sonnoqte.az
Xəbər başlıqları
  • 09:33 – Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB 
  • 12:29 – Prezident Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb 
  • 11:59 – İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru ilə görüşüb 
  • 11:21 – İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edir - YENİLƏNİB 

Vaşinqton yenə Bakını dilə tutur - NƏ ETMƏLİ?

12-07-2024, 09:17 29 dəfə baxılıb



Elçin Alıoğlu - TREND


Dünən Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilib.

"Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bir yerdə olmaqdan çox məmnunam", - bu sözləri ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşdə deyib. O bildirib ki, Azərbaycan və Ermənistan danışıqlar, o cümlədən, dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ ilə əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüblər.

“ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən, son həftələrdə aparılan müzakirələrə əsasən, düşünürəm ki, tərəflər ABŞ-nin da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-nin razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq”, - deyə A.Blinken qeyd edib.

Rəsmi məlumata görə, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

NATO-nun yaranmasının 75 illiyinə həsr olunan və Vaşinqtonda keçirilən yubiley sammitində əsas müzakirə məsələləri Ukraynadakı vəziyyət və Asiya-Sakit Okean bölgəsi ölkələri ilə əlaqələr olub.

Sammitin bu gün imzalanacaq yekun bəyannaməsində də Ukrayna üçün "NATO-ya körpü yaradılmasından və Ukraynanın NATO-ya gedən yolunun dönməz olmasından" bəhs edilir, həmçinin, Asiya-Sakit Okean bölgəsi bölgəsi ölkələri ilə əməkdaşlığın aktivləşdirilməsinin vacibliyi vurğulanır.

Şimali Atlantika Alyansının sammitində Cənubi Qafqazdakı vəziyyət, xüsusilə də Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması, göründüyü kimi, əsas məsələlər arasında yer almayıb.

Ermənistan XİN-nin rəsmi nümayəndələri iki gün əvvələdək bəyanatlarında Ceyhun Bayramov və Ararat Mirzoyan arasında NATO sammiti çərçivəsində görüş olacağı barədə heç nə demirdilər. Azərbaycan XİN isə müzakirələrlə bağlı son məqamda açıqlama verdi.

ABŞ dövlət katibi Antoni Blinken bu görüşdə vasitəçi, daha doğrusu, moderator funksiyalarını yerinə yetirdiyini nümayiş etdirməyə çalışıb.

Beləliklə, Birləşmiş Ştatlar israrlı mövqeyində qaldığını bir daha təkrarlayıb və tərəflərin nəzərinə çatdırıb.

Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, nəqliyyat kommunikasiyalarının bərpası və yeni loqistik marşrutların açılması, normal diplomatik əlaqələrin qurulması kimi problemlərin həlli hazırda Bakı ilə İrəvan arasında birbaşa danışıqlarda müzakirə edilir.

Hər iki tərəf bəyan edir ki, sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı işlərin 90 faizi başa çatıb.

10 faiz Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddialarının yer alması ilə bağlıdır. Bunun üçün Ermənistanın ali qanununa zəruri dəyişikliklər edilməlidir. Əks halda sülh sazişi çərçivə anlaşması səviyyəsində qalacaq, Ermənistanda revanşist qüvvələrin aktivləşməyəcəyinə və Azərbaycana qarşı yeni işğalçı müharibə tələblərinin səslənməyəcəyinə, sülh sazişinin Ermənistan parlamentində ratifikasiya ediləcəyinə kimsə təminat verə bilməz.

Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiyada ölkəmizə qarşı ərazi iddialarının aradan götürülməsi ilə bağlı gərəkən qərarlar verməzsə, sülh sazişi 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın taleyini təkrarlayacaq. Xatırladaq ki, Ermənistan həmin bəyanatın 14 bəndinin heç birinə (!) əməl etməyib.

Bakı və İrəvan arasında ikitərəfli danışıqlarsa daha effektiv trek olduğundan hansısa formada vasitəçilik və ya moderatorluq funksionallığını yerinə yetirmək istəyən dövlətlər, təşkilatlar və ya siyasətçilər hələlik ciddi nəticəyə qadir olduqlarını göstərə bilməyiblər.

Azərbaycanla Ermənistan arasında danışıqların ikitərəfli formatı təsbitləşərək reallaşandan sonra C.Bayramovla A.Mirzoyanın Berlində və Astanada görüşləri olmuşdu. Almaniyanın və Qazaxıstanın XİN-ləri tərəfləri danışıqlar otağıa dəvət etmiş, görüşü açmış və müdaxilə, yaxud da müşayiət etməmişdilər.

İndisə Vaşinqton bu sxemi dəyişərək, danışıqları üçtərəfli format vəziyyətinə gətirməyə, özünü də vasitəçi rolunda təsdiqləməyə çalışır.

Antoni Blinken "tərəflər sülh müqaviləsinin imzalanmasına yaxındır" bəyanatını səsləndirməklə Birləşmiş Ştatların prosesdə aktiv iştirak etməsi ilə yanaşı, NATO sammitində görüşü təşkil edən və bununla da "vasitəçilik missiyasını bərpa edən" tərəf statusuna iddia edir.

Halbuki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinin tezləşdirilməsi və başa çatması ilə bağlı ABŞ-nin heç bir real təklifi hələ səsləndirilməyib.

Birləşmiş Ştatlar "obyektiv və qərəzsiz vasitəçilik" etmək niyyətində olduğunu vurğulayır. Fəqət Vaşinqtonun sözləri ilə əməlləri həmişə olduğu kimi, kəskin ziddiyyət təşkil edir.

Sülh müqaviləsinin imzalanmasına yönəlmiş ikitərəfli, birbaşa danışıqların gedişat mexanizmini dəyişərək onu üçtərəfli formata çevirmək istəyən ABŞ hazırda Ermənistana siyasi, hərbi, maliyyə, iqtisadi, geosiyasi, hətta kəşfiyyat dəstəyi göstərir.

O ölkəyə ki MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Avrasiya İqtisadi Birliyinin və Avrasiya Gömrük İttifaqının, yəni Rusiyanın tam, total nəzarətindəki strukturların üzvüdür.

Azərbaycana gəldikdə isə, tam əksinə, amerikalı senatorlar və konqresmenlər arasında Bakıya təzyiqlər göstərməyən çalışanların, absurd və siyasi əxlaqdan kənar ittihamlarla çıxış edənlərin, "ermənidən artıq erməni olmağa" can atanların, ölkəmizə qarşı cəza sanksiyalarının və məhdudlaşdırıcı qərarların tətbiq edilməsinə çağıranların sayı artır.

ABŞ Ermənistandan fərqli olaraq, Azərbaycana erməni işğalından azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesini fəallaşdırmaq üçün cüzi maliyyə ayırmasından savayı, heç bir (!) formada yardımlar etmir.

NATO sammiti çərçivəsində Ermənistanla danışıqlar Azərbaycan üçün prioritet, danışıqların Vaşinqton formatı isə ümumiyyətlə, maraqlı məqam deyil. Vaşinqtondakı görüşə Bakının qatılmasının yeganə səbəbi Birləşmiş Ştatların proseslə bağlı mövqeyini birbaşa, yerində öyrənmək idi.

Vaşinqtonda da amerikalı diplomatlar yeni heç nə deyə bilmədilər, heç bir təkliflə çıxış etmədilər və bu, gözləniləndir: çünki Birləşmiş Ştatlar Cənubi Qafqazda adekvat, formalaşmış geosiyasi reallıqların və beynəlxalq hüquqla ədalətin nəzərə alınması şərtilə siyasət yürütmək əvəzinə, Ermənistanı dəstəkləmək, ermənilərdən vasitə qismində yararlanaraq Rusiyanın bölgədəki təsir imkanlarını azaltmaq və sonra da ümumiyyətlə, Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq strategiyasını reallaşdırır.

Məhz bu səbəbdən Azərbaycan mövqeyinə hansısa dəyişikliklər etmək, ABŞ-nin "maraqlarını nəzərə alaraq" hazırda çərçivə sazişi səviyyəsində olmaqdan savayı perspektivsiz sülh sazişini imzalamaq fikrində deyil.

NATO sammitində Azərbaycanla Ermənistan arasında görüşü təşkil etməklə yanaşı, ABŞ-nin dgər məqsədi də vardı.

O, Azərbaycanla Çin arasında imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi ilə bağlı Bakının mövqeyini, daha doğrusu, nə edəcəyini öyrənmək idi.

Onu da nəzərə almalıyıq ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ləğv edilməsi ilə bağlı Bakının tələblərinin yerinə yetirilməsi üçün Vaşinqton İrəvana heç bir formada təzyiq etmir və belə niyyəti də yoxdur. Tam əksinə, bəhs olunan konstitusion dəyişikliklərin edilməsinə Vaşinqton maraqlı deyil.

Səbəblər bəsitdir.

ABŞ Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında gərginliyi saxlamaqla “münaqişə menecmenti” prinsipi ilə Bakı və İrəvana daimi təsir mexanizmlərinə yiyələnmək istəyir.

Gürcüstanın da Qərbin aşkar müdaxilələrindən və qeyri-adekvat göstərişlərlə tələblərindən qurtulmaq yolunu seçməsindən sonra Birləşmiş Ştatların bölgəmizdə əsas istinad vasitəsi qismində erməniləri seçərək Ermənistanı dəstəkləməsi təəccüblü deyil.

Bundan başqa, ABŞ-nin müasir tarixində ən dramatik səsvermə prosesi olacaq prezident seçkiləri ərəfəsində hazırda Vaşinqtonda hakimiyyətdə olan demokratlar ölkədəki erməni icmasının dəstəyini, yəni yüz minlərlə səsi itirmək istəmirlər.

Vaşinqton tələsir, Ermənistan Konstitusiyasına zəruri dəyişikliklər edilmədən sülh müqaviləsinin imzalanması üçün Bakını tələsdirməyə, ölkəmizə təzyiq göstərməyə çalışır.

ABŞ-dəki ermənilərə “biz sizi düşünürük” mesajını vermək fikrində olan Co Bayden administrasiyası eyni zamanda, sülh müqaviləsinin mətnində qarabağlı ermənilərin geriyə dönüşlərinin təminatı ilə bağlı bəndin daxil edilməsi üçün Bakıya təsir cəhdləri edir.

Bakının mövqeyi bəllidir.

Ermənistan Konstitusiyasına dəyişikliklər edilməli, ölkəmizə qarşı ərazi iddialarıın yer aldığı bənd ləğv edilməlidir. Qarabağlı ermənilərin qayıdış məsələsinə gəldikdə, Ermənistandan qovulmuş 250 mindən artıq azərbaycanlının Qərbi Zəngəzura qayıdışı ilə paralel olmalıdır.

Bakıya təsir və ya təzyiq cəhdləri isə uğursuz, mənasız və perspektivsizdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO