sonnoqte.az
Xəbər başlıqları
  • 09:26 – İlham Əliyev Xameneyiyə başsağlığı verdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 

Türkiyə yenidən Güney Qafqaza QAYIDIR?.. - Görünəni odur ki...

7-09-2023, 15:30 44 dəfə baxılıb



Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kremlin humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə daşınmasının tərəfdarı olduğunu bildirdi. Rusiyadan əvvəl ABŞ və Avropa Birliyindən də bu yöndə müəyyən müsbət mesajlar olmuşdu. Necə düşünürsünüz, məsələ artıq çözüm yoluna giribmi? Ermənilər seçimsizlik durumunda nə edəcəklər?

- Əlbəttə, Rusiya tərəfindən bu fikrin səsləndirilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Rusiya nümayəndəsi bundan əvvəl BMT Təhlükəsizlik Şurasının iclasında da bu məsələyə toxunmuşdu. Rusiyanın bununla bağlı mövqeyi Mariya Zaxarovanın son iki açıqlamasında da özünü göstərib. Bu durum ermənilər üçün xoş olmasa da, hələlik müqavimət göstərməyə çalışırlar. Ermənistan və ermənilər Fransa və bəzi digər Avropa dövlətlərinin təşviqi ilə buna qarşı çıxırlar. Məsələni daha çox Qarabağda yaşayan ermənilərlə əlaqələndirməyə çalışırlar, oradakı xunta rejimi və faşist-separatçı zehniyyət daşıyıcıları buna heç vaxt imkan verməyəcəklərini söyləyirlər. Əlbəttə, belə açıqlamalar vəziyyəti gərginləşdirsə də, böyük önəm kəsb etmir.

Azərbaycan özünün birmənalı mövqeyini ortaya qoyub, öz ərazisində nəzarətsiz boz zonanın olmayacağını bildirib. Bu mövqe də ondan ibarətdir ki, ərazimizdəki qanunsuz silahlı birləşmələr tərksilah edilməli, xunta rejimi ləğv edilməlidir. Hesab edirəm ki, bu istiqamətdə ardıcıl addımlar atılacaq.

Moskvanın bəyanatına gəlincə, bölgədə hərbi kontingentinin və oradakı xunta rejiminə təsir imkanlarının olduğunu nəzərə alsaq, bu prosesə üncüllük edə bilər. Məsələn, Rusiya hərbi kontingentinin təminat-təchizatını Ağdam-Xankəndi yolu ilə təmin etməklə, bir nümunə göstərə bilər. Bu olsa, o zaman deyə bilərik ki, Rusiya prosesə konstruktiv yanaşır, bölgənin reinteqrasiya prosesində maraqlıdır və gərginliyin azaldılmasını istəyir. Hələlik bu, bəyanat formasındadır və bunu müsbət dəyərləndiririk. Bu bəyanatlar əməli addımlarla müşayiət olunsa, daha yaxşı olar və müəyyən müsbət nəticələrə gətirib çıxarar.

Ağdam-Xankəndi yolunun açılmasına qarşı olan müqavimətə gəlincə, bunun da bir müddəti var. Azərbaycan müəyyən müddətdən sonra oradakı terrorçu xuntanın nazı ilə çox da oynamayacaq, reinteqrasiya prosesi başlayacaq.

- Moskva İrəvandan Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutunu ratifikasiya üçün parlamentə göndərməsinin izahatını tələb edir. Zaxarova dedi ki Rusiyanın bu kontekstdə cavabı bu yöndə veriləcək qərara bağlı olacaq. Söhbət nə kimi addımlardan gedə bilər?

- Düşünürəm ki, məsələ parlamentin müzakirəsinə çıxarılsa, qərar qəbul olunacaq. Zatən, müəyyən bir prosedur həyata keçirilib, məsələ gəlib parlamentdə təsdiq səviyyəsinə çıxıb. Düşünmürəm ki, Paşinyan hökuməti bunu geri çəkəcək, sadəcə bunun səsverməyə təqdim edilməsinin müddəti uzadıla bilər. Amma səsverməyə çıxarılsa, təsdiqlənəcəyinə şübhə etmirəm.

Rusiyanın bundan narahatlığı anlaşılandır. Çünki statut təsdiqlənərsə, Ermənistan rəhbərliyi bununla beynəlxalq axtarışda olan istənilən şəxsi öz ərazisində həbs etmək öhdəliyini üzərinə götürür. Nəzərə almaq lazımdır ki, Beynəlxalq Cinayətlər Məhkəməsi Rusiya prezidenti ilə bağlı qərar qəbul edib, o zaman bu halda ölkəyə səfər edəcəyi təqdirdə Ermənistan rəhbərliyi onu həbs etməyə borcludur. Bu kimi amillər iki ölkə arasındakı münasibətləri gərginləşdirib və bu, artıq açıq müstəviyə keçib. Dmitri Peskov diplomatik dildə cavab versə də, Mariya Zaxarova Paşinyanı hədəfə alaraq, sərt danışdı. Bu da ikitərəfli münasibətlərin hansı yerdə olduğunu göstərir.

Rusiyanın Ermənistana təsir və təzyiq mexanizmləri yetəri qədərdir. Doğrudur, bunlar hələlik Paşinyanı devirmək səviyyəsində olmasa da, Ermənistanı daxildən qarışdırmağa və onu çətin duruma salmağa bəs edir. Bu da ən müxtəlif yönlərdə ola bilər. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin Rusiya ilə xüsusi bağları var. Rusiyada yaşayan ermənilərin göndərdikləri pullar Ermənistan iqtisadiyyatında və əhalinin güzəranında önəmli rol oynayır. Bundan başqa, Ermənistanın sanksiyalardan yayınaraq, Qərb ölkələrindən alıb Rusiyaya satdığı yüksək texnoloji məhsullar da kifayət qədər gəlir gətirir. Yəni Rusiyanın Ermənistana təsir imkanları genişdir və qalır, lazım gəldikdə bunlardan istifadə edilə bilər. O cümlədən təhlükəsizlik sferasında...

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıtdıqdan sonra bildirdi ki, Ermənistanın davam edən təxribatları ölkəsinin cənub əraziləri üçün də təhdid yaradır. Türkiyə liderinin bu mesajını necə şərh edə bilərik?

- Prezident Ərdoğan bölgədə əsas, həlledici rola sahib dövlətin başçısıdır. Onun dünyadakı nüfuzu da deməyə əsas verir ki, o, dediyi sözləri boşuna dilə gətirmir. Ermənistanın son ay yarımdakı atdığı destruktiv addımları, bölgədə sülh və sabitliyə təhdid yaradan hərəkətləri, Fransa və digər havadarlarının dəstəyi ilə Azərbaycana qarşı başladığı beynəlxalq kampaniya, ölkəmiz əleyhinə beynəlxalq təzyiq mexanizminin qurulmasına nail olmaq cəhdləri, müxtəlif dövlətlər vasitəsilə hərbi gücünü artırması və regionda yeni savaş səyləri diqqətdən qaçmır. Üstəgəl, sərhəd və Qarabağ iqtisadi rayonunda təxribatların intensivliyi artır. Bir neçə gün əvvəl Kəlbəcər istiqamətində törədilən təxribat göstərdi ki, Ermənistanın davranışları bölgədə sülh və sabiliyə təhdid yaradır.

Ukrayna müharibəsinin dünyada yaratdığı gərginliyə bir də Cənubi Qafqazdakı gərginlik əlavə olunduqda, bu, ağır duruma gətirib çıxara bilər. Bu baxımdan, Türkiyə prezidenti Ermənistanla bağlı belə bir fikir səsləndirdi. Faktiki olaraq, Ermənistana bir xəbərdarlıq edildi ki, öz fəaliyyəti və davranışına çəki-düzən versin, bölgədə sülh prosesinə təhdid yaratmasın. Ermənistan Fransanın təlimatları, İran, Hindistan və müəyyən mənada Yunanıstanın hərbi dəstəyi ilə Cənubi Qafqazda ikinci cəbhənin açılması istiqamətində fəaliyyət göstərir. Bu da Türkiyə, Rusiya və digər regional dövlətlərin marağında deyil. Çünki Rusiyanın başı Ukraynada ciddi şəkildə qarışıb. Bu baxımdan, Türkiyə prezidentinin açıqlaması Ermənistana xəbərdarlıq kimi qəbul edilə bilər.

Sərhəd və Qarabağdakı təxribatlar, Azərbaycana qarşı aparılana aqressiv təbliğat və Paşinyanın separatçılara təbrik məktubu göstərdi ki, Ermənistan rəhbərliyi danışıqlar prosesindən çəkilib. Dialoq prosesi faktiki olaraq dalana dirənib. Bu da bölgədə kifayət qədər gərgin vəziyyət yaradır. Türkiyə prezidentinin xəbərdarlıq xarakterli mesajına da bu kontekstdə baxmaq olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO