İrəvanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı hadisə Ermənistanda təhlükəsizlik strukturlarından parlamentə qədər ciddi müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, Ermənistan rəsmiləri sərhəd mühafizəsində problemlərin olduğunu etiraf edir, Musayevin Azərbaycana qaytarılması isə artıq mümkün mübadilə kontekstində müzakirəyə çıxarılır.
Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini David Sanamyanı vəzifəsindən azad edib. Qərar oktyabrın 5-də imzalanıb. Sanamyan bu vəzifəyə 29 avqust 2025-ci ildə təyin edilmişdi. Rəsmi qərarda onun işdən çıxarılmasının səbəbi göstərilməyib.
Ermənistan mediası istefanın Nəsimi Musayevin Zəngəzurun Şaki kəndində saxlanılması hadisəsindən bir neçə gün sonra baş verməsinə xüsusi diqqət çəkir. Sanamyanın daha əvvəl Ermənistan-Azərbaycan sərhədində delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə işçi qrupun fəaliyyətini koordinasiya etdiyi də bildirilir.
Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının keçmiş rəhbəri Andranik Köçəryan isə açıq şəkildə Ermənistanın sərhəd zastavalarında problem olduğunu etiraf edib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində nəzarətdən kənarda qalan hissələr ola bilər və aidiyyəti strukturlar bununla bağlı həll yolları tapmalıdır. Köçəryan təhlükəsizlik orqanlarının ərazini tam yoxlamalı olduğunu və Musayevin tək olub-olmadığının müəyyənləşdirilməsinin vacibliyini bildirib.
Deputat Nəsimi Musayevin Azərbaycana qaytarılması məsələsinə də toxunub. Köçəryanın mövqeyinə görə, qaytarılma baş verərsə, bu, qarşılıqsız olmamalıdır.
O, 1990-cı illərdə Mehri komendantı olduğu dövrdə saxlanılan Azərbaycan hərbçilərinin mübadilə çərçivəsində qaytarıldığını xatırladıb və hazırkı vəziyyətdə də oxşar mexanizmin mümkünlüyünə işarə edib. Köçəryan “təhvil vermək elə-belə olmur, nəyinsə qarşılığında olur” deyib.
Məsələ ilə bağlı Ermənistan parlamentinin vitse-spikeri, hüquqşünas Aram Vardevanyan daha sərt mövqe səsləndirib. O iddia edib ki, Musayevin hərəkətləri Ermənistan istintaqı tərəfindən bir qrup şəxsə qarşı həyatına qəsd kimi qiymətləndirilə və hətta ömürlük həbs məsələsi gündəmə gələ bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.