulumuz var, o da Ermənistanda” deyir.

Nə olsun ki, Ermənistan KTMT-nin hərbi təlimlərinə qatılmadı, bu koalisiyadan çıxmağa da ürək eləmir. Heç Avrasiya İqtisadi Birliyindən də uzaqlaşmağı ağlına gətirmir, baxmayaraq ki, Moskvadan dəfələrlə “ya Aİ, ya Aİİ” seçimi ilə bağlı qərar verməyə çağırıblar. Paşinyan “nə yardan doyur, nə əldən qoyur” siyasətini yürüdür. Kəsəsi, ölkəsini bazara çıxarıb, kim çox ödəsə, onun yanında qalacaq, amma hələlik...

Rusiya rəhbərliyi ilə səmimi görüşdən sonra Avropa İttifaqından Ermənistana yönəlik bəzi qərarlar verdi. Məlumata görə, Avropa İttifaqı Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi ticarət məhdudiyyətlərindən sonra İrəvana iki il müddətinə güzəştli ticarət rejimi təqdim edib. Yeni qərar Ermənistanın Aİ-yə ixracının təxminən 80 faizini əhatə edir və ölkənin Avropa bazarına çıxışını asanlaşdırmağı hədəfləyir. Avropa Komissiyasının rəsmi məlumatına əsasən, oktyabrın 10-dan qüvvəyə minən tədbirlər geniş çeşiddə Ermənistan məhsullarına idxal rüsumlarının müvəqqəti ləğvini və ya azaldılmasını nəzərdə tutur. Güzəştli rejim iki il davam edəcək. Qərar Rusiyanın Ermənistanın kənd təsərrüfatı və digər ixrac məhsullarına tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq hazırlanıb. Xüsusilə meyvə-tərəvəz, bitkiçilik məhsulları və içkilərin Avropa bazarına çıxışının genişləndirilməsi nəzərdə tutulur. Avropa İttifaqı Şurasının açıqlamasına görə, yeni mexanizm bəzi məhsullar üçün gömrük rüsumlarını aradan qaldırmaqla yanaşı, Aİ istehsalçılarını qorumaq məqsədilə xüsusi şərtlər və müdafiə tədbirləri də müəyyən edir. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə istehsal olunan məhsulların Avropa İttifaqına ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən 70 faiz artıb. Eyni zamanda, Avrasiya İqtisadi İttifaqı ölkələrinə ixracda ciddi azalma qeydə alınıb. Rusiya baş nazirinin müavini Aleksey Overçuk isə iki ölkə arasında ticarət dövriyyəsinin kəskin azaldığını açıqlayıb. Overçuk bildirib ki, 2024-cü ildə təxminən 12 milyard dollar olan Rusiya-Ermənistan ticarət dövriyyəsi 2025-ci ildə 8 milyard dollara düşüb. Onun sözlərinə görə, 2026-cı ildə bu göstərici əvvəlki illə müqayisədə təxminən üçdə iki qədər azalıb.

Avropa İttifaqının yeni qərarı Ermənistanın Rusiya bazarından asılılığını azaltmaq və Avropa ilə iqtisadi əlaqələrini genişləndirmək səylərinə əlavə imkan yaradır.

Qeyd edək ki, güzəştlər Ermənistanın bütün ixracına deyil, Aİ-yə yönələn ixracının təxminən 80 faizinə şamil olunur. Qərar Avropa Parlamentinin və Aİ Şurasının qəbul etdiyi 2026/2269 nömrəli reqlament əsasında qüvvəyə minib və 2028-ci ilin oktyabrına qədər tətbiq ediləcək. Avropa İttifaqı Ermənistan ixracının təxminən 80 faizinə ikiillik güzəştli ticarət rejimi tətbiq edib. Qərar Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətləri fonunda qəbul olunub.

Aİ bununla Paşinyanı Rusiya təsirindən uzaqlaşdıracağını zənn edir. Bu arada Paşinyanın da mövqeyində dəyişiklik müşahidə olunur. Ermənistanın baş naziri “Radio France Internationale”yə müsahibəsində ölkəsinin qarşısına Avropa İttifaqına üzv olmaq məqsədi qoyub-qoymadığı ilə bağlı suala cavabında belə deyib:

“Ermənistanın Avropa İttifaqı ilə uzunmüddətli münasibətlər tarixi var. Hələ 2016-cı ildə Ermənistan və Avropa İttifaqı Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi imzalayıblar. Bu sənəd, mahiyyət etibarilə, sistemlərin yaxınlaşdırılmasını və Avropa standartlarının tətbiqini nəzərdə tutur”.

Paşinyanın sözlərinə görə, 2018-ci ildən sonra Ermənistan Avropa İttifaqı ilə münasibətlərini daha da yaxınlaşdırmağa davam edib. 2025-ci ildə isə Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlanmasını nəzərdə tutan qanun qəbul olunub. Həmin qanun vətəndaş təşəbbüsü əsasında irəli sürülüb. Baş nazir bildirib ki, Ermənistan Respublikasının Avropa İttifaqına üzv olması mümkün variantlardan biridir. Lakin bunun üçün ilk növbədə Avropa İttifaqı genişlənmə siyasəti ilə bağlı qərar verməlidir. Təkcə üzvlüyə can atan ölkənin istəyinin olması kifayət deyil. Bu məsələ ilə bağlı qərar qəbul edən İttifaqın özünün də mövqeyi vacibdir. Paşinyan qeyd edib ki, hazırda Avropa İttifaqında da genişlənmənin davam etdirilib-etdirilməməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Buna görə də Ermənistanın üzvlüyü məsələsinin cavabı həm ölkənin istəyindən, həm də Avropa İttifaqının mövqeyindən asılı olacaq. Hökumət başçısının sözlərinə görə, Ermənistan Respublikasının və erməni xalqının strateji məqsədi alternativlər yaratmaqdır.

“Biz uzun müddət elə bir mühitdə və şəraitdə yaşamışıq ki, Ermənistanın və xalqımızın, o cümlədən xarici münasibətlər sahəsində geniş seçim imkanları olmayıb. Bizim vəzifəmiz bu alternativləri yaratmaqdır. Nəticə etibarilə, istənilən qərar konkret mühitdə və konkret şəraitdə qəbul edilir. Alternativlər yaratmaqda məqsədimiz odur ki, Ermənistan xalqı ölkənin Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalmasına, Avropa İttifaqına üzv olmasına, yoxsa nə Avropa İttifaqının, nə də Avrasiya İqtisadi İttifaqının üzvü olmamasına özü qərar versin”, - deyə Paşinyan bildirib.

Baş nazir vurğulayıb ki, Ermənistan istənilən halda islahatları davam etdirəcək və ölkəni Avropa İttifaqının standartlarına uyğunlaşdıracaq. Onun sözlərinə görə, əgər gələcəkdə Ermənistan Avropa İttifaqına üzv olmaq üçün tam və obyektiv şəkildə hazır olarsa, qərar yenə də iki əsas tərəfdən asılı olacaq: Avropa İttifaqının Ermənistanı qəbul etmək istəyindən və Ermənistan xalqının bu varianta səs verib-verməməsindən. Paşinyan əlavə edib ki, Ermənistan obyektiv olaraq üzvlüyə hazır olsa belə, Avropa İttifaqına qəbul edilməsə, ölkə yenə də bundan fayda əldə edəcək. Çünki bu halda Avropa İttifaqının standartlarına tam uyğun gələn dövlət formalaşmış olacaq.

Ölkəsi bərbad halda, rəqibləri ya ev dustaqlığında, ya da məhbəsdə, seçkilərdən güc-bəla ilə “sağ çıxdı”, deyir Avropa İttifaqına üzv olacaq. Hansı üstünlüklərinə görə? Bəlkə Avropa Parlamentinin vaxtaşırı qəbul etdiyi anti-Azərbaycan qətnamələrindən şirniklənir...Ümumiyyətlə, Aİ-də Ermənistan kimi mənasız ölkəni neçə ölkə gözləyir, hələ sərhədləri bəlli olmayan bu ölkənin Aİ-də olması bu quruma çoxmu vacibdir?

Yeri gəlmişkən, Ermənistan Paşinyanın dediyi kimi, “kadastr sənədi olmayan” subyektdir, sərhədlərinin cəmi 12,7 km-ni Azərbaycanla razılaşdırıb, hələ 1000 km qalır. Aİ-yə üzvlük üçün həm də sərhəd bütövlüyünə nail olmaq lazımdır. Yəni Paşinyanın bu məsələdə də işi Azərbaycandan keçir, əvvəlcə Bakıdan icazə, xeyir-dua almalıdır...İki qonşusu ilə problemləri bitməyən ölkəni Aİ-yə üzv etmək bu təşkilata nə qazandıracaq, bu barədə düşünsün! Və Paşinyan çox da sevinməsin...

Beləliklə, Ermənistan rəhbərliyinin bazarlığı davam edir. İndi görək Kreml Paşinyanı şirnikləndirəcək hansı təkliflə çıxış edəcək?.. Müttəfiqlik münasibətlərində sadiqlik prinsipi bu ölkəyə yaddır, hansı hakimiyyət olur-olsun. Bütün hay-küylərin arxasında pul-para dayanır...

Elşad PAŞASOY






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO